ƏFSƏr sadiqov


Dünya Ticarət Təşkilatının təsis edilməsi



Yüklə 1,88 Mb.
səhifə13/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

6.4. Dünya Ticarət Təşkilatının təsis edilməsi
160. Dünya Ticarət Təşkilatı (World Trade Organisation) GATT-in (1947) həm maddi hüquqi, həm də institusional mexanizmi əsasında yaradılmış, dünyada baş verən qloballaşma, iqtisadiyyatların bir-birinə inteqrasiyası proseslərinin önündə gedən, yarandığı vaxtdan etibarən əhatə dairəsini ticarətin geniş bir sferası ilə, o cümlədən, ticarətlə yanaşı iqtisadiyyatın xidmət, əqli mülkiyyət, investisiya və digər sahələri hesabına genişləndirən beynəlxalq müqavilə əsaslı təşkilatdır. Dünyanın ümumi ticarət dövriyyəsinin 95%-nı əhatə edən və 150 dövlətin üzv olduğu bu təşkilat həmin dövlətlər üçün ümumi iqtisadi əməkdaşlıq prinsiplərinin qurulması, yeni ticarət qaydalarının formalaşdırılması və mübahisələrin həlli mexanizmi üçün çoxtərəfli ticarət danışıqları formudur. Hazırda dövlətlərin əksəriyyəti öz fəaliyyətlərini Dünya Ticarət Təşkilatının qayda-qanunlarına uyğunlaşdırırlar. Qəbul edilən öhdəliyə görə, Dünya Ticarət Təşkilatının hər bir üzvü öz daxili hüquq qaydasını müvafiq çoxtərəfli ticarət öhdəliklərinə uyğun olaraq nizama salmalıdır (m. XVI, b.4). GATT-1947 ilə müqayisədə Dünya Ticarət Təşkilatı onun bir çox problemlərini və nöqsanlarını istisna edir.

161. Dünya Ticarət Təşkilatının əsas xüsusiyyəti onun beynəlxalq müqavilə əsasında yaradılmışdır. 1994-cü il Uruqvay raundunun Yekun Aktında təsbit edilən və 16 maddədən ibarət olan Mərakeş sazişi onun hüquqi əsasını təşkil edir. Dünya Ticarət Təşkilatının təsis müqaviləsinə özündə müxtəlif saziş və əlavələri əks etdirən Əmtəələrlə ticarət üzrə çoxtərəfli Saziş (Əlavə 1A); Xidmətlərlə ticarət üzrə Bazş Saziş (Əlavə 1B); Əqli mülkiyyət hüququnun ticarət aspetləri üzrə Saziş (Əlavə 1C); Mübahisələrin həlli proseduru və qaydaları haqqında Saziş (Əlavə 2); Ticarət siyasətinin icmalı mexanizmi (Əlavə 3); Məhdud saylı iştirakçılarla çoxtərəfli ticarət sazişləri (Əlavə 4) və d. bəyanat və razılaşmalar daxildir. Bütövlükdə təşkilatın hüquqi bazasını 1995-ci ilin yanvarın 1-dən qüvvəyə minən 50-yə yaxın sənəddən ibarət Uruqvay raundunun sazişlər paketi təşkil edir.

162. Dünya Ticarət Təşkilatının istər fəaliyyətinin səmərəliliyi, istərsə də sturuktur baxımından GATT-1947-dən fərqləndirən bir sıra əhəmiyyətli xüsusiyyətləri mövcuddur. Əgər GATT çoxtərəfli fəaliyyətin nəticəsində de facto təşkilat statusu əldə etmişdirsə, başqa sözlə kvazibeynəlxalq təşkilat kimi fəaliyyət göstərirdisə, Dünya Ticarət Təşkilatı beynəlxalq hüquqi şəxs statusuna malikdir (m.VIII).

Əgər GATT ilkin dövrlərdə yalnız beynəlxalq saziş kimi diqqəti cəlb edirdisə və demək olar ki, heç bir struktura malik deyildisə, bunun əksinə olaraq Dünya Ticarət Təşkilatı təsis edildiyi andan beynəlxalq iqtisadi təşkilat kimi meydana gəlmişdir.

GATT-1947 yalnız beynəlxalq əmtəə ticarətində tətbiq olunurdusa, Dünya Ticarət Təşkilatı daha geniş sahəni – “görünməyən” xidmətlərlə ticarəti, investisiya, əqli mülkiyyətin ticarət aspektləri, valyuta-maliyyə münasibətləri ilə bağlı məsələləri əhatə edir.

Keçmiş GATT təcrübəsindən fərqli olaraq Mərakeş konfransında iştirakçı dövlətlər üçün vahid öhdəliklər (single undertaking) müəyyən edilir və bu öhdəliklərə qeyd-şərt etmək yolverilməzdir. Əvvəlki “sərbəst hərəkətin” yaranmasına səbəb olmuş pick and choose siyasəti istisna edilir və iştirakçı dövlətlər Dünya Ticarət Təşkilatının paketinə daxil olan hər bir çoxtərəfli ticarət müqaviləsinə əməl etmək öhdəliyini qəbul etmişdir. Başqa sözlə Dünya Ticarət Təşkilatının təsis edilməsilə çoxtərəfli ticarətin beynəlxalq hüquqi rejimi formalaşdırılmış, Dünya Ticarət Təşkilatının özü isə bu ticarətin tənzimlənməsini həyata keçirmək səlahiyyəti əldə etmişdir.

“Sərbəst seçim” adlandırılan əlavə imtiyazın istisnası Dünya Ticarət Təşkilatının bütün yeni üzvlərinə də şamil edilən “öhdəliklərin yerinə yetirilməsi haqqında vəzifə”ni meydana gətirmişdir. Faktiki olaraq tədricən ticarətin liberallaşması kimi ümumi öhdəlik qəbul edilir (m.XIV, b.2).

Dünya Ticarət Təşkilatına daxil olmanın hansı üstünlüyə gətirib çıxaracağını müəyyən etmək üçün birinci növbədə Dünya Ticarət Təşkilatının fuksiyasını, hüquqi təbiətini, müqavilələr sisteminin xaraqterini bilmək lazımdır. Təsisi sənədlərinə uyğun olaraq Dünya Ticarət Təşkilatı beynəlxalq ticarət üçün ümumi institutusional təsisat olaraq, çoxtərəfli ticarət danışıqları üçün vahid forumdur. Dünya Ticarət Təşkilatı mümkün iqtisadi böhranların qarşısını almaq üçün qabqlayıcı tədbirləri təmin edən universal beynəlxalq ticarət təşkilatıdır.

Dünya Ticarət Təşkilatının hüquqi təbiəti, xaraqteri ilə bağlı növbəti fikirləri qeyd etmək olar:

- Dünya Ticarət Təşkilatı müəyyən idarəetmə sturukturuna, aparatına malik olan, formal hüquqi beynəlxalq təşkilatdır;

- beynəlxalq hüquqa müvafiq olaraq bütün immunitet və imtiyazlara malikdir;

- beynəlxalq ticarət münasibətlərinin tənzimlənməsini və ona nəzarəti təmin edən effektiv universal beynəlxalq hüquqi mexanizmdir;

- Dünya Ticarət Təşkilatı formal olaraq BMT-nin ixtisaslaşdırılmış orqanları sisteminə aid deyil və müvafiq qurumlarla qarşılıqlı münasibətlərini beynəlxalq sazişlərlə həyata keçirir;

- Dünya Ticarət Təşkilatı dövlətüstü xüsusiyyətə və birbaşa beynəlxalq hüquq yaratma keyfiyyətinə, funksiyasına malik olmasa da, onun sisteminə daxil edilən hüquqi sənədlərin məcmusu Dünya Ticarət Təşkilatının hüququnu formalaşdırıb.


6.5. Dünya Ticarət Təşkilatının funksiyaları və məqsədi
163. Dünya Ticarət Təşkilatının qeyd edilən xaraqterik xüsusiyyətləri onu təsis edən beynəlxalq müqavilə ilə nəzərdə tutulan funksiyalarından meydana gəlir. Dünya Ticarət Təşkilatı növbəti

- beynəlxalq ticarətin liberallaşdırılmasının beynəlxalq hüquqi tənzimlənməsinin (m. III, b.2);

- beynəlxalq ticarət münasibətləri sahəsində dövlətlərarası münasibətlərin həllini;

- müstəsna hallarda təşkilat üzvünün Dünya Ticarət Təşkilatı çərçivəsində üzərinə qoyulmuş öhdəliklərdən azad edilməsini (waivers) (m.IX, 3 və 4);

- Dünya Ticarət Təşkilatı sistemində beynəlxalq sazişlərin şərh edilməsi (m. IX, b.2 və 3);

- ticarət siyasətinin icmalı mexanizmi vasitəsilə Təşkilatın sistemində beynəlxalq ticarət danışıqlarının realizəsinə nəzarəti təmin etmək funksiyalarına malikdir.



164. Dünya Ticarət Təşkilatının sistemində çoxtərəfli ticarət danışıqları “dövlətin məqbul ticarət davranışı məcəlləsi” formasını yaradır. Təşkilatın üzv-dövlətlərin ticarət davranışına birbaşa təsiri bir qayda olaraq digər üzv-dövlətlər vasitəsilə təmin edilir. Mübahisələrin həlli (m.III, b.3) və ticarət siyasətinin icmalı mexanizmləri (m.III, b.4) Təşkilatın əsas funksiyaları kimi diqqəti cəlb edir.

165. Ticarət siyasətinin icmalı mexanizmi Dünya Ticarət Təşkilatının müqavilələr sistemi üzrə dövlətlərin öhdəliklərinin icrasına nəzarət sistemini formaıaşdırır. Eyni zamanda Dünya Ticarət Təşkilatı üzvlərinə ticarət siyasəti rejiminin zəruri şəffaflığının təmin edilməsinə imkan verir. Hər il bir neçə ölkənin ticarət siyasəti hərtərəfli analizə məruz qalır. Dövlətlərin ticarət siyasətinin analizi Dünya Ticarət Təşkilatının Baş Şurası tərəfindən (m. III, b.4) həmin dövlətlərin beynəlxalq ticarətdə iştirak səviyyəsindən asılı olaraq həyata keçirilir. İnkişaf etmiş dövlətlər üçün müvafiq müddət 2-4 il, digər dövlətlər üçün 10 il və daha çox müddətdə müəyyən edilir.

Ticarət siaysəti tədqiq edilməli olan ölkələr özlərinin ticarət siyasəti rejimi haqqında ətraflı məruzə hazırlamalıdırlar. Paralel olaraq Dünya Ticarət Təşkilatı Katibliyi bu mövzu ilə bağlı özünün məruzəsini hazırlayır. Təşkilatın Baş Şurası hər iki məruzəni müzakirə edir. Müzakirənin protokolu və məruzələrdən yaranan nəticələr dərc edilir. Gələcəkdə bu mexanizmin təkminləşdirilməsi nəzərdə tutulur.



166. Dünya Ticarət Təşkilatının əsas vəzifəsi qeyd etdiyimiz kimi çoxtərəfli ticarət danışıqlarının Uruqvay raundu (1986-1994) nəticəsində formalaşan sazişlər paketinin əsasında üzv ölkələrin beynəlxalq ticarətdə iqtisadi münasibətlərini tənzimləməkdən ibarətdir.

Dünya Ticarət Təşkilatını təsis edən Saziş üzv ölkələr arasında yaranan və onların çoxtərəfli ticarət əlaqələrinə təsir edən problemlərin həlli üçün bir forum və uruqvay raundu Sazişlərinin həyata keçirilməsinə daim nəzarət edən bir sistem kimi fəaliyyət göstərir. Dünya Ticarət Təşkilatı GATT-ın davamçısı olsa da, lakin onun nəzarət etdiyi ticarət sazişlərinin dairəsi olduqca genişdir və eyni zamanda bir sıra qərarların qəbul edilməsi mexanizminin təkminləşdirilməsi nəticəsində səlahiyyətləri əhəmiyyətli dərəcədə genişdir.

Dünya Ticarət Təşkilatı müəyyən istisnalarla dünya ticarətinin bütün sisteminin təşkilati-hüquqi əsasını müəyyən edir. Yeganə beynəlxalq təşkilatdır ki, dövlətlər üçün olduğu kimi, korporasiyalar üçün də beynəlxalq ticarətin idarə və tənzim edilməsi sahəsində qaydalar yaradır və onun icrasına nəzarəti təmin edir.

Dünya Ticarət Təşkilatı öz fuknsiyalarının həyata keçirilməsi üçün qlobal iqtisadi siyasətin yaradılması və realizəsində iştirak edən bütün digər beynəlxalq qurumlarla daha sıx əməkdaşlıq edir. Müvafiq əməkdaşlıq BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı və d. ilə həyata keçirilir.

Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatı arasında bağlanan və Dünya Ticarət Təşkilatı Baş Şurası tərəfindən 13 may 1996-cı ildə təsdiq edilən müqavilə bu iki institut arasında əməkdaşlıq üçün geniş imkanlar açır. Müəyyən edilib ki, Beynəlxalq Valyuta Fondu maraqlı dövlətlərin istəyi əsasında Dünya Ticarət Təşkilatına üzv olmaq istəyən Fond üzvləri barədə ümumi məlumat təqdim etməlidir.

167. Uruqvay raundunda bilavasitə valyuta-maliyyə münasibətləri üzrə beynəlxalq saziş qəbul edilməsi də Dünya Ticarət Təşkilatının üzvü olan istənilən dövlət təşkilatla bağladığı və Beynəlxalq Valyuta Fondunun prinsiplərinə əsaslanan valyuta sazişinə görə dövlətin valyuta tədbirləri GATT-ı pozmamalı, ticarət fəaliyyəti isə Beynəlxalq Valyuta Fondunun təsis olunması haqqında Sazişə zidd olmamalıdır (258). Problemin əhəmiyyətini nəzərə alaraq Dünya Ticarət Təşkilatının 1997-ci il Cenevrə Konvensiyasında Maliyyə xidmətləri bazarının liberallaşdırılması haqqında çoxtərəfli Saziş qəbul edilib. Həmin Saziş üzv-dövlətlərin 1999-cu ildən başlayaraq tədricən maliyyə bazarında (qiymətli kağızlar, bank və sığorta ğqdlğri üzrə) əməliyyatları liberallaşdırmağı nəzərdə tutur.

Dünya Ticarət Təşkilatı çoxtərəfli danışıqlar sistemi olsa da öz üzvləri arasında ikitərəfli danışıqları təşviq edir, ticarət münasibətlərində yeni qaydalar müəyyən etməklə yanaşı, mübahisə və ziddiyyətlərin nizama salınması sahəsində də əhəmiyyətli rol oynayır.

Təşkilat öz üzvlərinin ticarət siyasətinə daimi nəzarəti həyata keçirir və ona üzv olan inkişafda olan ölkələrə texniki yardım göstərir.

Dünya Ticarət Təşkilatının əsas məqsədi – beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılmasıdır. Bunun üçün dünya ticarətində tənzimləyici alət kimi tarif üsulları qəbul edilir. Eyni zamanda idxal rüsumlarının səviyyəsi tədricən aşağı salınmalı, beynəlxalq ticarətdə mövcud olan kəmiyyət və digər məhdudiyyətlər, bir sözlə, inzibati maneələr aradan götürülməlidir (133).

Dünya Ticarət Təşkilatının sazişlərində beynəlxalq ticarətin liberallaşdırılması növbəti məqsədlərə nail olmaq üçün təməl vasitə hesab olunur:


  • həyat şəraitinin yüksəldilməsinin təmin edilməsi;

  • real gəlirlərin yüksəldilməsi və tələbatın səmərəli təminatı;

  • dünyanın bütün resuslarının optimal istifadəsinə nail olmaq;

  • əmtəə və xidmətlərin istehsalı və satışının genişləndirilməsi;

  • tam məşğulluğun təmin edilməsi;

  • Dünya Ticarət Təşkilatının üzvləri arasında müxtəlif iqtisadi inkişaf səviyyətində

olan və yoxsulluq şəraitində yaşayan ölkələrin müdafiəsi və s.
6.6. Dünya Ticarət Təşkilatının strukturu və üzvlük
168. Digər beynəlxalq təşkilatlar kimi Dünya Ticarət Təşkilatı da xüsusi sturuktura malikdir. Təşkilatın sturukturunda ali orqan (üzv dövlətlərin nazirləri səviyyəsində fəaliyyət göstərən və rəsmi adı konfrans, bəzi ədəbiyyatlarda isə “Təşkilatın samiti” kimi istifadə edilən) Nazirlər Konfransıdır.

Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin IV maddəsinin 1-ci bəndinə əsasən Nazirlər Konfransı iki ildə bir dəfədən az olmayaraq şağrılmalıdır. Bir qayda olaraq konfransda üzv dövlətlər ticarət və ya xarici işlər nazirliyi səviyyəsində təmsil olunur.

Nazirlər Konfransı çoxtərəfli ticarət müqavilələri haqqında Uruqvay raundu ilə qəbul edilmiş prinsipial məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi ilə bağlı şağrılır. Bununla yanaşı Nazirlər Konfransı Təşkilatın bütün funksiyalarını istisnasız həyata keçirmək və Təşkilatın fəaliyyəti ilə bağlı, eləcə də çoxtərəfli ticarət müqavilələrindən hər hansı birinin predmetini təşkil edən bütün məsələlərlə əlaqədar istənilən qərarı qəbul etmək səlahiyyətinə malikdir. Nazirlər Konfransının müstəsna səlahiyyətlərinə:

- Baş Şura ilə birlikdə Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin və Təşkilatın sisteminə daxil olan istənilən çoxtərəfli ticarət müqaviləsinin şərh edilməsilə bağlı qərarın qəbul edilməsi (m.IX, b.2);

- Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişiə və Dünya Ticarət Təşkilatı sisteminə daxil olan istənilən çoxtərəfli ticarət müqaviləsi üzrə öhdəliklərdən üzv dövlətlərin azad edilməsi haqqında qərarın qəbulu (m.IX, b.3);

- ən azı ildə bir dəfə müvafiq öhdəliklərdən azad etmək haqqında qərara baxmaq və zərurət olduqda onun ləğvi (m.IX, b.4);

- Dünya Ticarət Təşkilatına yeni üzvlərin qəbulu haqqında müqavilənin təsdiqlənməsilə bağlı qərarın qəbul edilməsi (m.XII, b.2);

- Katibliyin Baş direktorunun təyin edilməsi, onun hüquq və vəzifələrini müəyyən edən qaydaların qəbulu (m.VI, b.2);

- Dünya Ticarət Təşkilatının əməkdaşlarının hüquq və vəzifələrini müəyyən edən qaydaların qəbulu (m.VI, b.2);

- Dünya Ticarət Təşkilatının əməkdaşlarının hüquq və vəzifələrini müəyyən edən qaydaların qəbulu (m. VI, b.3) aiddir.



169. Nazirlər Konfransı tərəfindən qərarların konsensus yolu ilə qəbul edilməsi təşviq olunur (m.IX, b.1). Əgər sessiyada iştirak edən üzvlərdən heç biri formal olaraq buna etiraz etmirsə, qərarlar konsensual yolu ilə qəbul edilir. Qərarın konsensual yolu ilə qəbulu mümkün olmadıqda o səsə qoyulmaqla təsdiqlənir.

Əgər Təşkilatın təsis edilməsi haqqında Sazişdə və Dünya Ticarət Təşkilatı sisteminə çoxtərəfli ticarət müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa Nazirlər Konfransının qərarı sadə səs çoxluğu ilə qəbul olunur. Lakin xüsusi hallarda (m.IX və X) ixtisaslaşmış səs çoxluğu və ya tam yekdillik nəzərdə tutulur.

Xüsusən də

- Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişdə və Dünya Ticarət Təşkilatı sisteminə daxil olan çoxtərəfli ticarət müqavilələrinin şərh edilməsi haqqında qərar və üzvlərin öhdəliklərdən azad edilməsi haqqında qərarlar 3/4 səs çoxluğu ilə;

- üzvlüyə qəbul olunma ilə bağlı düzəlişlər və Dünya Ticarət Təşkilatına daxilolma şərtlər haqqında müqavilə 2/3 səs çoxluğu ilə qəbul edilir.

Digət ənənəvi beynəlxalq təşlikatlardan fərqli olaraq Dünya Ticarət Təşkilatında səsvermə dövlətlərin iqtisadi potensialından asılı olmayaraq, onların bərabərliyinə əsaslanır. Müvafiq olaraq Dünya Ticarət Təşkilatının hər bir üzvü bir səsə malikdir. Xüsusi ərazi kimi Təşkilata daxil olan Avropa İttifaqının üzvlərinin sayı qədər səsə malikdir.

Nazirlər Konfransı daimi fəaliyyət göstərən digər orqan və komitələri təsis edir.

170. Dünya Ticarət Təşkilatının digər baş orqanı daimi fəaliyyət göstərən bütün üzvlərin nümayəndələrindən təşkil olunan Baş Şuradır. Nazirlər Konfransının sessiyalararası dövründə (ildə 8-10 dəfə) Cenevrədə, bir qayda olaraq üzv dövlətlərin səfirləri, ya da Dünya Ticarət Təşkilatında mövcud dövlətlərin nümayəndələrinin rəhbərləri səviyyəsində toplaşır. Baş Şura çərçivəsində müxtəlif şura, komitə və qruplar fəaliyyət göstərir.

Daha əhəmiyyətli və prinsipial problemlərə baxan Nazirlər Konfransından fərqli olaraq Baş Şura Nazirlər Konfransı adından Dünya Ticarət Təşkilatının gündəlik işinin əsas hissəsini tamamlayaraq, cari və prsedur məsələləri həll edir. Bundan əlavə, Baş Şura 2 xüsusi tərkibdə (formada) fəaliyyət göstərir: mübahisələrin həlli və ticarət icmalının üzrə Orqan qismində Təşkilatın ayrı-ayrı üzvlərinin ticarət siyasıti icmalının sistemini hazırlayır.

Baş Şuranın qərarı konsesus yolu ilə qəbul olunur. Konsesus baş tutmadıqda isə, əgər Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişdə və Dünya Ticarət Təşkilatı sisteminə daxil olan beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, qərarın üzvlərinin əksəriyyətinin sadə səs çoxluğu ilə qəbul olunur.

Baş Şura Nazirlərin Konfransına tabedir və davamlı olaraq, öz fəaliyyətinin bütün istiqamətləri ilə bağlı onun qarşısında hesabat verir. Nazirlər konfransı bilavasitə Baş Şuraya tabe olan 3 orqan təsis etmişdir. Bu komitələr Dünya Ticarət Təşkilatı müqavilələrinin realizəsini təmin etmək səlahiyəti daşıyırlar. Müvafiq komitələrdən:

- inkişafda olan və “ən azı inkişaf etmiş” ölkələrin problemləri ilə məşğul olan ticarət və inkişaf üzrə Komitə;

- qeyri-məqbul tədiyyə balansı olan və (GATT-ın XII və XVIII maddələrinə uyğun olaraq) ticarətdə məhdudlaşdırıcı tədbirlər tətbiq etmək məcburiyyətində qalan dövlətlərin məhdudlaşdırıcı tədbirlərini təmin edən tədiyyə balansı üzrə Komitə;

- Dünya Ticarət Təşkilatının bir təşkilat kimi fəaliyyəti ilə əlaqədar bütün problemləri həll edən, o cümlədən, onun büdcəsinin formalaşdırılması və istifadəsi məsələlərini yönəldən büdcə, maliyyə və inzibati məsələlər üzrə Komitə qeyd edilə bilər.

Baş Şura öz səlahiyyətlərini Dünya Ticarət Təşkilatının daimi fəaliyyət göstərən orqanları ilə yönəldir və onların işlərinə rəhbərlik edir. Həmin orqanlardan Dünya Ticarət Təşkilatının müvafiq sazişlərinin realizəsi üçün



  • Əmtəələri ticarət üzrə Şura;

  • Xidmətlərlə ticarət üzrə Şura;

  • Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Şura qeyd edilə bilər.

Bilavasitə Baş Şuranın tabeçiliyində ticarət və inkişaf üzrə, büdcə, maliyyə və inzibati məsələlər, ticarət və ətraf mühit və d. məsələlər üzrə komitə fəaliyyət göstərir.

Əmtəələrlə ticarət üzrə Şuranın himayəsi altında:



  • Kənd təsərrüfatı üzrə Komitə;

  • Sanitar və fitosanitar tədbirlərinin tətbiq edilməsi üzrə Sazişi əsasən təsis edilmiş

Sanitar və fitosanitar tədbirləri üzrə Komitə;

- İnvestisiya tədbirlərinin ticarət aspektləri üzrə Sazişə əsasən təsis edilmiş Ticarətlə bağlı investisiyalar üzrə Komitə;

- Mənşə qaydaları üzrə Sazişə əsasən yaradılmış Mənşə qaydaları üzrə Komitə;

- Susidiyalar və kompensasiya tədbirləri üzrə Sazişə əsasən yaradılmış Susidiyalar və kompensasiya tədbirləri üzrə Komitə;

- 1994-cü il GATT-ın VII maddəsinin tətbiq edilməsi haqqında Sazişə əsasən təsis edilmiş Gömrük dəyərləndirilməsi (qiymətləndirilməsi) üzrə Komitə;

- Ticarətdə texniki maneələr üzrə Sazişə əsasən təsis edilmiş ticarətdə texniki maneələr üzrə Komitə;

- “Antidempinq məcəlləsi” adlandırılan 1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin VI maddəsinin tətbiqi ilə bağlı Sazişə əsasən təsis edilmiş antidempinq təcrübəsi üzrə Komitə;

- İdxal lisenziyalaşdırılması proseduru üzrə Saziş əsasında təsis edilmiş İdxal lisenziyalaşdırılması üzrə Komitə;

- Müdafiə tədbirləri üzrə Sazişə əsasən yaradılmış müdafiə tədbirləri üzrə Komitə;

- toxuculuq məhsulları və geym üzrə Sazişə uyğun təsis edilən toxuculuq məhsullarının satışının monitorinqi üzrə Orqan və s. qeyd edilə bilər.

Xidmətlərlə və ticarət üzrə Şuranın himayəsi altında da müxtəlif komitə (məsələn, maliyyə xidmətləri üzrə Komitə) və müvafiq qruplar fəaliyyət göstərir.

Qeyd olunmuş hər üç Şura zərurət olduqda xüsusi köməkçi sturuktur yaratmaq səlahiyyətinə malikdir. Dünya Ticarət Təşkilatı sturukturunda qeyd etdiyimiz şura və komitələrlə yanaşı müxtəlif (məsələn, telekommunikasiya sferasında danışıqlar üzrə; fiziki şəxslərin yerləşdirilməsi üzrə və s.) qruplar da fəaliyyət göstərir.

Komitələrin böyük əksəriyyəti bütün üzvlərin nümayəndələrindən təşkil olunur. Bu qaydanın istisna halları da movcuddur.

Xüsusən də toxuculuq üzrə nəzarətedici orqan Dünya Ticarət Təşkilatı üzvlərindən xüsusi keyfiyyətdə təyin olunmuş əmtəələrlə ticarət üzrə Şura tərəfindən müəyyən olunmuş sədr və 10 üzvdən ibarətdir.

Bir qayda olaraq Dünya Ticarət Təşkilatının komitələri zəruri tədbirlərlə bağlı ildə 1-2 dəfədən az olmayaraq toplanır. Hət bir komitədə sədr seçilir. Komitənin katibliyi qismində Dünya Ticarət Təşkilatı Katibliyi çıxış edir. Komitələr işçi qrupu və digər orqanlar təşkil etmək hüququna malikdirlər. Komitələrin qərarları adətən konsesual yolu ilə qəbul olunur.

171. Dünya Ticarət Təşkilatının inzibati idarəçilik funksiyası Təşkilatın katibliyi tərəfindən yönəldilir. Katiblik daimi fəaliyyət göstərməklə

- ali və icraedici orqanların qərarlarının layihəsinin hazırlanması;

- üzvlərin məlumatlandırılması, müxtəlif xidmətlərin təqdim edilməsini həyata keçirir.

Dünya Ticarət Təşkilatının Katibliyi Baş direktor tərəfindən idarə olunur. Nazirlər Konfransı (və ya Baş Şura) Dünya Ticarət Təşkilatının Baş direktorunu təyin edir.

Təşkilatın daimi fəaliyyət göstərən icraçı orqanı – Katibliyi (aparatı) beynəlxalq məmur statusu almış təqribən 500-ə qədər əməkdaçından ibarətdir.

Katiblik Dünya Ticarət Təşkilatının bütün orqanlarının fəaliyyətini kordinasiya edir, eyni zamanda lazımi hüquqi və analitik dəstək göstərir. Məhz katibliyin mütəxəssisləti ticarət mübahisələrinə baxılması ilə bağlı milli ticarət siyasəti üzrə icmalın hazırlanmasını təmin edir.

Bundan başqa onun öhdəliklərinə:

- inkişafda olan, birinci növbədə, “daha az inkişaf etmiş” ölkələrə texniki yardımın göstərilməsi;

- Dünya Ticarət Təşkilatına daxil olmaqla bağlı keçirilən danışıqlarda dövlətlərə köməyin göstərilməsi;

- dövlətlərin Dünya Ticarət Təşkilatına üzvlüyü ilə əlaqədar onun bütün məsələlərlə bağlı məsləhət xidmətinin həyata keçirilməsi və s. daxildir.

Müasir dövrdə Dünya Ticarət Təşkilatının genişlənməsi prosesinə qoşulan ölkələr ya inkişafda olan ölkələrdir, ya da ən yaxşı halda keçid iqtisadiyyatlı ölkələrdir. Onların spesifik problemlərinin nəzərə alınması Dünya Ticarət Təşkilatı çərçivəsində gərginliyə, ziddiyyətlərin, durğunluğun yaranmasına, hətta Təşkilatın dağılmasına gətirib çıxıra bilər. Bunu nəzərə alaraq inkişaf etmiş ölkələr Dünya Ticarət Təşkilatı Katibliyi xəttilə, həm də digər beynəlxalq təşkilatlarla, o cümlədən, BMT-nin Ticarət və inkişaf üzrə konfransı – UNCTAD ilə inkişafda olan ölkələrə və keçid iqtisadiyyatlı ölkələrə müxtəlif köməklik göstərmək istiqamətində təkliflər verirlər.

Təkliflər texniki yardımların bütün npvlərini əhatə edərək, müvafiq ölkələrə mütəxəssislərin ezam edilməsinə kimi məsələləri də təsbit edir. Texniki yardım yalnız müvafiq ölkələrin Dünya Ticarət Təşkilatına qoşulmasına deyil, eləcə də onların tərəfindən bu Təşkilatın şərtlərinin həyata keçirilməsinin təmin edilməsinə və Dünya Ticarət Təşkilatının tamhüquqlu üzvünə çevrilməsindən sonrakı dövrdə onların beynəlxalq müzakirələrin aparılmasında fəali iştirakına yönəlmişdir.

GATT-a daxilolma prosesində UNCTAD-ın ilk təcrübəsi Çin ilə olmuşdur. 1980-cı illərin ortalarında UNCTAD GATT-a daxil olmaq üçün bir sıra Latın Amerikası dövlətlərinə, xüsusilə, Venesuelaya ad hoc yardım göstərib. 1990-cı illərin əvvəllərində keçmiş Sovet İttifaqı, daha sonra isə bir sıra keçid iqtisadiyyatlı ölkələr, o cümlədən, Belarusiaya, Qazaxıstan, daha sonra Azərbaycan Respublikası, Litva və Moldova UNCTAD-ın yardımından faydalanıblar. UNCTAD tərəfindən milli layihələr (bu yaxınlarda Dünya Ticarət Təşkilatına daxil olan) İordaniya, daha sonra Əlcəzair, Livan, Liviya Ərəb Cumhuriyyəti, Fələstin, Sudan və Yəməndə həyata keçirilmişdir.


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə