İYİRMİ ÜÇ yeniyetmə



Yüklə 0,83 Mb.
səhifə16/19
tarix30.12.2017
ölçüsü0,83 Mb.
#18642
1   ...   11   12   13   14   15   16   17   18   19

Üçüncü fəsil: Payız


Düşərgənin önündəki evkaliptlərin yaşıllığı göstərirdi ki, onlar payızın gəlişini hiss etməmişlər. Təqvimə görə isə payız həqiqətən, girmişdi. Biz yenə də gecələri ərəb qocalarla, gündüzləri isə həyətdə digər əsirlərlə oturmaqla, həmçinin dərs oxumaqla və gəzməklə keçirirdik. Jurnalistlər də ən azı, həftədə bir dəfə yanımıza gəlirdilər. İmkan edəndə şəkil və ya video çəkir, bizə də bir döyülmə hazırlayıb gedirdilər. Əsirliyimizdən 6 ay ötmüşdü, amma hələ də İraqın jurnal və qəzetlərinin səhifələrini bəzəyirdik.

Bir gün ştabın önündə bir avtomobil dayandı və videokameraları olan iki kişi maşından endi. Düşündük ki, nəzarətçilər yenə də qışqıracaqlar: "Səkkizinci kamera içəri!" Lakin bu, baş vermədi. Nəzarətçilər gəlib məni, Həmid Müstəqimini, Mənsur Mahmudabadini və Mahmud Rəiyyətnejadı ştaba apardılar.

Mayor Mahmudinin otağında eynəkli bir kişi bizə xoşgəldin dedi. Otaqda ondan, tərcüməçidən və operatordan başqa heç kim yox idi.

Eynəkli kişinin üzü bizə tanış gəlirdi. Onu bəlkə də qara xaçla görüşdə, ya da Səddamın sarayında görmüşdük. Mülki geyimdə idi və özünü çox humanist göstərməyə çalışırdı. İraqlı əsgər bir podnos çayla içəri girdi. Əsirlikdə ilk dəfə olaraq fincanda çay içdik. Qəribə hiss idi. Eynəkli kişi danışmağa başladı:

- Bizim rəhbərimiz sizi azad etmək istəyirdi, iranlı məmurlar isə deyirlər ki, siz iranlı deyilsiniz. İndi biz istəyirik sizi Fransaya göndərək, oradan da İrana gedəsiniz. Fikriniz nədir?

Dedim:


- Bizim kamerada 20-30 nəfər 50-70 yaşlı qoca qalır. Onlar müharibədə iştirak etməyiblər. Olar ki, bizim yerimizə onları göndərəsiniz?

Eynəkli kişi dedi:

- Cənab prezident sizi göndərmək istəyir. Məgər siz ata-analarınızın yanına qayıtmaq istəmirsiniz?!

Mahmud Rəiyyətnejad dedi:

- Danışmağın nə faydası?! Biz nə deyiriksə, siz qəzetlərinizdə əksini yazırsınız.

Eynəkli kişi dedi:

- Biz bura qəzet və ya televiziyadan gəlməmişik. Bizi göndəriblər ki, sizin vəziyyətinizi öyrənək. Arxayın danışın.

Mənsur dedi:

- Siz qəzet və televiziyalarda təbliğat aparırsınız ki, bizi zorla cəbhəyə göndəriblər. Biz könüllü gəlməyimizi nə qədər deyiriksə də, siz başqa şey yazırsınız.

Həmid dedi:

- Biz digər əsirlər kimi olmaq istəyirik. Siz bizdən ölkəmiz əleyhinə istifadə edirsiniz".

Eynəkli kişi dedi:

- Bizim prezidentimiz yalnız humanistlik etmək istəyir.

Mənsur dedi:

- Bizi üç ay istixbaratda saxladınız. O isti havada nə hamam vardı, nə tualet. Düşərgədə də hər gün bizi döyürlər. Bu, humanistlikdir?!

Əsgər içəri girib fincanları yığdı. Ürəyim istəyirdi ki, fincanlar bir də dolu qayıtsın, amma qayıtmadı. Eynəkli kişi dedi:

- Yəni sizi döyüblər?

Dördümüz də bir ağızdan dedik:

- Bəli.

Eynəkli kişi ilə söhbətimiz bir saat sürdü. Sözümüzün canı bu idi ki, biz əsirik, əks-təbliğat mövzusu deyilik!



Eynəkli kişi gedəndə bizi əmin etdi ki, müsahibənin çəkilişini İraq televiziyasına verməyəcək. Dedi ki, bu videonu yalnız yüksək rütbəli məmurlara verəcəyəm. Biz də sözlərinə inandıq. Sonrakı günlərdə televiziya və qəzetlərdə həmin birsaatlıq söhbətdən əsər-əlamət görməyəndə anladıq ki, eynəkli kişi yalan deməyib.

Alpinist kişi


Ötən hər bir adam bir anlıq dayanıb uca dağın yamacındakı büllur gölə tamaşa edirdi. Alpinist bir kişi ipdən tutub rəngli daşlardan yuxarı dırmaşırdı. İçində üç balaca yumurta olan göyərçin yuvasının yanından da keçib zirvəyə sarı gedirdi. Siyamək də orada idi. Soruşdum: "Siyamək, bunu kim düzəldib?" Dedi: "Kak Rza şamla düzəldib".

Kak Rza bir neçə şamı əritmək üçün bir qabda çırağın üstünə qoymuşdu. Sonra ərimiş maddəni soyuq su vedrəsinin içinə boşaltmışdı. Parafinlər soyuyandan sonra gözəl şəklə düşmüşlər; dağ, qaya və dərə şəklinə.

Kak Rza həmin parçalarla iri bir sənət əsəri yaratmışdı. O, alpinist kişini sabunla düzəltmişdi və bir qədər dəsmal sapını bir neçə qat edib ehtiyat ip kimi çiynindən asmışdı.

İraqlı əsgər olan Casim Kak Rzanın əl işini görüb ertəsi gün çoxlu rəngli şam gətirib iş sifariş vermişdi.

Siyaməklə pillələrdən endik. Həyətdə əsirlər iki-üç nəfərlik dəstələr halında gəzişirdilər. Tikanlı məftilin yaxınlığında bir yer vardı. Adətən, günboyu bir neçə nəfər orada bədənlərini günə verirdilər. Bizimlə get-gəli olan dindar uşaqlar heç vaxt başqalarının önündə paltarlarını soyunmazdılar. Günəşin altında köynəklərini çıxaranlar bunu sağlamlığa faydalı, dəri xəstəliklərinə və oynaq ağrılarına xeyirli bilirdilər. Doğru da deyirdilər. Çoxlarının bədənində qəribə döymələr vardı. Əsir düşmüş mülki vətəndaş olan Fəriborzun sağ qolunda həzrət Əliyə aid edilən bir şəkil çəkilmişdi, sol qoluna da pərişan saçlı bir qadın şəkli. Siyamək mənə danışdı ki, əsirliyin ilk aylarında döyməni bacaran Pərviz adlı bir iranlı bu yanlış ənənəni qoyubmuş. Az adam vardı ki, əlinin və ya qolunun üstünə ən azı, "bu da keçər" sözünü döydürmüş olmasın. Siyamək Pərvizi göstərdi. Otuz yaşlı, uca boylu və qalın qaşlı bir kişi idi:

- Pis adam deyil. Ona tatuvuran Pərviz deyirlər. Amma dindarların onunla arası yoxdur. Öz işilə məşğuldur. Yaxşı rəsmlər də çəkir, amma Səddamın şəklinin üzündən. İraqlılar məcbur edirlər. Təbii ki, azdan-çoxdan nəsə verirlər də. Başqa çarəsi yoxdur.

Köhnələrin əsirliyindən iki il ötmüşdü. Onların çoxu bədənlərini döydürdüklərinə görə peşman idilər və onları pozmağa çalışırdılar. Bu isə təxminən qeyri-mümkün idi.

Fəriborzun yanından keçirdik. Siyamək yerlisi olduğuna görə bəzən onunla zarafatlaşırdı. O, barmağını pərişan saçlı qadına sarı uzadıb dedi: "Fəriborz, bunu nə vaxt döydürmüsən?" Fəriborz gülüb dedi: "Qadası, bu, tağut dövründəndir". Sonra Siyamək həzrət Əlinin xəncərlə oturmuş şəklinə işarə etdi:

- Bəs bu?

- Qadası, bu, İslam respublikasına aiddir.

Gülüşüb Fəriborzdan uzaqlaşdıq. Bir neçə addım gedəndən sonra Siyamək dedi ki, o, sadə və təmiz adamdır, problemli gəncliyi olub. Əsirlikdən qabaq avara və yolkəsən olub. Son bir neçə ildə çörəkçi işləyib. Bütün gənclik çılğınlığından indi yanlız bu tatular qalıb. Əsirlikdə vaxtını ayaqqabı tikməklə keçirir. Fəriborz tatu üçün bədəninin heç bir yerinə rəhm etməmişdi. O, hətta barmaqlarının üstünə də nəsə yazmışdı. Ayağının üstündə ox batmış ürək şəkli vardı. Bir gün ona dedim: "Fəriborz, bilirsən, sən yeganə adamsan ki, ürəyin sinəndə yox, ayağının üstündədir". Gülüb dedi: "Hə, qadası, bilirəm. Dəli olmuşam da, anlamamışam". Fəriborz sonralar öz keçmişindən çox uzaqlaşdı. O, namaz qılır, oruc tuturdu.

Tikanlı məftillərin arasında yerə sancılmış nişanların üzərinə yazılmışdı: "Tikanlı məftilə yaxınlaşma!" Yavaş-yavaş ərəbcəm yaxşılaşdığında bunu başa düşdüm və biz yaxınlaşmayıb düşərgənin girişinə sarı qayıtdıq. Nəzarətçilərin biri bir qucaq qəzetlə içəri girirdi. Siyaməkin məsləhətilə otaqlarına keçdik ki, hansı yeni xəbərin yazıldığına baxaq.

Köhnə əsirlərin kamerası səliqəli idi, bizimkindən çox fərqlənirdi. Bizimki iki səbəbdən səliqəli qalmırdı: bizim dəcəlliyimizdən və qocaların zəifliyindən. Onların boşqabları bizimkindən çox dərin idi. Özləri bu formaya salmışdılar. Ortadakı səhəngin altında parçaya bükülmüş plastik qutularda yəqin ki yeməli şeylər vardı: mürəbbə, ya da turşu. Əsirlərin başı üzərində divara asılmış parçalarda diş məcunu, fırça, üzqırxan və qaşıq qoymaq üçün yerlər tikilmişdi. Kameranın divarlarından cürbəcür təsbehlər asılmışdı: torpaqdan, daşdan və ən çox da xurma tumundan. Boş yağ qablarından iynə-sap, düymə və digər kiçik əşyaları saxlamaq üçün qəşəng qutular düzəltmişdilər.

Siyamək qatlanmış kilimini sərdi və mən ona qonaq oldum. O, hər bir ev sahibi kimi qonağına qulluq etməyə getdi. Özünün və dostunun metal stəkanını götürdü. Kisədən stəkanların hər birinə iki qaşıq şəkər töküb səhəngə doğru getdi. İran səhənglərinin aşağısı yerin üzərində olur. Bu zaman da yerdən onun içindəki suya çirkin keçmə ehtimalı var. İraq səhəngləri isə konus formasındadır və üç metal ayaq üzərində durur. Səhəngin iti sonu yerdən aralı dayanır və mümkün damcıları plastik teştə tökülür. Səhəngin altındakı yer əsirlər üçün soyuducu işini görürdü; yeyinti məhsullarını oraya qoyurdular ki, tez xarab olmasın.

Siyamək su və şəkərlə qayıdana qədər kamera başçısı bir neçə qəzetlə içəri girdi. Şərbəti başıma çəkdim və Siyamək qəzetləri vərəqləməyə başladı. İyirmi üç nəfərin şəkli adət üzrə, Əl-Sovrə qəzetinin birnci səhifəsinə vurulmuşdu. Ərəb dilini yaxşı öyrənmiş Siyamək şəklə aid yazıları mənə oxudu.

Müəllif bizi "qapı arxasında qalanlar" adlandıraraq Səddam Hüseynin bizi geri vermək istəyi barədə yazmış və sonda həmişəki yalanlarını vurğulamışdı: İran rəhbərliyi zorla cəbhəyə yolladığı uşaqları qəbul etmək istəmir.

Siyaməklə sağollaşmazdan qabaq şəkil albomunu vərəqlədim. Albomun cildini yuyucu tozunun qutusundan, səhifələrini də şəffaf neylondan düzəltmişdi. Səhifələrə rəngbərəng dəsmal sapları ilə gözəl haşiyələr tikmişdi. Hər səhifə bir rəngdə idi.

Palto


Oktyabrın ortalarında Rəmadinin havası artıq soyumuşdu. Köhnə əsirlər bir il mıxdan asıla qalmış tozlu paltolarını yuyub günün altına qoydular. Bir gün düşərgənin anbarının rəisi olan qaradərili Məhəmməd gələndə Yəhya Qeşmini göndərdik desin ki, biz də palto istəyirik. O, mehriban adam idi. Güləndə iki sıra iri və səliqəli dişi üzündə qara və ağ rənglərinin maraqlı təzadını nümayiş etdirirdi. Həftədə bir dəfə mətbəxin anbarının önündə dayanıb nəzarət edirdi, əsirlər yük maşınından düyü və lobya boşaldırdılar. Maşın boşalan kimi Yəhyanı axtarırdı. Onu görəndə ucadan deyirdi: "Ha, Əbu-Samirə,30 necəsən?"

Yəhya Qeşminin dərisi də onunku kimi qara idi. Bu eynilik onun Yəhya ilə yaxınlığına səbəb olmuşdu. O, Yəhyanı çox istəyirdi, bəzən zarafatla ona deyirdi: "Əbu-Samirə, müharibədən sonra öz yanıma gəl, qızımı sənə verərəm. Elə burada da qalarsan. Sən mərifətli oğlansan". Yəhya utanırdı, amma xəcalətindən qızarmırdı; yəni qızara bilmirdi!

Həmin gün anbar rəisinin Yəhyaya hörmətindən istifadə edib iyirmi üç nəfərlik qrup üçün palto istəməyi ona tapşırdıq. Getdi, o da sözünü yerə salmadı.

Ertəsi gün bir neçə böyük kisədə paltolarımızı gətirdilər. Təzə deyildi; bəzisi cırılmışdı, bəzisini siçanlar çeynəyib deşmişdi və hamısı toz-torpağın içində idi. Yəqin ki illərlə anbarda qalmışdı. Bəlkə də İraqın keçmiş prezidenti Həsən Əl-Bikrin ordusundan qalmışdı. Çünki o zaman İraq ordusunda heç kim palto geyinmirdi, buşlat geyinirdilər. Amma nə olsa və tarixin hansı dönəmindən qalmışdısa da, bizi Rəmadinin quru və şiddətli soyuğundan qoruya bilərdi. Məgər biz bir neçə qat tikanlı məftillər arasında sağlamlıqdan başqa nə istəyirdik ki?!

Paltoları yuyub yamadıq və geyindik. Ciddi tikişə ehtiyac duyduqda Həmid Müstəqimiyə müraciət edirdik.

Həmidin atası korpusa qoşulmazdan öncə yaxşı dərzi idi, Seyrcan şəhərinin böyük küçələrindən birində kiçik bir dükanı vardı. Həmid yay tətillərində atasının dükanında şagirdlik etmiş və 14 yaşında dərziliyi öyrənmişdi. O, nəinki paltoları bizim ölçümüzə saldı, hətta bizə öyrətdi ki, bir uzun ərəb donundan necə bir köynək və bir şalvar çıxarmaq olar. Həmid dərslərinə xələl gəlməyəcək həddə səxavətlə sifariş qəbul edirdi. Mən ilk baxışdan maşın tikişindən seçilməyən əl tikişini Həmiddən öyrəndim. Toxumağı da kameranın Quran oxuyan mollasından öyrənmiş, mili nəzarətçilərdən gizli şəkildə tikanlı məftildən düzəltmişdim. Toxuma sənətindən birinci və axırıncı məhsulum bir araqçından ibarət idi. Sap bitdiyinə görə onun son sıralarını düyü kisəsinin iplərilə toxumuşdum.

Əhmədəli Hüseyni həmişəki kimi, bir gecə də öz çay payını Baba Əbuda apardı. Özü heç vaxt çay içməzdi. Deyirdi ki, ömür boyu çay içməyib. Bir neçə dəfə ona israr etdim ki, ən azı, bu bir qədər şəkəri yeməkdən ötrü çayını içsin, lakin heç vaxt aldanmadı və çayiçən olmadı ki olmadı. O, səhər-axşam çay stəkanını qocalara, xüsusən də Baba Əbuda verirdi. Qoca çayı içənə qədər Əhmədəli onunla söhbətləşir və onu tənhalıqdan çıxarırdı. Həmin gecə qocaya çay aparanda toxuduğum papağı da verdim ki, babaya versin. Qoca papaqdan ötrü o qədər sevinmişdi ki. Əhmədəli qayıdanda dedi: "Uşaqlar, Baba Əbud bu gecə ölməsə, yaxşıdır. Hər dəfə şama lobya yeyəndə özünü ölümə hazırlayır".

Seyidin klubu


Soyuq Rəmadi payızı noyabrı arxada qoymaq üzrə idi. Mənsur, Həmid və Cavad həyətdə tikanlı məftillərin yanında dərs keçirdilər. Seyid Məhəmməd Hüseyni torpağı hamarlayıb çubuqla ərəb dilində bir cümlə yazır və sonra sintaksis təhlil edirdi.

Zeyd Əmri vurmuşdu. Mənsur, Həmid və Cavad bir-bir Seyid Məhəmmədə cavab verirdilər ki, "Zeyd Əmri vurdu" cümləsində Zeyd və Əmr qrammatik baxımdan nədirlər.

Yəhya Qeşmi və mən Əmrlə Zeydin davasından uzaqda, tikanlı məftillərin yaxınlığında gəzişirdik. Paltolarımızın yaxasını qulaqlarımıza qədər qaldırmışdıq və bir-birimizə vətən xatirələrimizi danışırdıq. Yəhya ilə həmişə öz ləhcəmizdə danışırdım, o də Qeşm ləhcəsilə cavab verirdi. Bir-birimizi anlayırdıq.

Yəhya Qeşm adasındakı uşaqlığından danışırdı; atasının balıqçılığından və onunla birgə balığa getməyindən. Mən də Yəhyaya öz kəndimizdən və xoşbəxt uşaqlıq günlərimdən əhvalatlar söyləyirdim; hündür yulğun ağaclarının başındakı bülbül yuvasından balasını götürməyimizdən, bülbül balalarının ən yaxşı qidası olan kiçik çəyirtkələri ovlamaq üçün saatlarla günəşin altında əziyyət çəkməyimizdən. Yəhya həmişə şad idi və ucadan gülürdü. O, tez-tez danışırdı, məndən başqa hamı onu çətinliklə başa düşürdü.

Gəzişərkən Seyid Hisaməddin Nəvvabini gördüm. Paltosunu qulaqlarının üstünə çəkmişdi. Bizim əllərimizdən tutub bir küncə çəkdi. Seyid danışanda həmişə ətrafı yoxlayırdı. O dedi: "Hüseyn ağaya çatdırdım ki, sən onu tanıyırsan. Salam yolladı və dedi ki, bu sirr aramızda qalsın". Seyid Hisam bunu deyib gülümsədi və yoluna davam etdi. Bir şey başa düşməyən Yəhya Qeşmi soruşdu: "Hüseyn ağa kimdir?" Gizlədib dedim: "Bizim yerlimizdir; Ciroftdan, ya da Kəhnucdan. Üçüncü korpusda qalır. Düşərgədə Qvardiyaçı Hüseyn kimi məşhurdur. Çox istəyirəm onu görüm".

Bunu doğru demişdim. Haçan idi Qvardiyaçı Hüseyn haqda eşitmişdim. Onu yaxından görmək istəyirdim, amma novruz bayramına qədər gözləməli idim. Eşitmişdim ki, əsl familiyası Xalisi olan Qvardiyaçı Hüseyn düşərgənin yaxşı uşaqlarındandır. Şah zamanı hündür idmançı bədəninə görə şahənşah qvardiyasının zabitlərindən olmuş, şahlıq devriləndən sonra bütün güc və bacarığını İslama və vətəninə həsr etmişdi. Ürəyim istəyirdi ki, novruz bayramı tez çatsın və mən yerlimi görüm.

Həmin gecə sayma zamanı iraqlı zabit əvvəlcə qocalara, sonra isə bizə salam verdi. Əsirləri saydı, cibindən kiçik bir kağız çıxarıb Kazimə dedi: "Adlarını oxuyacağım adamlar əşyalarını toplayıb bayıra çıxsınlar". Canımıza qorxu düşdü. Məsələnin nədən ibarət olduğunu, kimin haraya gedəcəyini bilmirdik. O, adları oxumağa başladı: “Mənsur Mahmudabadi, Həmid Müstəqimi, Həsən Müstəşriq, Yəhya Kəsai Nəcəfi”.

Məhəmməd Babaxani ən yaxın dostu və yerlisi Əhmədəlinin adının çəkilmədiyinə sevinsə də, ürəyi dözmədi və Kazimə dedi: "Ağa Kazim, soruş ki, haraya aparırlar". Kazim zabitdən soruşdu və dedi: "Deyir ki, 24-cü kameraya aparırlar".

Ürəyimiz sakitləşdi. Aparılanlar daha nəinki narahat deyildilər, hətta məmnun görünürdülər. 24-cü kamera düşərgənin mühüm adamlarının yeri idi. Bununla yanaşı, dostlarımızdan ayrılmaq bizə çətin idi. Onlarla qucaqlaşıb sağollaşdıq.

O gecə onların boş yerlərini görmək bizi çox darıxdırdı. Balaca Mənsur zarafat, gülüş və müsbət enerji mənbəyi idi. Daha Həsən Müstəşriq yox idi ki, ustalıq edib qüssələri dağıtsın və zorxana nəğmələri oxusun. Ona usta oğlan deyridik. Qədimdə atası Sari şəhərində zorxana ustası olmuşdu. Həsən uşaq ikən bizə zorxanadakı xatirələrindən danışmış və gecələr ürəkaçan səsi ilə oxumuşdu:

- Şeypurçu, yavaş vur, yavaş vur görüm!

Həsən Müstəşriqin, yaxud Həmid Tağızadənin ifadəsilə desəm, Rəştli Həsənin bu lor nəğməsini haradan öyrəndiyini isə bilmirəm.

Bir neçə gündən sonra idmançı bədəni yaşına uyğun gəlməyən Seyid Abbas Səadət kameranın ortasında döşəkləri yan-yana düzüb dedi: "Uşaqlar, kim güləş öyrənmək istəyir?"

Seyid Abbas kiçik Pariz şəhərində yaxşı güləşçi olmuşdu. Çoxdan beyninə düşmüşdü ki, kamerada kiçik bir güləş klubu açsın. Həsən Müstəşriq də Seyid Abbas və bütün mazandaranlılar kimi güləş həvəskarı idi və deyirdi ki, qardaşı İran çempionu Rza Suxtesərai ilə güləşmişdir. O, Seyid Abbasın fikrini dəstəkləyirdi. Amma tale elə gətirdi ki, klub fəaliyyətə başlayanda usta oğlan aramızda olmadı.

Seyid Abbas mehriban uşaq idi. İlk dəfə istixbaratın zindanında Parizdən olduğunu deyəndə yadıma düşmüşdü ki, qardaşım Musa bir dəfə Bastani Parizinin yazdığı "Oğrular peyğəmbəri" kitabını gətirmişdi və mən oxumuşdum. Ondan sonra Seyid Abbas mənə Bastani Parizini xatırladırdı. Əsərin qəhrəmanı və hökumətin düşməni olan Hüseyn xan Bıçaqçının da yəqin ki öz Seyid Abbasımız kimi idmançı bədəni olmuşdu.

Mən seyidin ilk şagirdlərindən oldum, onun sayəsində güləş fəndlərilə, parterlə tanış oldum. O vaxta qədər fikirləşirdim ki, güləşdə qolu güclü olan qazanır. Lakin bir dəfə gücü məndən çox olan Əbəlfəz Məhəmmədinin kəmərinə ayağımı ilişdirib arxasını yerə vuranda öyrəndim ki, güləşdə hər şey gücdən asılı deyil. Bu, təbii ki, yalnız bir dəfə baş verdi. Əbəlfəz seyiddən fəndləri öyrəndi və heç kim qarşısına çıxa bilmədi.

Seyid Abbasın güləş klubu yavaş-yavaş rövnəqləndi və bizim çoxumuzu güləşlə tanış etdi. Bu klub nəzarətçilərin gözündən uzaq şəkildə bəzən gecələr də fəaliyyət göstərirdi. Qocalar uzandıqları yerdən bizim güləşimizə baxıb gülürdülər.

Seyid Abbas mərifətli və düşüncəli idmançılardan və umumilikdə yaxşı həmsöhbət idi. Bir məsələ barədə adamı əmin etmək istəyəndə deyirdi: "Cəddim haqqı". Mən bu sözü başlarına yaşıl şal atıb Kermanın cənub kəndlərinə nəzir yığmağa gələn Bəhbəhan seyidlərindən çox eşitmişdim. Amma Seyid Abbas "cəddim haqqı" deyəndə bu Pariz yeniyetməsi gözlərimdə imam övladı qədər müqəddəsləşirdi.

Bir dəfə yeməyə üzüm vermişdilər. Molla üzüm dənələrini bərabər şəkildə böldü. Hərəyə yeddi üzüm giləsi düşdü. Seyid Abbas son üzüm giləsini mənə verib dedi: "Al, Əhməd, ye. Süleymanın canı üçün, sənin qismətin imiş". Üzümü alıb ağzıma atdım və dedim: "Seyid, bu Süleyman kimdir?" Seyid oturub Parizin qoca dəmirçisinin əhvalatını danışdı. Parizdə bir dəmirçinin Süleyman adlı bir oğlu varmış. Dəmirçi Parizdə tikinti və əmək alətləri düzəldirmiş. Müştəri gələndə əvvəlcə deyirmiş ki, yoxdur, amma içəridəki otaqda müştərinin istədiyi alət varmış. Müştəri israrla xahiş edəndən sonra içəridən istədiyini gətirər və deyərmiş: "Al, sonuncudur. Süleymanın canı üçün, sənin qismətin imiş".


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə