Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   2   3   4   5   6   7   8   9   ...   33

 
18 
Bir dəfə bərk dəhşət oyandı məndə. 
Bir anda o qədər artdı həycanım, 
Sandım ki, çıxacaq bədəndən canım. 
Kişi gülümsəyib göstərdi şəfqət
Dedi: Sədi, buna eyləmə heyrət! 
Həqiqət yolundan dönməsə hər kəs 
Çatar arzusuna, diləyi sönməz. 
Sədinin dediyi bu doğru sözlər 
Sənə fayda verər, dinləsən əgər. 
 
 XOSROV VƏ ŞİRUYƏ 
 
Yumanda əbədi Xosrov gözünü, 
Şiruyəyə dedi ürək sözünü: 
Çalış ürəyində olsun bir niyyət, 
Ölkəndə xoş günlər görsün rəiyyət. 
Oğul, ədalətdən üz döndərməsən, 
Xalq düşüb əzaba çəkinməz səndən. 
Rəiyyət zülmdən qaçır hər zaman, 
Çirkin ad qoymasın gərək hökmran. 
Xalqı incidəndə azğın hökmdar, 
Kəsir öz kökünü demək o qəddar. 
Qılınclar, nizələr yıxmayan şahı,  
Yıxar bir qarının yanıqlı ahı. 
Bir çıraq yandırıb məzlum dul qadın, 
Odundan şəhəri bürüyüb yanğın… 
Soruşsan dünyada kimdir bəxtiyar, 
Deyərəm: insaflı, adil hökmdar. 
Çatsa adil şaha ölüm növbəti
Yağar məzarına xalqın rəhməti. 
Yaxşı da, yaman da keçər dünyada, 
Çalış yaxşılıqla düşəsən yada. 
Əgər hakimlərin olsa haqsevən, 
Ölkəni daima abad görərsən. 
 
19
Sənə də düşməndir eli incidən, 
Xalqa zərər verib, xeyrini güdən. 
O hakimlərdə ki, yoxdur ədalət, 
Xətadır onlarda olsa rəyasət. 
Xəzinə toplamaq bəhanəsilə  
Onlar min əziyyət çəkdirir elə. 
Olmasa padişah haqq tərəfdarı, 
Bir gün ellər yıxar o hökmdarı. 
Qalmaz həmişəlik zalım hökumət, 
Qalar ancaq ona əbədi lənət. 
Yaxşılar yamanlıq görərmi eldən? 
Yamanlıq eyləsən, öz düşməninsən. 
Düşmənə mükafat verməyib, gərək 
Kökünü kəsəsən onun ağac tək. 
Quduz canavara rəhmin gəlməsin. 
Vaxtında məhv elə, o yekəlməsin. 
Xalqın sürüsünə daraşmadan qurd. 
Kəs onun başını, dağılmasın yurd. 
Quldurlar soyanda bir sövdagəri, 
Nə gözəl deyibdir o, bu sözləri: 
Mərdlik gözlənilməz quldur, qaçaqdan, 
Kişilik uzaqdır namərd alçaqdan. 
Soysa tacirləri əgər hökmdar, 
Ölkəsi, ordusu xeyirsiz qalar. 
Ağıllı yamanlıq görsə bir yerdə, 
Getməz o ölkəyə ömründə bir də. 
Olsa müsafirə əgər hörmətin. 
Gəzər yad ellərdə sözün-söhbətin. 
Çalış acizləri etmə müztərib, 
Səndən inciməsin əsla bir qərib. 
Olsan səyyəhlara əgər aşina, 
Səyyəh yaxşı adı yayar hər yana. 
Yadlara hörmət et, ayıq ol ancaq
Səni aldatmasın hər yetən alçaq. 


 
20 
Üzdə dost göstərir özünü düşmən, 
Gərək yabançıdan sən çəkinəsən. 
Bilsən əcdadının qədrini uca, 
Adın ləkələnməz dünya durduqca. 
Nə qədər ki, vardır əlində qüdrət, 
Kərəm sahibi ol, göstər mərhəmət.  
 
 
 ŞAPURUN XOSROVA MƏKTUBU 
 
İşdən kənar etdi Şapuru Xosrov, 
Kədərdən sarsıldı, xəstələndi o. 
Yazdı hökümdara: Ey böyük soltan, 
Mən ölüb getsəm də fani dünyadan, 
Sənin fəzilətin qalacaq ancaq, 
Olmaz ədalətdən boyun qaçırtmaq. 
Gəncliyim yolunda keçib, hökmran, 
Qovma qocalıqda məni qapından. 
Qəribdən çirkin iş baş versə əgər, 
İncitmə onu, yad ölkəyə göndər. 
Bəsləmə qəlbində ona ədavət, 
Olur öz düşməni ondakı xislət. 
Əgər fars elində gəlib dünyaya
Göndərmə Səqlaba, Ruma, Sanaya. 
Pisləri göndərsən başqa bir yurda, 
Verər başqasına əziyyət orda. 
Sənin də ölkənə gətirər ləkə, 
Deyərlər məhv olsun elə bir ölkə, 
Ki belə insanlar yetişdiribdir. 
Kim buna tərbiyə, ədəb veribdir. 
Kimin uzun illər xidmətləri var, 
Qocaldı, pis baxma ona, hökümdar. 
Qocalıqdan düşüb o ağır halə, 
Əlindən nə gələr, edəcək nalə. 
 
21
Saxlaya bilməsə biri əmanət, 
Yanında gözətçi qoy onun, əlbət. 
Əgər gözətçi də etsə xəyanət
Göstərmə onlara artıq dəyanət. 
Əmanət saxlayan qorxmayıb şahdan, 
 Çəkinsin o gərək böyük allahdan. 
Onu bil ki, görsən əgər yüz adam, 
Axtarsan, bircəsi olar düz adam. 
Qoysan iki dostu bir yerdə işə, 
Səbəbdir səninçin böyük təşvişə. 
Verib iki yoldaş möhkəm əl-ələ, 
Oğurluq edərlər səndən kələklə. 
O zaman ki qorxdu oğru-oğrudan, 
Qorxusuz, xətərsiz gedər karivan. 
Birini eylədin xidmətdən kənar, 
Əfv eylə sonralar onu, hökümdar. 
Sən bir ümüdsizə eyləsən imdad, 
Yaxşıdır min qulu etməkdən azad. 
Əməl kəndirini yazığın qırma, 
Yaranın üstündən bir yara vurma. 
Baxır ata necə doğma oğluna, 
Elə baxmalıdır şah öz quluna. 
Ata övladını döysə də hərdən, 
Silir göz yaşını, salmır nəzərdən. 
Yumşaqlıq göstərsən qudurar yağı. 
Çox təzyiq üsyankar edər qorxağı. 
Yumşaqlıqla sərtlik olur bərabər
Təbibdə həm dərman olur, həm neştər. 
Cavanmərdlik eylə, sən haqq ilə ol; 
Haqq sənin olsa da sən xalq ilə ol. 
Hamının həyatı sovrular bada, 
Bir yaxşı ad qalar ancaq dünyada. 
Tiksən karvansara, körpü, dəyirman, 
Adın yaşayacaq sənin hər zaman. 


 
22 
Qoymasa özündən hər kəs yadigar, 
O bir ağacdır ki, gətirməyib bar. 
Səni unutmasın istəsən cahan, 
Etmə böyüklərin adını pünhan. 
Xeyirli iş görüb getməsə hər kəs, 
Adı yaxşılıqla onun çəkilməz. 
Səndən əvvəllərdə çox şahlar varmış, 
Hamı böyük-böyük hökümdarlarmış. 
Naz-nemət içində ömür sürdülər, 
Öldülər, qaranlıq qəbrə girdilər. 
Birindən cahanda yaxşı ad qaldı, 
Birinin tarixdə adı bəd qaldı. 
Bədxahın sözüylə qalxma yerindən
Hər işi əvvəlcə öyrən dərindən. 
Səndən üzr istəsə əgər təqsirkar, 
Bağışla suçunu, olma çox qəddar. 
Biri eyləmişsə kiçik bir günah, 
 Öldürmə istəsə o səndən pənah. 
İlk günah edənə eylə nəsihət. 
İkincidə həbs et, ver çox əziyyət. 
Gördün ki, nəsihət, həbs etmir əsər, 
Sındır ağac kimi onu yerə sər. 
Yaxşı düşün, xəta çıxmasın səndən, 
Calanmaz ayırsan başı bədəndən. 
Sınar asanlıqla ləli-bədəxşan, 
Sınığı yamanmaz lakin heç zaman. 
 
 AĞILLI VƏZİR 
 
Dənizlər, səhralar keçib bir nəfər 
Bir dəfə Ümmana etmişdi səfər. 
O görmüşdü ərəb, türk, tacik və rum  
Bir çox fənlər ona olmuşdu məlum. 
Bilikli insandı, dünya görmüşdü. 
 
23
Fikrini biliyə, elmə vermişdi. 
Olduqca yoxsuldu bu kişi ancaq. 
Yanmış çuxasında vardı yüz yamaq. 
Bədəni qocanın ağac kimiydi, 
Lakin yarpaqlara möhtac kimiydi. 
O gəlib sahildə bir yerə çatdı, 
Qəlb açan, çox abad şəhərə çatdı. 
Burda səxavətli bir sultan vardı, 
Çox adil, insaflı bir hökmdardı. 
Acizə göstərir kərəm, mərhəmət, 
Yoxsul insanlara edirdi hörmət. 
Bilikli kişidən şah tutub xəbər
Əmr etdi aparıb onu nökərlər 
Təmiz yuyundurub, geyindirsinlər. 
Nəyə ehtiyacı varsa versinlər. 
Geyinib kecindi, kefi kökəldi. 
Kişi hökmdarın yanına gəldi. 
Baş əyib soltana, dua eylədi… 
Adil hökmdarsa ona söylədi: 
Aç, gizlin qalmasın, bir de görüm sən 
Bizim bu ölkəyə hardan gəlmisən? 
Mənim paytaxtıma gələn zamandan  
Burda nə görmüsən yaxşı-yamandan. 
Alim cavab verdi: soltan var olsun, 
Dünyalar durduqca bəxtiyar olsun. 
Gəzdim çox evləri bu şəhərdə mən, 
Qəm-kədər görmədim ürəklərdə mən. 
Şəhərdə heç yeri xarab görmədim, 
Bir sərxoş görmədim, şərab görmədim. 
Vardır hökmdarda böyük mərhəmət
Xalq səndən razıdır, çəkmir əziyyət. 
Alimin dürr kimi saçdığı sözlər, 
Şahın nəzərində göründü gövhər. 
Odur ki, alimə çox hörmət etdi. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə