Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə7/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   2   3   4   5   6   7   8   9   10   ...   33
Günay. PDF. Ailə Təbabəti

Omicron variantı nədir?
COVID-19-un Omicron variantının davranışına təsir edə biləcək bir neçə mutasiyaya malik olduğuna dəlalət edən sübutlara əsaslanaraq, ÜST onu, narahatlıq doğuran variant adlandırılıb. Omicron ilə bağlı hələ də əhəmiyyətli dərəcədə qeyri-müəyyənlik var və onun ötürülməsi, şiddəti və təkrar infeksiya riskini qiymətləndirmək üçün bir çox araşdırma aparılmaqdadır.

Omicron variantı necə inkişaf etdi?


Virus geniş yayılanda və çoxsaylı infeksiyalara səbəb olduqda, virusun mutasiyaya uğrama ehtimalı artır. Virusun yayılma imkanları nə qədər çox olarsa, onun dəyişmək imkanları da bir o qədər çox olur.
Omicron kimi yeni variantlar, bizə COVID-19 pandemiyasının hələ bitməkdən çox uzaq olduğunu xatırladır. Buna görə də insanların peyvəndin əlçatan olduqda peyvənd olunmaları və virusun yayılmasının qarşısının alınması, o cümlədən fiziki məsafənin saxlanması, maskaların taxılması, tez-tez əllərin yuyulması və qapalı məkanların yaxşı havalandırılması ilə bağlı mövcud tövsiyələrə əməl etməsi vacibdir.
Peyvəndlərin və digər ictimai səhiyyə tədbirlərinin hər yerdə əlçatan olması da çox vacibdir. 

Omicron variantı harada mövcuddur?


Omicron variantı indi dünyanın bir çox ölkəsində aşkar edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı, Omicronun hələ aşkar edilməmiş olsa belə, ehtimal ki, əksər ölkələrdə mövcud olduğunu bildirir.

Omicron variantı digər COVID-19 variantlarından daha ağırdır?


Aşkar edilmiş ilkin məlumatlar Omicron-un Delta variantından daha az ağır ola biləcəyinə dəlalət edir, lakin daha çox məlumata ehtiyac var və ÜST xəbərdarlıq edir ki, onu "yüngül" variant kimi məhəl qoymaq olmaz.
Yadda saxlamaq lazımdır ki, COVID-19-un bütün variantları ağır xəstəlik və ya ölümə səbəb ola bilər, o cümlədən dünyada hələ də üstünlük təşkil edən Delta variantı, bu səbəbdən də virusun yayılmasının qarşısını almaq və virusa məruz qalma riskinizi azaltmaq çox önəmlidir. 

Omicron variantı daha yoluxucudur?


Omicron digər variantlardan daha sürətlə yayılır. Mövcud məlumatlara və ÜST-nin qənaətinə əsasən, o icmalarda ki, COVID-19 ötürülməsi halları var, orada Delta variantını Omicron ötüb keçəcəkdir.
Bununla belə, peyvənd olunmaq və izdihamlı yerlərdən qaçınmaq, başqaları ilə məsafə saxlamaq və maska ​​taxmaq kimi ehtiyat tədbirlərinin görülməsi COVID-19-un yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir və biz bu tədbirlərin digər variantlara qarşı təsirli olduğunu bilirik.

Omicron variantı fərqli simptomlara səbəb olurmu?


Omicron-un digər COVID-19 variantlarından fərqli COVID-19 simptomlarına səbəb olduğuna dəlalət edən heç bir məlumat yoxdur.

COVID-19 peyvəndləri Omicron variantına qarşı effektivdirmi?


Tədqiqatçılar Omicron variantının COVID-19 peyvəndlərinin effektivliyinə potensial təsirini araşdırırlar. Məlumatlar hələ də məhduddur, lakin ağır xəstəlik hallarına və ölümə qarşı peyvəndlərin effektivliyində kiçik bir azalma və yüngül xəstəlik və infeksiyanın qarşısının alınmasında azalma ola bilər. Bununla belə, ÜST bildirir ki, indiyə qədər mövcud olan peyvəndlər ağır xəstəlik və ölümə qarşı əhəmiyyətli qorunmanı təmin edir.
Peyvənd olunmaq Delta kimi digər geniş yayılmış variantlardan qorunmaq üçün də önəmlidir. Növbə sizə çatdıqda, mütləq peyvəndlənin. Peyvəndiniz iki dozadan ibarətdirsə, maksimum qorunma əldə etmək üçün hər ikisini qəbul etmək vacibdir.

Əvvəlki COVID-19 infeksiyası Omicron variantına qarşı effektivdirmi?


ÜST bildirir ki, ilkin sübutlar əvvəlki infeksiyanın Delta kimi digər narahatlıq doğuran variantlarla müqayisədə, Omicron-a qarşı daha az qorunma təmin edə biləcəyinə dəlalət edir. Məlumatlar hələ də məhduddur.
Əvvəllər COVID-19 olsanız belə, peyvənd olunmalısınız. COVID-19-dan sağalmış insanlarda virusa qarşı müəyyən təbii immunitet formalaşa bilsə də, onun nə qədər davam edəcəyini və ya nə qədər yaxşı qorunduğunuzu biz hələ bilmirik. Peyvəndlər daha etibarlı qorunma təmin edir.

Hazırkı COVID-19 testləri Omicron variantını aşkar edirmi?


Geniş istifadə olunan PZR (Polimeraz Zəncirvari Reaksiya) və antigenə əsaslanan sürətli diaqnostik testlər Omicron da daxil olmaqla, COVID-19 infeksiyasını aşkarlamağa davam edir.

Uşaqların Omicron variantına yoluxma ehtimalı daha yüksəkdir?


Omicron-un yoluxuculuğu ilə bağlı araşdırmalar davam edir və daha çox məlumat əldə olunduqca biz yeni məlumatları paylaşacağıq. Bununla belə, sosial üsniyyətdə olan və peyvənd olunmamış insanlar COVID-19-a yoluxmağa daha həssasdırlar.
Mən özümü və ailəmi Omicron variantından necə qoruya bilərəm?
Edə biləcəyiniz ən vacib şey virusa məruz qalma riskinizi azaltmaqdır. Özünüzü və yaxınlarınızı qorumaq üçün mütləq:
• Burnunuzu və ağzınızı örtən maska ​​taxın. Maskanı taxıb çıxararkən əllərinizin təmiz olmasına diqqət edin.
• Başqalarından ən azı 1,5-2 metr fiziki məsafə saxlayın.
• Zəif havalandırılan və ya izdihamlı yerlərdən uzaq durun.
• Qapalı məkanlarda havalandırmanı yaxşılaşdırmaq üçün pəncərələri açın.
• Əllərinizi tez-tez yuyun.
• Növbə sizə çatanda peyvəndlənin. 

Uşağımla Omicron və digər COVID-19 variantları haqqında necə danışa bilərəm?


Gündəlik həyatımız COVID-19 və indi də Omicron variantı ilə bağlı xəbərlərlə dolur və balaca uşaqların buna dair suallarının çox olması təbiidir. Mürəkkəb bir mövzunun sadə və arxayınlaşdırıcı ifadələrlə izah etməyə sizə kömək edəcək məsləhətləri yadda saxlamaq üçün bəzi tövsiyələrə diqqət edin:
• Uşaqların nə baş verdiyini bilmək hüququ var, lakin bu, onlara yaşa uyğun şəkildə izah edilməlidir.
• Uşağınızı eşitdiklərini bölüşməyə dəvət edin və onların cavablarını dinləyin. Onlarla tam diqqətlə söhbət etmək və hər hansı qorxularını ciddi qəbul etmək vacibdir. Səbirli olun, pandemiya və dezinformasiya hər kəs üçün bir çox narahatlığa və qeyri-müəyyənliyə səbəb olub.
• Ən son məlumatlardan xəbərdar olduğunuzdan əmin olun. UNICEF və Ümumdüny Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatların internet saytları pandemiya haqqında əla məlumat mənbəyidir.
• Əgər cavabı bilmirsinizsə, təxmin etməyin. Bundan cavabları birlikdə araşdırmaq fürsəti kimi istifadə edin.
• Unutmayın ki, uşaqlar öz emosional siqnallarını böyüklərdən alırlar, buna görə, balaca övladınızın narahatlığı sizi rahatsız etsə belə, qorxularınızı uşağınızla paylaşmamağa çalışın
QIZILCA
Qızılca - kəskin infeksion xəstəlik olub, yüksək tempratur, ümumi intoksikasiya əlamətləri, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının iltihabı, ləkəli səpgilərlə özünü büruzə verir.
Etiologiya. Qızılcanın törədicisi 1911-ci ildə An Qoldbeıger tərəfindən müəyyən edilmiş viruslardır. Onlar mikroviruslar qrupuna aiddirlər. İnsan orqanizmindən xaricdə tez məhv olurlar.
Epidemiologiya. Profilaktik peyvəndlərin aparılması ilə əlaqədar olaraq qızılcanın epidemiologiyasında son vaxtlar əsaslı dəyişikliklər baş vermişdir. Bu zaman ilk növbədə xəstəlik və onun fəsadlarının azalması, ölüm faizinin aşağı düşməsini göstərmək olar. Qızılcanın epidemiologiyasında dövrilik və mövsümikik öz əhəmiyyətini itirmişdir. Qızılca yer kürəsində çox geniş yayılmış infeksiyalardan biridir. Xəstəliyin dövrliliyi hər 2 ildən bir qızılcaya həssas şəxslərin toplanması ilə izah edilir. Qızılca ilin bütün dövrlərində, xüsusən payız-qış və yaz fəsillərində müşahidə olunur. Xəstəlik çox kontagiozdur. Yoluxma indeksi 0,95-0,96% təşkil edir. O, bütün yaşlarda təsadüf olunur, lakin 1 yaşdan 7-8 yaşa qədər uşaqlar daha çox xəstələnirlər; 6 aya qədər uşaqlar qızılcaya nadir hallarda yoluxurlar. Anadangəlmə passiv immunitetlə əlaqədar olaraq 3 aya qədər uşaqlar adətən qızılca ilə xəstələnmirlər. 3-cü aydan sonra passiv immunitet kəskin zəifləyir və 9-cu aya qədər tamamilə itir. Lakin qızılca keçirməyən ananın uşağı həyatının ilk günlərindən xəstələnə bilər. Hamiləlik vaxtı qızılca baş verdikdə xəstəlik bəzən dölə keçir (anadangəlmə qızılca). İnfeksiya mənbəyi xəstə insandır. Yoluxma kataral dövrdə, səpgilərin birinci günü daha intensiv olur. Səpgilərin 3-cü günündə yoluxma etimalı kəskin azalır, 4-cü gündən sonra tamamilə itir. İnfeksiya hava-damcı yolu ilə yayılır. Öskürmə, asqırma zamanı virus yuxarı tənəffüs yollarının seliyi ilə xarici mühitə və hava cərəyanı ilə uzaq məsafələrə, qonşu otaqlara, digər mənzillərə yayılır. Qızılca virusu havalandırma sistemi ilə binanın yuxarı mərtəbələrinə də yayıla bilər. Patogenez İnfeksiya qapısı yuxarı tənəffüs yollarının selikli qişası və konyunktivadır. Virus yuxarı tənəffüs yollarının selikli qişasının səthinə çökür. Sonra selikaltı qişaya və regionar limfa düyünlərinə daxil olur, burada onun fiksasiyası və birincili reproduksiyası baş verir. İnkubasiya dövrünün 5-ci günündən etibarən qana keçir. Limfoid toxumada, limfa düyünlərində, dalaqda virus sürətlə çoxalır. Virus mononuklearlarda, badamcıqlarda, sümük iliyinin mieloid toxumasında və müxtəlif toxumaların follikullarında da fıksasiya və reproduksiya olunur. Bu toxumalarda limfoid və retikulyar elementlər çoxalır və çoxnüvəli nəhəng hüceyrələr əmələ gəlir. Növbəti kataral dövrdə əsnəkdə, udlaqda, traxeyada, bronxiollarda, ağciyərlərdə aydın kataral əlamətlər meydana çıxdıqda virusemiya xeyli artır. Həzm orqanları, ağızın, nazik və yoğun bağırsaqların selikli qişaları da zədələnir. Qızılca zamanı traxeya və bronxiolların səthi hüceyrələrində distrofik dəyişikliklər baş verir, sonra bu zədələnmə ocaqları nekroza uğrayır. Dodaqların və yanaqların selikli qişalarında baş verən patoloji dəyişiklik nəticəsində qızılca üçün patoqnomonik olan Belski-Filatov-Koplik ləkələri əmələ gəlir. Qızılcada patoloji proses üçün aşağı qatlarda yerləşən toxumaların zədələnməsi daha səciyyəvidir. Bunun nəticəsində əksər xəstələrdə mezobronxit, peribronxit kimi dəyişikliklər tapılır. Bütün orqanların retikulendotelial sisteminin zədələnməsi ilə yanaşı, prosesə mərkəzi sinir sistemi də cəlb olunur. Bütün patoloji dəyişikliklər dəridə səpgilər əmələ gəldikdə maksimuma çatır. Qızılca səpgiləri dərinin səthi damarlarının hiperemiyası və məhdud sahələrin perivaskulyar infiltrasiyası nəticəsində əmələ gəlir. Sonra dərinin buynuz qişasının dəyişikliyə uğramış hüceyrələri ayrılır və xırda kəpəkvari qabıqlanma ocaqlarına çevrilir. Ağırlaşma olmadıqda səpginin 3-cü günündə prosesin geriyə inkişafı başlayır. Qanda və toxumalarda virusun miqdarı azaldıqda virusəleyhinə anticisimlərin səviyyəsi artır. Dəridə və selikli qişalarda iltihabi dəyişikliklər geriyə inkişaf edir, orqan və toxumaların normal quruluşu tədricən bərpa olunur. Erkən yaşlı uşaqlarda qızılca çox ağırlaşma verir. Bunlar arasında tənəffüs sisteminin zədələnməsi, xüsusilə pnevmoniya birinci yeri tutur. Kiçik uşaqlarda erkən pnevmoniyanı virusla yanaşı bakterial flora pnevmokokk, streptokok və stafilokoklar törədir. Pnevmoniya bronx və bronxiollarda qızılcaya məxsus dəyişikliklər fonunda inkişaf edir. Bronxiolların divarında yaranan nekrotik proses davamlı, güclü öskürək, çox vaxt bronxoektaz əmələ gətirir. Pnevmoniyanın xarakteri törədicinin növündən asılıdır. Məsələn, pnevmokokk pnevmoniyasında bronxiolların səthi zədələnməsi və ağ ciyər toxumasında ödem müşahidə olunur. Streptokok və stafilokok mənşəli pnevmoniyada zədələnmiş nahiyələr sürətlə nekrozlaşır və abses əmələ gəlir. Erkən yaşlı uşaqların immun sistemi təkmilləşmədiyi üçün iltihab prosesi generalizasiyaya meyilli olur ki, qızılcada bu, özünü kəskin büruzə verir. İmmun sistemin müdafiə fuksiyasının azalması nəticəsində kiçik yaşlı uşaqlar qarışıq infeksiyalara tez-tez yoluxurlar. Klinika İnkubasiya dövrü 9-17 gün təşkil edir, qammaqlobulin almış uşaqlarda 21 günə qədər uzanır. Qızılca 38-39°C hərarətlə kəskin başlayır.
Xəstəliyin klinik gedişi 3 dövrə bölünür:
a) kataral başlanğıc, prodromal dövr;
b) səpgi dövrü;
c) piqmentasiya və ya rekonvalessensiya dövrü.
Kataral dövr adətən 3-4 gün çəkir, bəzən 1-2 günə qədər qısalır, ya da 5-6 günə qədər uzana bilir. İlk 1-2 gün ərzində kəskin quru öskürək, tənəffüsün çətinləşməsi, burundan və əsnəkdən seroz ifrazat, əsnəyin hiperemiyası, udlağın arxa divarının gövşəkləşməsi (yumşalması) baş verir, 2-3-cü gün öskürək güclənir, konyunktiva hiperemiyalaşır, göz qapaqları ödemləşir, işıqdan qorxma, ağızda ləkəli enantema əmələ gəlir. Bunun ardınca qızılca üçün patoqnomonik simptom - olan Belski-Filatov-Koplik ləkələri meydana çıxır ki, bu zaman ağ nöqtə şəklində ləkələr, hiperemiya zolağı ilə əhatə olunur. Bu elementlər çox vaxt kiçik azı dişlərinin keçid büküşündə, az hallarda dodağın səthində və diş ətində yerləşir. Enantemalar patomorfoloji baxımdan epitel qişanın nekrozlaşmış sahələridir. Epitel hüceyrələrin nekrozu və deskvamasiyası nəticəsində diş əti ərplə örtülür. Bağırsağın selikli qişasının zədələnməsi özünü ishal əlaməti ilə büruzə verir. Kataral dövrün sonunda xəstənin tipik görünüşü olur: üz şişkinləşir, göz qapaqları ödemləşir, xəstəni əziyyətli quru öskürək narahat edir, səsi xırıltılı olur. Bu dövrdə hərarət 38-39°C-ə qədər yüksəlir, ümumi vəziyyət ağırlaşır, halsızlıq, əzginlik, baş ağrısı, iştahasızlıq müşahidə olunur. Göstərilən simptomlar adətən səpgi dövrünə qədər artır, erkən ağırlaşmalar olduqda isə uşağın vəziyyəti ilk günlərdən pisləşir, qusma, sayıqlama, qıcolmalar müşahidə olunur. Tipik hallarda səpgi əmələ gələnə qədər hərarət normaya düşür. Səpgi dövrü adətən 3 gün davam edir və maksimal intoksikasiya simptomları və kataral əlamətlərlə müşayiət olunur. İlk səpgi elementləri qulaqların arxasında, burnun kökündə, üzdə əmələ gəlir və bir gün ərzində bütün üzə, boyuna, döşün yuxarı hissələrinə; 2-ci gün bədənə, əllərə, 3-cü gün ayaqlara yayılır. Səpgilər üzdə çox, ayaqlarda nisbətən az olur. Səpgi elementlərinin ətrafında dərinin rəngi dəyişmir. Morfologiyasına görə səpgilər çox dəyişkəndir. Təzə səpgilər çəhrayı və qırmızı rəngli kiçik ləkə və ya papula şəklində olub bir neçə saat ərzində böyüyür, birləşərək qızılca üçün tipik, yəni qeyri-düzgün formalı ləkəli papulyoz elementlərə çevrilir. Səpgi dövrünün 3-4-cü günündən səpgilər ardıcıl olaraq piqmentasiyaya uğrayır. Səpginin mərhələli olması və piqmentasiya ilə əvəzlənməsi qızılcanın səciyyəvi əlamətidir. Patofizioloji olaraq piqmentasiya eritrositlərin dəriyə diapedezi nəticəsində əmələ gəlir. Başlanğıc dövrün kataral simptomları səpgi dövründə güclənir, öskürək tez-tez, əzablı olur, bəzən kobud, hürücü xarakter daşıyır. Rinit və konyunktivit kəskin nəzərə çarpır, göz qapaqlarının selikli qişasında ləkələr hələ də qalır. Bu dövrdə intoksikasiya, xüsusilə kəskin olur: hərarət 39°C və daha çox, adinamiya, iştahanın kəskin azalması müşahidə edilir. Piqmentasiya dövrü 1-2 həftə çəkir və adətən dərinin kəpəkvari qabıqlanması ilə nəticələnir, xəstənin vəziyyəti və iştahası yaxşılaşır. Piqmentasiya dövründə anergiya olduğu üçün rekonvalessentləri infeksion xəstələrlə təmasdan, fiziki və emosional gərginlikdən qorumaq lazımdır. Qızılcanın yüngül, orta-ağır, ağır formaları da var. Xəstəliyin ağırlıq dərəcəsinə ağırlaşmalar böyük təsir göstərir. Yuxarıda təsvir olunan orta-ağır forma daha çox rast gəlir. Yüngül formada intoksikasiya simptomları zəif nəzərə çarpır, qızdırma (38-38,5°C) 1-2 gün davam edir. Ləkəli səpgi birləşməyə meyilli olub solğun piqmentasiya ilə nəticələnir. Ən yüngül forma atipik, zəifləmiş, qızılca immunoqlobulini alan uşaqlarda rast gəlir. Qızılcanın ağır forması kəskin intoksikasiya simptomları və yüksək - 40°C və daha çox hərarətlə keçir. Qızılca adətən ağırlaşmalarla (xüsusilə də pnevmoniya ilə əlaqədar olan)təhlükəlidir. Erkən pnevmoniya zamanı oksigen çatışmazlığı ön plana çıxır. Sianoz fonunda səpgilər çətin görünür və sianotik çalarlı olur. Qızılcanın ən təhlükəli ağırlaşmalarından biri ensefalitdir.
Ağırlaşmaları. Qızılca ağırlaşmalarının patogenezi dəqiq öyrənilmiş və aşkar edilmişdir ki, kiçik yaşlı uşaqlarda ağırlaşmaların çox rast gəlməsi və nisbətən ağır keçməsi fizioloji yetginsizlik, tənzimlənmə mexanizmlərinin kifayət qədər diferensiasiya olunmaması və müdafiə baryerlərinin zəifləməsi ilə əlaqədardır. Bronxitlər, traxeitlər, traxeobronxitlər tez-tez, bəzən öskürəklə xarakterizə olunur. papulyoz səpgilərdir.

SKARLATİNA


Skarlatina (Scarlatina) - ümumi intoksikasiya, angina, limfadenit və səpgilərlə xarakterizə olunan infeksion xəstəlikdir.
Etiologiya. Törədicisi A qrupundan olan hemolitik streptokoklardır. Onların çoxlu serotipləri və ştamları vardır. Skarlatinanın törədicisi qızılyel, angina xəstəyini, revmatizm və s. törədən streptokoklardan fərqlənmir. Skarlatina streptokok infeksiyasının təzahür formalarından biridir. Lakin streptokoklar tərəfindən törədilən digər xəstəliklərdən fərqli olaraq, skarlatinada toksiki komponent üstünlük təşkil edir. Skarlatina keçirmiş şəxslərdə davamlı antitoksik immunitet əmələ gəlir. Epidemiologiya. Skarlatina antroponoz xəstəlikdir. İnfeksiya mənbəyi skarlatinalı xəstə və ya streptokok infeksiyasının başqa formaları ilə xəstələnən insanlardır. Xəstəliyi atipik formada keçirən xəstələr ətrafdakılar üçün daha təhlükəlidir. İnfeksiya mənbəyi həmçinin hemolitik streptokokgəzdirənlər (sağlam və ya rekonvalessentlər) ola bilər. Xəstəliyin yayılmasının qarşısını alan tədbirlərə xəstələrin təcrid olunması, reinfeksiya ilə mübarizə, antimikrob müalicə, xəstəlik keçirən uşaqlar üzərində ciddi nəzarətin aparılması aiddir. Xəstələr ilk gündən yoluxucu olurlar. Yoluxma müddəti dəqiq təyin edilməmişdir. Müəyyən edilmişdir ki, erkən müalicə aparıldıqda və xəstəlik rahat gedişə malik olarsa, yoluxdurma müddəti qısalır, fəsadlar baş verdikdə isə yoluxma müddəti uzanır. Xəstələr və bakteriyagəzdirənlər infeksiyanı hava-damcı yolu ilə yayırlar. Yoluxma məişət əşyaları, oyuncaqlar və uşağın paltarları vasitəsilə də mümkündür. Yoluxma indeksi 40%-dir. Skarlatina ilə xəstələnənlərin 90%-i 1 yaşda olurlar, ən çox isə 2-7 yaşlı uşaqlar xəstələnirlər. 6 aya qədər uşaqlar skarlatinaya nadir hallarda yoluxurlar. 2-3 aylıq uşaqlar isə, demək olar ki, heç xəstələnmirlər. Skarlatina ən çox payız və qış aylarına təsadüf edir.
Klinik olaraq septiki komponent irinli fəsadlar limfadenit, otit, masloidit, artrit, əsnəyin, burun-udlağın, burun ciblərinin irinli iltihabı ilə xarakterizə olunur. Skarlatinanın və ya digər streptokok xəstəliyinin əmələ gəlməsi insanda antigen və ya antimikrob immunitetin olmamasından asılıdır. Antitoksik immuniteti olmayan şəxslərdə skarlatina, antimikrob immuniteti olmayanlarda digər streptokok xəstəlikləri, hər iki immunitetə malik uşaqlarda sağlam streptokokgəzdirmə əmələ gəlir. Klinika İnkubasiya dövrü 2-7 gündür; bu dövr 12 günə qədər uzana bilər. Xəstəlik yüksək hərarətlə, qəflətən başlayır. Sürətlə halsızlıq, iştahanın pozulması və qusma meydana çıxır. Bir neçə saat ərzində səpgi üz, boyun, gövdə və ətraflara yayılır. Bəzən səpgilər xəstəliyin ikinci günü əmələ gəlir. Skarlatina üçün hiperemiyalaşmış dəridə kiçik nöqtəvari səpgilər səciyyəvidir. Xəstə xarakter görkəm alır: səpgi sıx yerləşdiyindən yanaqlar alqırmızı olur, səpgilər olmayan burun, dodaq üçbucağı isə avazıyır. Bu simptom Filatov üçbucağı və ya avazımış skarlatinoz üçbucaq adlanır. Səpgilər ən çox gövdənin yan tərəflərində, qarnın aşağı hissəsində, ətrafların bükücü səthlərində, xüsusən dərinin təbii büküşlərində yerləşir. Təbii büküşlərdə kiçik nöqtəvari səpgilərlə yanaşı, çox kiçik petexiyalar da nəzərə çarpır. Çox vaxt bu petexiyalar birləşib zolaq şəklini (Konçalovski zolaqları) alır. Skarlatina zamanı bəzən içərisi şəffaf və ya bulanıq möhtəviyyatla dolu çox xırda qovuqcuqlar şəklində miliar səpgilər əmələ gəlir. Papulyoz və ya hemorragik səpgilərdə ola bilər. Nadir hallarda skarlatina səpgisiz (atipik formada) keçir. Xarakter əlamətlərdən biri də ağ dermoqrafizmdir. Dəri quru olur. Səpgi tədricən sönür, özündən sonra iz qoymur. Səpgilər itəndən sonra qabıqlanma başlayır. Qabıqlanma birinci həftənin sonu, ikinci həftənin əvvəli başlayır. Bu, erkən qabıqlanma adlanır, bədənin müxtəlif yerlərində yerləşir. Bu qabıqlanma balıq pulcuğu şəklində olur. Skarlatina üçün xarakter əlamət iri lövhəli qabıqlanmadır. Belə qabıqlanma gec başlayır, əsasən əldə və ayaqda olur. Skarlatinanın daimi simptomlarından biri də anginadır. Skarlatinoz angina üçün tipik əlamət əsnəyin və yumşaq damağın intensiv və parlaq hiperemiyasıdır. Hiperemiya sərt damağa yayılmır, kəskin demorkasiya xətti ilə ayrılır. Skarlatinoz angina kataral, follikulyar, lakunar və nekrotik ola bilər. Nekrotik angina xəstəliyin 2-4-cü günü əmələ gəlir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, nekroz səthi, adacıqlar şəklində, dərin badamcıqların bütün səthi boyunca ola bilər. Nekroz dilçəyin, udlaq qövslərinin, burun boşluğunun və udlağın selikli qişasına yayıla bilər. Çox zaman çirkli-boz və ya yaşılımtıl rəngdə olur. Kataral angina 2-3 gün, nekrotik angina isə 4-5 gün davam edir. Dilin üzəri boz-sarı ərplə örtülür. 2-3-cü gündən başlayaraq dil tədricən ərpdən təmizlənir və xarakterik görünüş alır, o, alqırmızı rəngə boyanır, üzərindəki məməciklər şişir («moruğabənzər dil»). Prosesə boyun limfa düyünləri də cəlb olunur. Onlar bərk, palpasiya zamanı ağrılı olur. Xəstəliyin ilk günləri leykositoz, neytrofilyoz, sola meyillik müşahidə edilir, EÇS yüksəlir. 3-cü gündən başlayaraq eozinofillərin miqdarı artır. Ürək-damar sistemi tərəfindən xəstəliyin başlanğıc dövründə taxikardiya, arterial təzyiqin yüksəlməsi qeyd edilir, Aşner simptomu müəyyən edilmir, ağ dermoqrafizm gec əmələ gəlir və uzun müddət keçmir. Xəstəliyin 4-5-ci günlərindən, bəzən ikinci həftəsindən başlayaraq bradikardiya, hipotoniya əmələ gəlir, sistolik küy eşidilir. Asner simptomu müsbət olur, ağ dermoqrafizmin gizli dövrü qısalır, aşkar dövrü uzanır. Bu dəyişikliklər xəstəliyin başlanğıcında simpatik, növbəti dövrdə isə parasimpatik sinir sisteminin tonusunun artması ilə əlaqədardır.
Xəstəlik tipik və atipik formalara bölünür. Tipik forma yüngül, orta-ağır və ağır dərəcədə ola bilər. Ağırlıq dərəcəsinin göstəriciləri ümumi intoksikasiya simptomları (MSS-nin və vegetativ endokrin aparatının zədələnməsi), eləcə də yerli dəyişikliklərdən əsnəyin və regionar limfa düyünlərinin zədələnməsi hesab edilir. Yüngül forma zəif intoksikasiya əlamətləri ilə özünü büruzə verir. Hərarət 38°C-dən yuxarı qalxmır, yuxu və iştaha bir qədər pozulur, uşağı yataqda saxlamaq çətinləşir. Kataral angina, regionar limfatik düyünlərin zəif reaksiyası, xırda nöqtəvari, bərabər paylanmş, seyrək, qırmızı rəngli səpgi müşahidə olunur. Səpgi çəhrayı və solğun formada ətrafların daxili səthində, dəri büküşlərində yerləşir. Kəskin dövr uzun sürmür. 3-5 gün, bəzən daha az çəkir. Ağırlaşmalar baş vermir. Allergik dalğaların olması mümkündür. Orta-ağır tipik formada intoksikasiya orta dərəcədə nəzərə çarpır, oyanıqlıq və ya yuxululluq, iştahanın itməsi, qusma, hərarətin 38-39°C-yə qədər artması qeyd olunur. Səpgi intensiv və bərabər yerləşir, angina çox vaxt nekrotik, follikulyar olur, ancaq kataral forma daha çox rast gəlir. Regionar limfa düyünləri xəstələrin əksəriyyətində böyüyür. Limfadenit, otit kimi erkən ağırlaşmalar müşahidə edilir. Erkən hospitalizasiya və müalicə aparılmadıqda allergik dalğalar, limfadenit, nefrit, irinli və septiki xəstəliklər kimi gecikmiş fəsadlar tez-tez baş verə bilər. Bu ağırlaşmaların çoxu uşağın həyatı üçün təhlükəlidir. Ağır forma sinir sisteminin bütün şöbələrinin zədələnməsini göstərən ümumi toksikoz əlamətləri və xəstəliyin yüngül yerli simptomları ilə özünü büruzə verir Skarlatinanın ağır toksiki forması çox ağır yerli zədələnmələr və zəif ümumi intoksikasiya (skarlatinanın ağır septiki forması) ilə təzahür edir. Bəzən ümumi və yerli simptomlar çox kəskin nəzərə çarpır.
GÖYÖSKÜRƏK
Göyöskürək - tənəffüs yollarının kəskin yoluxucu xəstəliyi olub, hava-damcı yolu ilə yayılır. Etiologiya Göyöskürəyin törədicisi kiçik, ovalşəkilli, qısa, hərəkətsiz çöplərdən ibarətdir. Kapsul əmələ gətirmir, qrammənfidir. Ətraf mühitin müxtəlif amillərinə qarşı çox həssasdır. Günəş şüasının təsirindən bir saata qədər məhv olurlar. Endotoksin ifraz edir.
Epidemiologiya. Xəstə ilk günlərdən yoluxucudur. Xəstəliyin kataral dövründə yayılması onunla əlaqədardır ki, xəstənin ümumi vəziyyəti pozulmadığına və diaqnoz gec qoyulduğuna görə xəstə yataqda yatmır, sağlam uşaqlarla təmasda olur.Xəstəliyin ağırlıq dərəcəsi öskürək tutmalarından asılıdır. Xəstəliyin vaxtında təcrid edilməsi epidemiyaların qarşısını alır. Xəstəliyə yoluxma uşağın yaşından da asılıdır. Bəzi müəlliflərə görə, 5 yaşa qədər uşaqlar göyöskürəyə daha çox yoluxurlar. Xəstəlikdən sonra ömürlük immunitet yaranır.
Klinika. Göyöskürəyin inkubasiya dövrü 2-14 gün, maksimum 21 gün davam edir.Kataral dövr: Xəstəlik gizli başlayır, əvvəlcə zökəm, öskürək, əsnəyin hiperemiyası, subfebril hərarət, bəzən meningit əlaməti meydana çıxır.Belə xəstələrin ümumi vəziyyəti pisləşir. Əzginlik, iştahasızlıq, üzündə şişkinlik olur, öskürək tutması gecələr güclənir, uzun sürür, yuxu pozulur. Selikli yapışqanabənzar şəffaf bəlğəm ifraz olunur. Öskürək tutmaları bəzən qusma ilə nəticələnir. Kataral dövr 2 həftəyə qədər davam edir. Bu, südəmər uşaqlarda 5-6 gün sürür. Bəzən kataral dövrdə birincili pnevmoniya başlayır. Təkcə kataral dövrün klinik gedişinə görə göyöskürəyin ağırlıq dərəcəsi haqında fikir söyləmək olmaz. Spazmatik öskürək dövrü: Kataral dövrə keçid tədricən olur. Əksərən gecələr, bəzən isə gündüz qısa müddətli quru öskürək başlayır. Sonra öskürək spazmatik xarakter alır, yəni göyöskürək üçün səciyyəvi tutmalar başlayır. Öskürək tutmalarından əvvəl, demək olar ki, həmişə xəbərdarlıq simptomu (aura) müşahidə olunur. Uşaqlar oyunlarını dayandırır. Trusso dediyi kimi, uşaq «öskürək tutmasını fikirləşir». Belə halda uşaq boğazında qıcıqlanma hiss edir. Balaca uşaqlarda qorxu hissi yaranır. Uşağın üzündə narahatlıq görünür, gözləri qızarır, üzü, dodaqları göyərir. Boyun, üz venaları şişir, dilini çölə çıxarır.Öskürək tutması bir-birinin ardınca davam edir. Nəfəsalma səsli olur. Buna «repriz» deyilir. Tutmadan sonra təmiz və qanlı bəlğəm əmələ gəlir, xaric olunmur, çox vaxt isə qusma ilə nəticələnir. Belə tutma gündə 3-4 dəfə təkrarlanır. Gecələr tutmalar tez-tez olur. Göyöskürəyin ağırlıq dərəcəsi adətən tutmaların tezliyindən asılıdır. Xəstəliyin simptomlarının maksimum inkişaf etdiyi dövrdə tutmaların gündəlik sayı 10-15-ə çata bilər. Tutma zamanı qan dövranı və tənəffüs sistemi tərəfindən dəyişiklik baş verir. Qan, limfa sistemində durğunluq ödemi meydana çıxır. Ödem üzdə, göz qapaqlarında və ətrafda ola bilər. Pastoz xarakter daşıyır. Kiçik uşaqlarda çox vaxt ödem ətraflarda, böyük yaşlı uşaqlarda isə üzdə yerləşir. Öskürək tutmaları zamanı nəbz tezləşir, aritmik olur. Əgər taxikardiya tutmaarası fasilələrdə davam edərsə, bu, proqnozun pis olmasını göstərir. Arterial təzyiq bir çox hallarda yüksəlir və xəstəliyin yaxşılaşma dövründə normaya düşür. Xəstəliyin 4-5-ci həftəsində adətən kapilyar damarların rezislentliyi xeyli azalır. Nəticədə kiçik uşaqlarda dəridə və selikli qişalarda geniş nahiyələri əhatə edən qansızmalar əmələ gəlir. Böyük yaşlı uşaqlarda konyunktivaya qan sızır. Burun qanaxması az təsadüf olunur, qulaq pərdəsinin partlaması nəticəsində orta qulağa qan sızır. Qansızmalar ağzın selikli qişasında, üzün, boynun, döş qəfəsinin dərisində də rast gəlir. Beyin qişalarına və boz beyin maddəsinə qansızmalar ölümlə nəticələnir və yaxud ömürlük iflic baş verir.Bu dövrdə göyöskürək üçün səciyyəvi əlamətlərdən biri də dilin altında, selikli qişasında yaraların əmələ gəlməsidir. Belə yaralar xəstələrin 50%-də rast gəlir. Südəmər uşaqlarda istisnalıq təşkil edir. Yaralar xəstəliyin 2-3-cü həftəsində əmələ gəlir və dilin yüyənində yerləşir. Tutmaarası dövrdə xəstənin ümumi vəziyyəti az dəyişir. Sağalma dövrü xəstəliyin 4-8-ci həftəsindən sonra başlayır və öskürək tutmalarının azalması, intensivliyinin zəifləməsi ilə xarakterizə olunur. Temperatur normallaşır. Xəstənin vəziyyəti 2-4 həftə ərzində yaxşılaşır. Klinika Göyöskürəyin tipik və atipik formaları vardır. Tipik forma yüngül, orta-ağır, ağır dərəcələrə bölünür. Ağır forma az təsadüf olunur. Xəstəlik qəflətən başlayır, kataral dövr az davam edir. Öskürək tutmaları gündə 40-50 dəfə baş verir və uzun müddətli 15-20 reprizdən ibarət olur. Çox vaxt buna qusma qoşulur. Xəstəlik 1-3 ay davam edir. Ağır fəsadlar (bronxopnevmoniya, bronxit, ensefalit) verir. Atipik formasına silinmiş və abortiv formalar aiddir. Silinmiş formada laringit, traxeobronxit əlamətləri olur. Öskürək tutmaları tək-tək, qusmasız, reprizsiz keçir. Abortiv formada klinik əlamətlər nəzərə çarpmır.
Ağırlaşmalar. Tənəffüs aparatının müxtəlif nahiyəsinin rinit, rinofaringit və laringit şəklində ağırlaşmaları xəstəliyin başlanğıc dövründə əmələ gəlir. Bronxit ilə ağırlaşma hərarət və öskürəklə müşayiət edilir. Ağ ciyərlərdə xırıltılar olur. Pnevmoniya göyöskürəyin klassik fəsadlarındandır. Əsasən erkən yaşlı uşaqlarda ağır sürür. Birincili pnevmoniya göyöskürəyin ağır formasında rast gəlir. Bu zaman bronxlar və bronxətrafı sahə prosesə qoşulur. İkincili infeksiya qoşularsa, bu halda pnevmoniya çox ağır keçir. Son vaxtlar pnevmoniya az təsadüf edilir. Onun gedişi də yüngülləşmişdir. 70% xəstələrdə pnevmoniyanın bütün simptomlarına rast gəlmək mümkündür. 30%-də isə pnevmoniya ancaq rentgenoloji təyin olunur. Pnevmoniya böyük yaşlı uşaqlarda daha çox təsadüf edilir. Ağciyərlərin atelektazı göyöskürəyin ağırlaşmasıdır. Atelektaz bronxların spazmı nəticəsində yapışqanabənzər seliyin toplanması, bəlğəm ifrazının çətinləşməsi nəticəsində əmələ gəlir. Rentgenoloji olaraq atelektaz 85% halda ağciyərin orta payında təsadüf edilir.
Klinik əlamətlərdən – göyöskürəyin tezləşməsi və güclənməsi, təngnəfəslik, perkutor səsin həmin nahiyədə qısalması, hərarət müşahidə olunur.Sinir sistemi tərəfindən də ağırlaşmalar təsadüf edilir. Çox vaxt mimiki əzələlər qıc olur, bəzən huş pozulur. Çox nadir hallarda ensefalit inkişaf edir. Kiçik qan dövranında təzyiq yüksəlir, bəzən taxikardiya, ürək tonlarının karlaşması, ürək hüdudlarının böyüməsi, təngnəfəslik, sianoz olur, qaraciyər böyüyür.
Epidemik parotit
Parotit tüpürcək vəzilərində iltihabi proseslə xarakterizə olunan virus xəstəliyidir. Statistikaya görə, bu xəstəlikdən daha çox 5-15 yaşlı uşaqlar əziyyət çəkirlər, çox nadir hallarda parotit böyüklər də xətər yetirir. Bu, kifayət qədər ağır xəstəlik olub, ağır fəsadlara yol aça bilər.

Epidemik parotitin dərəcə və əlamətləri 


Epidemik parotitin simptomları kifayət qədər öyrənilib – bu xəstəlik tibbə iki əsrdir ki, məlumdur. Ağırlıq dərəcəsinə görə xəstəliyi üç qrupa ayırırlar:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə