MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 0,89 Mb.
səhifə2/13
tarix18.06.2018
ölçüsü0,89 Mb.
#49503
1   2   3   4   5   6   7   8   9   ...   13

İkinci fəsil



DİN
“Din” - ərəb kəlməsi olub lüğətdə müxtəlif mənalarda işlənmişdir. Onlardan: “cəza”, “itaət”, “hökm”, s. qeyd etmək olar. Amma, bu sözün ən mühüm və ümdə mənası “itaət və əmrə tabe olmaqdır”.

İlahiyyat alimləri dini belə tərif edirlər: “Din, Allah-təala tərəfindən bəşəriyyətin xoşbəxtliyə çatmasından ötrü haqq Peyğəmbərlərə (ələyhimussəlam) nazil olan hökmlər və göstərişlər toplusudur. Ona görə bu əmrlərə və qayda-qanunlara tabe olmağı lazım bilmişdir ki, insanlar bunlara tabe olmaqla Allahın vəd etdiyi səadətə çatsınlar.”

Bə’zi alimlər isə belə demişlər: “Din, elə bir Ilahi quruluşdur ki, ağıl və təfəkkür sahiblərini öz iradə və ixtiyarı ilə dünyada xeyirə, axirətdə isə səadətə tərəf sövq etdirir və onları düzgün yola istiqamətləndirir.”

Hər iki tərifə fikir verdikdə mənaların eyni olduğunu görürük.

Dinin iki mühüm və əsas dayağı (kökü, şərti) vardır: İman və əməl.1

Din - insanların bu dünyada yaxşı yaşayış və Axirət evində əbədi səadəti üçün Allah tərəfindən təqdim olunmuş kamil proqramdır. Şübhəsiz ki, insanların hidayəti (doğru yola sövqü) və xoşbəxtliyi üçün ən kamil olan bu proqram, insanı varlıq aləminin həqiqətləri ilə tanış edir.

Din - problemlərlə qarşılaşmış insan üçün ən etibarlı sığınacaqdır. Məhz insana izzət və böyüklük verən yalnız “din”dir. Elə bu səbəbdən də İlahi dinlər ayrı-ayrı fərdlərin və cəmiyyətin islahı, kamala çatması, nicat və xoşbəxtliyi üçün göndərilmişdir.
Ağıl kifayət edirmi?
İnsan ağlı yaxşı işi pis işdən seçmə qüvvəsinə, yaxşı və pisi dərketmə səlahiyyətinə malikdir. Və bu qüvvə Qurani-Kərimin insana bəxş etdiyi “yaxşını və pisi ayırd etmə bacarığ”ından qaynaqlanır. Deməli, İlahi dinlər göndərilməzdən əvvəl də bir çox ictimai və fərdi məsələlər bəşər övladına öz ağlının vasitəsilə məlum idi. Yaxşılığın və ədalətin gözəlliyi, zülmün və etinasızlığın çirkinliyi, bəzi əxlaqi xüsusiyyətlər, məsələn, “doğru danışmaq”, “əmanətdarlıq”, “şücaət”, “səxavətli olmaq” və s. ağlın dərk etdiyi məsələlərdəndir. Həmçinin, “yalan”, “xəyanət”, “paxıllıq” və “simiclik” və s. də, insan ağlının dərk etdiyi məsələlərdəndir. Amma insan ağlı bütün işlərin yaxşı və pis olmasını kamil şəkildə dərk edə bilmədiyinə görə, yaxud məhdud şəkildə qavradığına əsasən, İlahi dinlər, səmavi Kitablar və Peyğəmbərlər (ələyhimussəlam) ona bu yolda kömək olaraq göndərilmişlər. Onlar insana anlamadığı digər həqiqətləri açıqlamış və həm də, ağlın dərk etdiyi gerçəklikləri təkid etmişlər.

Xülasə, ağlın yaxşı və pis işləri dərk etməsi, insan təfəkkürünün müstəqil şəkildə bir çox həqiqətləri anlaması məlumdur. Lakin bu heç də həmişə belə deyil. Yadda saxlamaq lazımdır ki, bəzən insanın dərk etmə qabiliyyəti və anlayışı məhduddur. Yəni ağıl vasitəsil kamilliyə və səadətə yetişmək yolunda lazım olan bütün həqiqətləri ələ gətirmək mümkün deyildir. Ona görə də bu çətin yolda İlahi dinlərə və Peyğəmbərlərə (ələyhimussəlam) ehtiyac duyulur.


Dinin zərurəti
İnsan bu dünyada hədəfsiz yaradılmamışdır. Allah-təaladan da heç vaxt yersiz, hikmətsiz və hədəfsiz bir iş baş verməz. Quran ayələri və rəvayətlərdən aydın olur ki, insanın yaradılışında əsl hədəf - fəzilət və kamala yetişməklə Allah yanında ən ali dərəcələrə çatmaqdır. Bu ali hədəflərə dəqiq proqram, hərtərəfli qanun və göstərişlərsiz çatmaq mümkün deyildir. Əksinə, bu dəyərli məqamlara çatmaqdan ötrü elə qanun və hökmlərə ehtiyac var ki, fərdi və ictimai hüquqları qoruyub, azadlıq və rahatlığı təmin etsin, kamal və səadət yollarını insana göstərsin.

Aydındır ki, insan özünün müxtəlif istəklərini o cümlədən, Yaradanını və onu əsas hədəflərinə çatdıracaq yolları tanımır və çoxları öz səadət və xoşbəxtliklərini dünyada maddi mənafelərinə çatmaqda görüb, mənəvi və Axirət ehtiyaclarından qafildirlər.

Bəşər arasında qeyri-ilahi dinlər də mövcuddur. İnsanlar tərəfindən kor-təbii surətdə, yaxud xəyal və gümanlardan yaranan xurafat dinlər və ümumiyyətlə bütlərə, ulduzlara, mələklərə, və s. əsaslanan dinlər də vardır. Qur’ani-Kərim nöqteyi-nəzərindən bu kimi düzgün olmayan əqidələr də “din” adlandırılmışdır. “Kafirun” surəsinin 6-cı ayəsində buyurulur:
لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ
«Sizin öz dininiz və mənim də öz dinim vardır.»
Bəs görəsən, Allahın buyurduğu və düzgün saydığı din hansıdır? Bu suala Qurani-Kərim belə cavab buyurur:
إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ
«Şübhəsiz, Allah yanında (həqiqi) din həmin İslamdır. Hər kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaq və o, Axirətdə ziyan çəkəcəkdir.» 1

Üçüncü fəsil



İSLAM

“İslam” ərəb kəlməsi olub “Allahın dininə təslim olmaq” mənasını daşıyır. Bu cəhətdən də Allahın dininə təslim olana “müsəlman”1 deyilir. Yəni Allahın yeganəliyinə, mələklərə, Peyğəmbərlərə (ələyhimussəlam), Qurana, dirilməyə, bir sözlə dinin zəruri məsələlərinə inanan şəxs müsəlman sayılır.

Bildiyimiz kimi müsəlman olmağın ilkin şərti “kəlmeyi şəhadət”-i deməkdir. Yəni şəxsin özünün müsəlman olmasını isbat etməsi üçün bu kəlmələri dilə gətirməsi zəruridir:

1-Əşhədu ən lə iləhə illəllah (Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur).

2-Əşhədu ənnə Muhəmmədən rasulullah. (Şəhadət verirəm ki, Məhəmməd Allahın elçisidir).

3-Əşhədu ənnə əmiralmumininə Əliyyən vəliyyullah. (Şəhadət verirəm ki, möminlərin əmiri olan Əli Allahın vəlisidir).1

Lakin Allahın tam razılığını qazanmaq üçün yanlız “inanmaq” kifayət etmir. Əgər əməl olmasa, Axirətdə “inam” fayda verməyəcəkdir.

Müsəlmandan da üstün dərəcəyə isə “mömin”2 deyilir. Bu kəlmə “Allaha iman gətirib, Onun əmrlərini can-başla yerinə yetirən şəxs”ə deyilir. Hər kəsdə məhz bu ikisi (iman və əməl) olarsa, müsəlmandan da yuxarı dərəcəyə yüksəlmiş olur. Deməli, mömin müsəlmandan üstün mərtəbə sayılır. Nəticədə, hər möminə müsəlman demək düzgün, amma hər müsəlmana mömin demək yanlışdır. Məhz buna görə də Allah-təala buyurur:


إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا
«Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir.»3
İslam mötədil dindir
Müsəlman olan hər bir şəxs öz dinini düzgün tanımalı və ağlına gələn fikirləri din adındın söyləməməlidir. İslam dini insanları “ifrat” (həddi aşmaq) və “təfrit”ə (üzdən getməyə) deyil, “mötədil” yola (orta yola) dəvət edir. Başqa sözlə desək, insan istər fərdi, istərsə də ictimai fəaliyyətlərində “həddindən az”a və “həddindən çox”a yol verməməlidir. Bu ikisinin arasında olan “orta yol”u seçib həyatını davam etməlidir. Əgər o, ifrata və ya təfritə yol verərsə, onda günaha batıb əzaba düçar olacaqdır.

Sözümüzü üç misalla aydınlaşdıraq:



1-ci misal: Bilirik ki, həddi-buluğa1 çatan hər bir ağıllı insana ömrünün sonuna kimi namaz qılmaq vacibdir. Bəzən o, vaxtının çox hissəsini məsciddə keçirir və ibadətlə məşğul olur. Ailəsinə isə ruzi qazanmaq yadına düşmür. Belə olduqda, həmin şəxs ifrata varmış olur, yəni ibadətdə həddini aşır. Lakin elələri də var ki, Əziz Peyğəmbərimizin (salləllahu ələyhi və əlihi və səlləm) bu hədisini - “İbadət on hissədən ibarətdir. Onun doqquzu halal ruzi qazanmaqdır” – deyə sübut gətirir və namazı qılmır, yaxud qəzaya verir. Bu şəxs isə təfrit etmiş olur. Yəni namaza əhəmiyyət vermir və səhlənkarlıq edərək üzdən yanaşır. Nəticədə həm ifrat, həm də təfrit edən günah qazanmış olur. Lakin şəxs, mötədil yolu seçərsə, belə ki, müəyyən vaxtını ruzi qazanıb, namazı vaxtında qılarsa, onda savab əldə etmiş olar və Behiştə daxil olar.

2-ci misal: Bütün İlahi dinlərdə “donuz” əti yemək haramdır. Əgər insan acdırsa və onu ölüm təhlükəsi gözləyirsə, yanında donuz ətindən başqa bir şey olmasa, onda özünün sağ qalması üçün donuz ətini yeməsə və ölsə, həmin şəxs günahkardır və ifrat etmiş olur. Həmçinin, əgər halal ruzi olan yerdə ürəyi istədiyi zaman donuz əti yesə, onda da təfrit etmiş olur. Yəni hər iki halda Allah-təalanın hökmünə baş əyməyərək özünün seçim və istəyini Allah-təalanın seçim və istəyindən üstün tutmuş, nəticədə isə əbədi əzabı seçmiş olur. Lakin əgər insanın ölüm təhlükəsi olarsa və donuz ətindən başqa halal ruzi tapılmasa, onda sağ qalması üçün donuz ətindən bir miqdar yeməsi vacibdir. Çünki, Allah-təala insanı hər şeydən üstün tutur və onun ölümdən qurtulması üçün murdardan belə istifadə etməsinə icazə verir. Belə olduqda, o, vəzifəsini düzgün yerinə yetirmiş olur.

3-cü misal: Allah-təala istər kişinin, istərsə də qadının fitrətində “şəhvət” (cinsi meyl) hissini yaratmışdır. Bəzən insan bu işdə ya ifrata, ya da təfritə uğrayır. Belə ki, o, daxilində olan həmin “şəhvət” hissini lazım olmayan məqamda istifadə edərək günah qazanaraq zinaya1 mürtəkib olur. O, bu halda ifrata uğrayır. Ya da ömrünün sonuna kimi subay qalaraq gözləri ilə zina2 edir. Bu halda isə təfritə uğramış olur. Uca Yaradan bizə bu hissi kontrol edib günaha düşməməyimiz üçün mötədil yolu təyin etmişdir, yəni ifrata və yaxud təfritə yol verməməyimiz üçün “kəbin” oxunaraq ailə qurmağı buyurmuşdur.

Deməli, hər kəs ifrata və təfritə yol verərsə, məlumdur ki, həm özünə, həm də cəmiyyətə ziyan vuracaqdır. Nəhayətdə isə o, bu dünyada çox acı fəlakət və nəticələrlə üzləşəcək, Axirətdə isə Uca Yaradanın qəzəbinə düçar olacaqdır.


İslam ictimai dindir
İslamı digər din və məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də Onun “ictimai” din olmasıdır. Burada təkcə ayrı-ayrı fərdlərin deyil, cəmiyyətin islah olunmasına və onun düz yolu seçib saflaşmasına diqqət yetirilir. Buna görə də hər kəs İslamı öyrənməli və düzgün analiz etməlidir.

İslamda tərki-dünyalıq qəbul olunmazdır. İnsan namaz, oruc və digər fərdi əməllərlə yanaşı, cəmiyyət və bəşəriyyət qarşısındakı vacib əməllərini də yerinə yetirməlidir. İslamda vacib buyurulan Vətəni müdafiə etmək, Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq və bu kimi göstərişlər, həmçinin onlardan irəli gələn yüzlərlə, minlərlə vəzifə bunu (dinin ictimai olmasını) deməyə əsəs verir.

Bir sözlə, İslam - həmrəylik, öz ardıcıllarını səadət və xoşbəxtliyə çatdıran, insanı yaşadığı cəmiyyətlə sıx ünsiyyət saxlamağa sövq edən bir dindir.

Kamal və sonsuz xoşbəxtlik” arzusunda olan insan, İslam dininin buyuruqlarını yerinə yetirməli və bu işdə ciddi olmalıdır. İstər İlahi, istərsə də qeyri-ilahi məktəblərin prinsiplərini nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, onların hər biri insanın “kamal və sonsuz xoşbəxtliyə” çatması üçün yalnız öz ideyasının həqiqət olduğunu hesab edir. Bu səbəbdən də deyə bilərik ki, dinlər arasında mövcud olan ən başlıca fərq - insanın xoşbəxt həyat və səadətə - necə çatmasındadır. Görəsən, insan buna nail olmaq üçün hansı yolları keçməli və hansı əxlaqi xüsusiyyətlərə malik olmalıdır?

Hər bir kəs hamıdan üstün olmasını və ixtiyarında olan şeylərin ən yaxşısına yiyələnməsini istəyir. İnsanlar həmişə ən yüksək məqamlara nail olmağa və çatışmazlıqları aradan qaldıraraq xoşbəxt həyat tərzi sürməyə can atırlar. Bu bir həqiqətdir ki, hər bir insan dünənindən daha yaxşı yaşamağa can atır və mümkün qədər çox var-dövlət sahibi olmaq istəyir. Kamal və səadətə nail olmaq istəyi ilə yanaşı, onlar bu yolda müxtəlif çətinliklərlə qarşılaşmağı sevmirlər. Bu səbəbdən də çətinliklərlə üzləşərkən özlərində bir növ narahatçılıq və ümidsizlik hiss edirlər. İnsanda olan bu xüsusiyyəti İslam alimləri “kamillik axtaran fitrət” adlandırırlar.

Belə bir fitri xasiyyət insanda hansısa şəkk və tərəddüd olunası şəxs tərəfindən vücuda gəlməmişdir. Bütün din və ideoloji məktəblər yekdilliklə belə bir xüsusiyyətin insan fitrətində mövcud olduğunu etiraf etmiş, lakin bir-birindən fərqli olaraq insanın “səadət və kamala” çatması üçün bəşəriyyətə müxtəlif üsullar və yollar təqdim etmişlər. Yaranmış ixtilaf da yalnız insanın kamala çatması üçün ona təqdim olunan yolların hansının haqq və həqiqət olmasından ibarətdir.

Qeyd etdik ki, insan “sonsuz xoşbəxtlik” arzusundadır. Əgər bunu qəbul edəriksə, sözün əsl mənasında İslam dininin bəşəriyyətə təqdim etdiyi səadəti qəbul etmiş olarıq. Bu isə Allaha yaxınlıq və Onun razılığını qazanmaq deməkdir. Çünki, varlıqlar arasında yeganə sonsuz və mütləq qüvvə Allahın müqəddəs Vücudu və Zatıdır. İnsan yalnız Allahın razılığını qazanmaqla kamala nail ola bilər. Bunun isə yeganə yolu - İslam dininin göstərişlərinə layiqincə əməl etməkdir.

İslam nöqteyi-nəzərindən Allahdan başqa hər bir şey fani və məhduddur. İnsanın daimi istək və ehtiyaclarını təmin edən yalnız Allah-təaladır. Bu səbəbdən də xoşbəxtliyi var-dövlətdə görənlər böyük səhvə yol vermiş olurlar. Quran-Kərim buyurur:


وَاعْلَمُواْ أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلاَدُكُمْ فِتْنَةٌ وَأَنَّ اللّهَ عِندَهُ أَجْرٌ عَظِيمٌ
«Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən böyük mükafat, məhz Allahın yanındadır.»1

Pul və var-dövlət nə qədər çox olarsa, yenə də fani və tükənəsidir. Var-dövlət çox olduqda belə, insan bir çox hallarda qarşılaşdığı çətinlikləri pulla aradan qaldırıb hər şeyi onunla əldə edə bilmir və xəyalında yaradıb-yaşatdığı xoşbəxtliyə çatmır. Aləmləri yaradan, bütün xeyir və gözəlliklərin səbəbkarı olan Allah isə fani deyil, əbədidir. İnsan yalnız Allaha arxalanmaqla öz ehtiyaclarını ödəyə və əbədiyyətə qovuşa bilər. Quran bu barədə buyurur:


يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
«Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən ibadətinizə) möhtac deyil və hər cür şükrə layiqdir.» 1

İslam dini hazırki əsrdə yeni bir dirçəliş və tərəqqiyə qədəm qoymuşdur. Dünya müsəlmanları ayılaraq, öz əslinə, kökünə qayıdıb, cavabsız qalmış problemlərin həllini İslam təlimlərində axtarırlar. Allah-təala haqq din olan İslamı insanlara yalnız müəyyən bir zaman üçün deyil, əksinə Qiyamət gününə qədər gələcək bütün zamanlar üçün göndərmişdir.

İmam Hüseyn2 (ələyhissəlam) “Ərəfə” duasında bu mətləbə işarə edərək belə buyurur: “İlahi! Səni itirən şəxs nəyi axtarır və Səni tapan şəxs nəyi itirmiş olur?!”

İnsanın kamala çatmasının ən başlıca şərti - Allahın razılığını qazanmaq məqsədi ilə İlahi göstərişlərə əməl etmək və Onun qoyduğu yasaq və qadağalara tabe olmaqdır.

Başqa sözlə desək, İslam, insanın Allaha yaxınlaşmasını yalnız saf niyyətlə həyata keçirilən ibadətdə görür. Amma bu heç də o demək deyildir ki, o, cəmiyyətdən uzaq düşərək ömrünü-gününü ibadətdə keçirməlidir. Əksinə, insan daim özünü cəmiyyətin bir üzvü bilməli, yaranmış bütün çətinliklərin aradan qaldırılmasında onlarla qarşılıqlı həmkarlıq və dostluq əlaqələri qurmalıdır.

İslamın söz verdiyi ədalətli cəmiyyətdə yaşamasını, övladlarının sağlam cəmiyyətdə böyüməsini, itirilmiş heysiyyətinin qaytarılmasını, tapdanmış haqlarının bərpasını istəyən, təhqir altında, kölə halında istəməyən, quldarlıq və feodalizm quruluşlarından, monarxiyadan, diktaturadan yaxa qurtarmaq istəyən hər bir kəs mübarizəyə qoşulmalıdır. Əks təqdirdə heç bir şey dəyişməyəcək və dünya zülm ilə dolacaq. Qurani-Kərim buyurur:


إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ

«Həqiqətən hər hansı bir tayfa o şeyi (öz halını, vəziyyətini) dəyişməyincə, Allah da (onun halını, vəziyyətini heç vaxt) dəyişməz.»1

İnsanı xoşbəxt etmək üçün onun həyatını elektrikləşdirmək, kompyüterləşdirmək kifayət etmir. Axı onun döyünən qəlbi, daim rahatlıq axtaran ruhu var! Elmi-texniki tərəqqi insanın cisminə rahatlıq gətirir. Lakin o, təkcə “cism”dən yox, həm də “ruh”dan təşkil olunub. Ruhən xoşbəxt olmayan insan dünyadan imtina edir, intihara əl atır. Əksinə, ruhən xoşbəxt olan insan isə elektronikasız da keçinə bilir. Bəs ruhu necə xoşbəxt etməli? Onu hansı yolla əbədi səadətə çatdırmalı? Ruhun səadət və xoşbəxtliyi isə yalnız Yaradanın əmrlərinə “itaət” etməkdən ibarətdir. İnsanın bütün fikirləri, əməlləri və danışıqları Allaha yönəlməli və hədəf də yalnız Allah olmalıdır.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə