Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

 
49
YAYLAQLI GÜNLƏRİM 
 
Düzlə, dərəylə, meşəylə, gecəylə, ayla, ulduzla bir yerdə yaşamaq! 
Möcüzəli duyğular, möcüzəli səslər, möcüzəli rənglər! 
Ülviləşən iqlim. 
Dəyədə oturub dünyanı qəlbində görmək! 
 
NƏNƏLİ GÜNLƏRİM 
 
Orta boylu, sarıyanız qadındı. 
Gündə beş dəfə namaz qılardı. 
Ağlamaqdan gözləri tutulmuşdu. 
Qızını itirmişdi – ağlamışdı. 
Ərini itirmişdi – ağlamışdı. 
Oğlunu itirmişdi – ağlamışdı. 
Çarqatının qırağında mənə şirniyyat gətirərdi. 
Əlləri qabar-qabar idi. 
Ağlayanda tək ağlayardı. 
Qapını bağlardı, heç kəsi evə buraxmazdı. 
110 il yaşadı. 
İnanırdı ki, əri və oğlu qayıdacaq. 
Qayıtmadılar. 
Babam yadımdadır.  
Qaranlıq bir gecədə  məni çiynində uzaq bir yerdən kəndimizə 
gətirdi. 
Bağçamızda işləyərdi, yorulanda əlləriylə alnının tərini silərdi. 
Axşamların birində evimizə  hərbi qiyafəli bir adam daxil oldu
çayımızı içdi və babamı apardı... 
Nənəmi çox istəyərdi. 
Qoca vaxtlarında da bir yerdə yatardılar. 
Həyatımda nənəm kimi dözümlü adama rast gəlmədim.  
Doğruçu adama rast gəlmədim.  
Mehriban adama rast gəlmədim.  
Çalışqan adama rast gəlmədim.  
Ağsaqqal adama rast gəlmədim.  
 
50
 Bir vaxtlar düşünürdüm ki, əvəzsiz adamlar gərək ölməsin. 
Yaxşı nənə əvəzsiz idi. 
O, ölməməliydi! 
 
QÜRUB ÇAĞLI GÜNLƏRİM 
 
Qaranlıq çökür yollara, çəmənlərə, sifətlərə.  
Qüssə çökür varlığıma. 
 
ƏMİLİ GÜNLƏRİM 
 
Deyirdin – günəşin şüasıdır, evimizi işıqlandırır. 
Deyirdin – bulaqdır, suyundan içirik.  
Deyirdin –  axar çaydır, düzlərə səpələnən.  
Deyirdin – şaxəli ağacdır, göylərə ucalan.  
Deyirdin – şimşəkdir, namərd başına çaxılan. 
Deyirdin – dağdır, – dözümlü, düşüncəli, dönməz. 
Təbiətə bənzəyirdi. 
Hamıya lazım idi: cavana, qocaya, məzluma, qoçağa, kişiyə, 
qadına. 
Təbəssümlüydü. 
Sözlü-söhbətliydi. 
Başı mərəkəliydi. 
Sevilirdi. 
Ay işığında evimizə əmi arvadı gəldi. 
İmarətimizdə işıq çoxaldı. 
Əmim ən böyük fərəh idi. 
Ən böyük qılıq idi. 
Ən böyük qayğı idi. 
Ən böyük qeyrət idi. 
Qardaş canlıydı. 
Ata canlıydı. 
Ana canlıydı. 
Yengə canlıydı. 
Qohum canlıydı. 


 
51
Adi orta məktəb müəllimi idi. 
Torpağa bənzəyirdi. 
Çiçəyə bənzəyirdi. 
Kəndimizdə əmimin açmadığı qapı yox idi. 
İsitmədiyi ürək yox idi. 
Anadangəlmə havadar idi. 
İki mərtəbəli ev tikdirmişdi, qardaşı üçün, qardaşının balaları üçün. 
Dərdi böyük idi... 
Bayramsayağı geyinməzdi, sürgündəki bacısını gözləyərdi. 
Kəndimizdə ən zarafatcıl adam sayılardı. 
Həyatımda onun kimi ciddi adama rast gəlmədim. 
Adı Xalid idi. 
Müharibəyə getdi, gəlmədi. 
Kəndimizin Xalid dövrü bitdi... 
 
 
NƏSİLLİ GÜNLƏRİM 
 
Atamın babası Hacı Alı  Əfəndi 19-cu əsrdə Qazaxın Daş Salahlı 
kəndindən Ermənistanın Çaykənd kəndinə köçür. 
Hacı Alı  Əfəndinin  İbrahim, Hacı  Əhməd  Əfəndi və Molla 
Məhəmməd adlı üç oğlu varmış. 
Atam Qasım Əfəndiyev – Molla Məhəmmədin oğludur. 
Qaraqoyunlu tayfasındanıq. 
Anam – Növrəstə Əfəndiyevanın atası – Hacı Alı – Qazaxlıdır. 
Babalarımın hər ikisi ruhani silkinə mənsub idilər. 
Müqəddəsliyə tapınırdılar. 
Yeri-göyü yaradan Allaha, o dünya xurafatına inanmıram. 
Ancaq Müqəddəsliyə inanıram. 
Bu cəhətdən babalarıma oxşamışam. 
 
 
 
52
DAVALI GÜNLƏRİM 
 
Qara kağız 
 
Fəlakət adlanan qara quzğun dimdiyində  kəndimizə qara kağız 
gətirərdi. 
Dünənki 18 yaşlılardan kimsə itkin düşərdi. 
Bir evdə çıraq keçərdi, – bütün kənd zülmətə qərq olardı. 
Bir evdə matəm səslənərdi, – bütün kənd ağlardı. 
Çayın səsi eşidilməzdi yas səsindən. 
Analar ağlayardı. 
Qayalar anaların səsinə səs verərdi. 
Yerdən göyə insan ahı qalxardı. 
 
Əmi arvadı 
 
Qapını ehmallıca örtdü. Getdi. Bir daha qayıtmadı. 
Əmim Xalidin keçmiş arvadı. 
İlk dəfə xəyanətlə üzləşdim. 
Dağlar gözümdə kiçildi. 
Meşələr gözümdə seyrəldi. 
Səma gözümdə daraldı. 
Kəndimizi tanımadım. 
 
Səkil it 
 
İtə yem lazımdır. Yem isə yoxdur. 
Kənddə aclıqdır. 
Qonşuda aran buğdası var, ət var, ağ çörək var. 
Kolxoz sədri firavanlığın yeddi qatındadır. 
Gəlmələr, getmələr, qonaqlar, badələr, bəzəkli çöhrələr, qırmızı 
gözlər... 
Kənddə müsibətdir. 
Qonşuda bayramdır. 
Səkil it qonşu həyətindən yığılmır. 


 
53
Yallanır. Yemlənir. 
Evə qayıtmır. 
Kolxoz sədrinə bu pələngə bənzər it çox lazımdır. 
Onun həyətində qorumalı nemətlər çoxdur. 
Bizi daha eşitmir Səkil it, səsimizə məhəl qoymur. 
“Satdın bizi, Səkil it, haram yemə, Allah sənə lənət eləsin!” 
Nənəmin tüfəngindən açılan güllə Səkil iti yerə sərir. 
Murdar olur Səkil it. 
 
Raykom  katibinə  moruq 
 
Məktəbi bağladılar. Uşaqları səfərbər elədilər.  
“Raykom katibinə moruq yığmalısınız!” dedilər. 
Çantalandıq. 
Yoxuşa dırmandıq. 
Çantanı moruqla doldurduq... və çantadakını son dənəsinə  qədər 
mədəmizə boşaltdıq. 
Bu, bizim – kənd uşaqlarının ədalətsizliyə qarşı üsyanı idi. 
Məktəbdən qovulduq. 
 
Yaralılar 
 
Ayda bir, ildə bir kəndimizə davadan yaralılar qayıdardı.  
Yaralıların başına yığılardılar. 
“Mənim balamı gördünmü?” – deyərdilər. 
Analar üçün davanın ünvanı bir idi. 
Yaralılar analara istənilən cavabı verə bilmirdilər. 
Narahat olurdular, yaralarının sızıltısı artırdı. 
Biz yaralıları yamsılayardıq. 
Əlimizi əyri tuturduq, axsayırdıq, gözümüzü qırpırdıq. 
O dövrdə bizim üçün gözəl görünmək – şikəst görünməyə bərabər 
idi.  
 
 
54
Bağ oğruları 
 
Gecənin birində bağdakı almalarımızı yığıb apardılar. 
Deyirdilər ki, kimsə əsgər gedir, ona lazımmış. 
Sarsıldım. 
Əsgər getmək – yaxşı işdir. 
Ancaq bağ oğrusu olmaq – rəzalətdir. 
Nənəm almaları  əsgər getməyən, arxada qalan nəvələri üçün 
bəsləyirdi. 
Qarğış elədi nənəm  əsgər gedənə – səhərə  qədər hiddətlə
həyəcanla, inamla; və mən Nənəmi qınamadım. 
 
Dünyalaşmaq 
 
Meşələrin arasından, dərələrin üstündən, çayların yanaşığından 
keçirdik. 
İşıqla qarşılaşırdıq, izlə qarşılaşırdıq. 
Kəndimiz daxilimizdə böyüyürdü, dünyalaşırdı. 
 
 
 
ŞƏHƏRLİ  GÜNLƏRİM 
 
Patefonda çalınan musiqi 
 
Patefonda musiqi çalındı  və  mən təzədən çaylara qovuşdum
səmalara ucaldım, düzlərə üz tütdüm. 
Musiqini mən şəhərdə dinləyirdim. 
Ancaq o, məni kəndə aparırdı. 
Patefon şəhərliydi, musiqi – kəndli. 
Meşələrin qoynunda bu musiqi daha gözəl səslənərdi. 
Çayın səsinə qarışardı, ayla bir doğardı, günlə bir çıxardı. 
Şəhərdəydim, əslində isə kənddəydim. 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə