Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə22/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
60 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
müəllifi idda edirdi ki, İstanbulda məscidlərin çoxluğu bu şəhərin bir zamanlar batılara məxsus 
olmasını ört-basdır eləmək üçündür.  
Bakıdan fərqli olaraq burada əzan da başqa cürəydi, çox avazlı və dəqiqiydi.  
Həmin gün qəzet köşklərinin birinin qarşısından keçərkən xalasının portretinə rast gəldi. İslamın 
küfr saydığı jurnallardan birinin üz qabığında xalasının yarıçılpaq şəkli canlanırdı. O, xalasını 
çoxdan görməmişdi, amma gözləri yadındaydı, üz cizgiləri anasınınkına oxşayırdı. Portretdən 
baxan gözəl xanımın sifətində ona doğma, tanış olan ifadə vardı və sanki həmin qəribə baxışlar 
hisslərə çevrildi, köşkün vitrinindən çıxıb onun canına, qanına hopdu. O, diksindi, jurnalı alıb 
vərəqləməyə ürək eləmədi və oradan uzaqlaşdı. Amma həmin hadisəni unutmağa macal 
tapmamış xalasını yenidən gördü. Bu dəfə Nəim parkındakı teleekranda. Xalası "Eldorado" ətrini 
reklam edirdi. Amma hiss olunurdu ki, köhnə kadrlardır. Xalası ətri elə həssaslıq və ehtirasla 
boyun-boğazına sürtürdü ki, ekranın qarşısına toplaşmış seyrçilər gözlərini ondan çəkmirdilər. 
Və həmin kadrı təkrar görmək üçün uzun müddət ayaq üstə qalmalı olurdular.  
Məhəmməd orada ləngimədi və yataqxanaya qayıtdı. Səhərə kimi yata bilmədi. Yerinin içində 
qıvrılmağa, çapalamağa başladı. Qarabasmalar yaxasından tutub onu buraxmırdı. Xalası 
yarıçılpaq halda dar küçələrlə qaçırdı. Onu qovan adamlardan qurtulmağa can atırdı. 
Məhəmmədə sarı gəlirdi. Məhəmməd ondan və adamlardan gizlənmək istəyirdi... 
O, qan-tər içində yuxudan ayıldı.  
Çarpayının alt qatında yatan qrup yoldaşı Dinqo da yuxudan ayıldı və: 
- Bir şey olubmu? Səhərdən yata bilmirsən, məni də yatmağa qoymursan, çarpayının cırıltısı 
yuxuma haram qatır, - deyə donquldandı. 
Məhəmməd cavab vermədi və yenidən başını qoyub yatdı. Səhəri o dirigözlü açdı. 
İndi dərslər onu maraqlandırmırdı, daha doğrusu, xalasının xəyalları onu dərsi dinləməyə imkan 
vermirdi. Sən demə, qarşıdakı günlər daha üzgün və sarsıdıcıymış. 
Həmin günün axşamı yataqxanaya qayıdıb, gödəkcəsini çıxararkən o, qoltuq cibində xışıltı hiss 
elədi. Əlini cibinə saldı. Bu, "Hürriyyət+" qəzetinin saralmış bir nüsxəsiydi. Qəzeti kimsə 
təsadüfənmi, ya qəsdənmi onun gödəkcəsinin döş cibinə qoymuşdu. İkinci versiya daha 
ağlabatan idi. Bunun necə baş verdiyini xatırlamırdı. Ola bilsin, kimsə idman dərsində onların 
soyunub-geyinmə otağına girib və bu işi görüb.  
Qəzetin dörd səhifəsi Züleyxanın yarıçılpaq, rəngli şəkillərilə bəzənmişdi və böyük müsahibəsi 
dərc olunmuşdu. "Bahar çiçəkləri" salonunun sahibəsi, "gözəl və cinsəl" Züleyxa Göyçək keçmiş 
və gerçək həyatı, qadın azadlığı barədə suallara səxavətlə cavablar verir, Azərbaycanda yaşayan 
mömün bacısının "əzabkeş həyatından" danışırdı. "...Mənim ona yazığım gəlir. O, həyatını işığa 
yox, qaranlığa həsr elədi" deyirdi... 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
61 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd sarsılmışdı. Ona elə gəlirdi ki, bu şəhərdə yaşayan insanların hamısı xalasının açıq-
saçıq həyatından xəbərdardır. Doğma vətənində bu işlərə pis baxırdılar. Elə İstanbulda da 
islamçılar, imanı düz olanlar onu qəbul etmirdilər. 
Bura necə şəhər idi?! Bir tərəfi Qərb, bir tərəfi Şərq. Nəyin düz, ya yalan olmasını o, düz-əməlli 
başa düşmürdü. Elə Bakının özündə də, adamlar şərqlimi, ya qərblimi olmaq üçün gecə-gündüz 
baş sındırırdılar. Bəziləri bu barədə heç düşünmürdü də, taleyini həyatın axarına buraxmışdı.  
İstanbulda Məhəmmədin bir sinif yoldaşı da oxuyurdu. Şəhərə gələn ilin ikinci ayı onu 
görmüşdü. O, həkim olacaqdı. Və indi Məhəmməd düşünürdü ki, ilahıyyatçılardan fərqli olaraq, 
dünyəvi elm öyrənənlər sarı qəzetləri daha çox oxuyurlar və deməli, onun xalasının da 
müsahibəsindən xəbərdar olmamış deyillər. Hətta sinif yoldaşı ilk görüşdəcə bunu baxışlarıyla, 
atmacalarıyla anlatmışdı. "Anam deyirdi ki, sənin xalanı televizorla göstəriblər. İstanbulda 
yaşayır". Sinif yoldaşının anası xalasıgillə bir zaman qonşu olmuşdu. Deməli, bu söz-söhbət 
Bakıya da çatmışdı. Ona görə də rektorluğa bir söz demədən Bakıya qayıtmış, geri qayıdanda isə 
anasının "xalası qancığı öldürməyi" barədə əmrini yerinə yetirməmişdi. Ona ürəyi gəlməmişdi.  
"Get, o qancığı öldür. Öldürməsən südümü sənə halal etməyəcəm!" - Anası onu yola salmazdan 
öncə bu sözləri demiş və dəsmala bükülü pulu çıxarıb vermişdi. Babası ilə nənəsi qızlarının bu 
sözləri qarşısında heç nə deməmiş, eləcə başlarını aşağı salmışdılar. Babası o biri otağa keçəndə, 
sanki, inildəmişdi: "Ax, Züleyxa!". 
Və yalnız indi ikinci kurs başlar-başlamaz, xalasını axtarmaq fikrinə düşmüşdü. Onu niyə 
görmək istədiyini özü də ayırd edə bilməmişdi. Bəlkə, xalasını bu bəd əməllərindən əl çəkməyə 
məcbur eləmək istəyirdi. 
Xalası gözəl idi, onun uşaqlıq sevgisiydi. O, Züleyxa deyilən bu şeytanı çox istəyirdi, ətrini 
ciyərlərinə çəkməkdən doymurdu. İndi isə, yetkinlik çağında xalasının şəkillərinə baxmaq, 
teleekranlardan, internetdən izləmək onunçün vərdişə çevrilmişdi.  
Məhəmməd xalasını düşünməyəndə darıxırdı. Xalası onun varlığına hakim kəsilmişdi. O, bir 
qulağı ilə xalasının şaqraq gülüşlərini eşidir, vəcdə gəlir, digər tərəfdən isə anasının amiranə 
sözləri qulaqlarından getmirdi.  
Məhəmməd qarabasmalar içində yaşayırdı. Hazırlıq kursunu əla başa vursa da, indi dərs 
oxumağa hövsələsi çatmırdı... Xalası onun vücudunda, qanındaydı... 
 
 
* * * 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə