Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   29   30   31   32   33   34   35   36   37

__________________Milli Kitabxana_________________________ 
183 
 
Boşdur görəcəklər söz çinədanın,  
Daşqır eləməyə dən qalmayacaq.  
Onda deyəcəklər yerini tanı;  
Onda üz tutmağa yölu qalmayacaq! 
 
Onda əl istisi gedər yaxandan,  
Əlinə "qurdyeməz" kababı düşər,  
Cıdır meydanına dolu yağanda  
Bəxtinə yəhərsiz bir yabı düşər... 
 
Onda görəcəksən görmürsən daha  
Ayağın başdadır, başın ayaqda.  
Təzə nağılımız qalsın sabaha...  
İstəsən sabahsız, bır ayrı vaxta... 
 
22 avqust, 1982 
 
 
YAZI MASAMA 
 
Biz iki ocaq kimi  
Sinə-sinəyə yandıq.  
Odumuz öpüşəndə  
Közümüzə inandıq. 
 
Dərd eləmə, desəm ki:  
Yazı masam, ölürəm!  
Ölə-ölə yazmıram:  
Yaza-yaza ölürəm...  
 
9 avqust, 1982 
 
 
 
 
 
 
 
 
  
 


__________________Milli Kitabxana_________________________ 
184 
 
 
BİZ QOŞA GETMƏLİYİK 
 
Bu həyatdır, əzizim,  
Ömür alan, gün satan;  
Toyuna da gül satan,  
Vayına da gül satan;  
Bu üzdə çay körpüsüz,  
O üzdə körpü çaysız;  
Təzə nəğmə oxumur  
Dərəsi köhnə çaysız.  
Doğmalığı yadlığa  
Döndərən döngə qısa...  
Ocaqsız bir düşərgə  
Düşsə də baxtımıza,  
Bu yolu getməliyik;  
Andını möhkəm elə!  
Hər təpə bir yumurta,  
Hər qaya bır göbələk – 
Aşırmaq çox asandır.  
Aşırmarıq, aşarıq.  
İnamdan kəmənd hörüb,  
Zirvəyə dırmaşarıq.  
Yolları tərlətməli  
Vaxtımız belə öndə.  
Tərsi avand olacaq  
Baxtımız hələ öndə.  
Dan yerində hər kəsin  
Gözü də var, payı da;  
Hələ görən olmayıb:  
Səhər - küsə, gecikə,  
Gələ, geri qayıda.  
Üzümüzü örtəcək  
sonuncu səhərəcən,  
Biz qoşa getməliyik!  
Nitqimizi bağlayan  
sonuncu qəhərəcən  
Biz qoşa getməliyik!  
Bu şüarı gumulda:  
Bizsizsə dünya əgər – 
Göysüzdü göydəkilər,  
Yersizdi yerdəkilər. 
  
Oktyabr, 1982 
  


__________________Milli Kitabxana_________________________ 
185 
 
QIRX DOQQUZ YAŞIM 
 
14 oktyabr - qırx doqquz yaşım...  
Görüşdük onunla xəstəxanada.  
Əyləşib dərmanım, dərdim yanaşı,  
Təklikdən qorxanda təklənir adam. 
 
İl qaldı bir əsri yarı bölməyə,  
Bəs sonra? – 
Sonranın sonu görünməz.  
İşığın qəfildən dönər kölgəyə,  
Od elə donar ki, donu görünməz. 
 
Çaylara qol olan çağlarım hanı,  
Gəzəm, görməyim yox, baxmağım qalıb.  
Üfuqlər dalında qovum, qovdanım,  
Üfüqlər qaşında çaxmağım qalıb. 
 
Hər səsi eşitmir əsrin qulağı,  
Ozümə yağışam, özümə çətir.  
Fikrimin çəkisi çəkimdən ağır,  
Dartmaq da çətindi,  
Atmaq da çətin... 
 
Yolumu gözləyir bir donqar yoxuş,  
Arxada uçrum var, qarşıda qala,  
Dur, daha qələm də, söz də yorulmuş,  
Dur, azca qurdalan, azca xırdalan!.. 
 
Baxıram bu aləm öz aləmində, 
Mən açan çiçəyəm, 
Solan yarpağam. 
Nə vaxtsa, dünyanın duru dəmində 
Yenidən dünyaya qayıdacağam. 
 
Hardasa, nə vaxtsa tökülən dolur,  
Qum üstə arzular göyərir onda.  
Bir ömrü axırdan əvvələ doğru  
Yaşayan olacaq mən olmayanda. 
  
 


__________________Milli Kitabxana_________________________ 
186 
 
Ömrün öz tufanı ömrümü didir,  
Yox ayrı dərmanım dözümdən özgə.  
Qırx doqquz yaşıma əlvida dedim,  
Bir kimsə bilmədi özümdən özgə. 
 
14 oktyabr, 1982  
Fevral, 1983 
 
QAYTAR MƏNİ 
 
Yaşar Əliyevə 
 
Gönül, bu gün nağıl danış,  
Dünənimə qaytar məni.  
Ələnməmiş, üyünməmiş  
Öz mənimə qaytar məni. 
 
Mamırına dolu yatan  
Bir dağ döşü -bir daş otaq...  
Nə əl dəyən, nə zəng çatan  
Ünvanıma qaytar məni. 
 
Nədir itən, nədir qalan?..  
Beş-on sözdür ümid - qalam.  
Baş aparsam, başsız qallam,  
Yüyənimə qaytar məni. 
 
Aramızda tufan yaşar,  
Sahillərdən punhan yaşar.  
Yaşamağa güman yaşar,  
Gümanıma qaytar məni. 
 
1980 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
187 
 
HAQQIN YOXDU, HAQQIN VAR... 
 
Çox oldu ürəyimi diqtəsinə baxmadın,  
İlğımlar qova-qova yulğunlar qucaqladın,  
Sən ağlından qəlbinə gedən yolu bağladın.  
Haqqın yox, Məmməd Araz,  
Haqqın yox yaşamağa! 
 
Boğazına sarınan ilanı tumarladın,  
Qazancın bu oldu ki, mülayim oldu adın.  
Haqq yolu göstərdiyin haqqını qamarladı,  
Haqqın yox, Məmməd Araz,  
Haqqın yox yaşamağa! 
 
Sən məqamı gələndə Araza bənd olansan,  
Hər sözün işığında göyə bülənd olansan,  
Sən arzuya bələdçi, şərə kəmənd olansan,  
Haqqın var, Məmməd Araz,  
Haqqın var yaşamağa! 
 
Budaqda qarğa dördgöz, marıqda qırğı - 
quldur, 
Qasırğa hədəfində qumru yuvası qurdun.  
Kirpiyinin ucuna qonub, ötürsə qur-qur:  
Haqqın yox, Məmməd Araz,  
Haqqın yox yaşamağa! 
 
Şəkərini zəhərə alanların çoxu sağ,  
Üzüntülü ömürdən çox uzaqsan, çox uzaq.  
İydə dənəsi boyda qurğuşuna əl uzat...  
Bu haqdı, Məmməd Araz,  
Haqqın yox yaşamağa! 
 
Çox tozanaq atlını təmkin atınla keçdin,  
Sel boğan dərələri bir mərd qadınla keçdın.  
Bütün keçilməzliyi, Vətən, adınla keçdim...  
Haqqın var, Məmməd Araz,  
Haqqın var yaşamağa! 
4 sentyabr, 1982 
  
 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə