Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

ümumi bir dilin (ümumtürkcənin) dialektləri təsəvvürünü yaradırlar. Yalnız belə bir faktı xatırlatmaq 
kifayətdir ki, Azərbaycan dilinin təşəkkül tarixi qədim (ümum) türkcədə gedən diferensiasiya (bölünmə) 
prosesinin mürəkkəbliyini  əks etdirdiyi  kimi, inteqrasiya (əlaqələr) prosesinin çoxcəhətliliyini, 
çoxtərəfliliyini də göstərir. Və bu cəhət ancaq Azərbaycan dilinə aid olmaqla qalmır, demək olar ki, bütün 
türk dillərini bu və ya digər dərəcədə əhatə edir. Ümumiyyətlə, qıpçaq, oğuz və karluq xüsusiyyətləri az 
və ya çox dərəcədə bütün türk dillərində müşahidə edilir. Bu, onunla əlaqədardır ki, həmin xüsusiyyətlər 
müxtəlif dövrlərdə ümumtürk miqyasında qabarmış, bütün türk dillərinə öz təsirini, yenə təkrar edirik ki, 
az və ya çox dərəcədə göstərmişdir. Azərbaycan dilinin tarixində qıpçaq təsiri özünü V—IX, oğuz təsiri 
IX—XIII, karluq təsiri isə XIII—XVI əsrlərdə daha çox hiss etdirir. Görünür, digər türk dilləri də həmin 
təsirlərə təxminən eyni dövrlərdə məruz qalmışlar — hər şeydən əvvəl ona görə ki, qıpçaqların, oğuzların 
və karluqların ümumtürk kontekstində baş verən passionarlığı — etnosiyası, etnokulturoloji aktivliyi, 
ümumiyyətlə, həmin dövrlərə düşür. 
 Azərbaycanda türkcənin, yaxud prototürkcənin, yaxud da altaycanın hansı dövrdən yayılıb-
yayılmaması mübahisəlidir. Eramızdan  əvvəlki minilliklərdə Azərbaycanda Altay, prototürk, türk 
etnoslarının varlığını təsdiq etmək yoxluğunu sübut etmək qədər çətindir. Ona görə də həmin mübahisəli, 
daha doğrusu, qeyri-müəyyən dövrü, müəyyənləşmiş metodoloji ənənəyə uyğun olaraq, "tarixə  qədərki 
dövr" adlandırıb, diqqəti "tarixi" dövr üzərində  cəmləşdirmək lazım gəlir. Qafqazın, eləcə  də  ətraf 
regionların müxtəlif dilli mənbələri türklərin (bu cür diferensial şəkildə: altayların, yaxud prototürklərin 
deyil, məhz türklərin) Azərbaycanda eramızın ilk əsrlərindən etibarən mövcudluğunu nümayiş etdirir. Və 
həmin əsrlərdən I minilliyin sonu, II minilliyin əvvəllərinə qədərki dövrdə Azərbaycanın həm Şimalında, 
həm də  Cənubunda türklüyün həmçinin genişlənməsi, türkcənin həmin regiondakı  İran,  İber—Qafqaz 
dillərini sıxışdırması müşahidə edilir ki, bu mənada eramızın I minilliyi Azərbaycanın türkləşməsi 
dövrüdür. Bir sıra tədqiqatçılar Azərbaycanın türkləşməsi prosesini daha çox linqvistik bir proses hesab 
etməyə, həmin hadisənin mürəkkəb etnososial təbiətini nəzərə almamağa meyillidirlər — onların fikrincə, 
Azərbaycanın türkləşməsi artıq müəyyənləşmiş qeyri-türk mənşəli Azərbaycan cəmiyyətinin, yaxud 
xalqının türkcəni buraya köçən (inkişaf səviyyəsi yerlilərinkindən aşağı olan) türklərdən qəbul etməsi 
şəklində olmuşdur. Həmin qənaətlə razılaşmaq ona görə çətindir ki: 
 a) 
türklər Azərbaycana təxminən min illik bir dövrdə müəyyən fasilələrlə, bununla belə, böyük 
kütlələrlə  gəlmiş, V—VII əsrlərdə (yəni  İslamın yayıldığı  ərəfədə ) ölkə  əhalisinin həm  əksəriyyətini
həm də sosial-siyasi baxımdan fəal hissəsini təşkil etmişlər; 
 b) 
türklərin meydana çıxmasına qədər Azərbaycanda mövcud olmuş İber—Qafqaz (şimalda) və 
İran (əsasən cənubda) etnoslarının Azərbaycanın  şimalını  və  cənubunu  əhatə edəcək Azərbaycan 
superetnosunu yaratmış olduqlarını güman eləmək nəinki çətindir, hətta demək olar ki, qeyri-mümkündür; 
 c) 
Azərbaycana gələn hun türkləri, qıpçaqlar, oğuzlar da həmin regiondakı qeyri-türk mənşəli 
etnoslarla daha çox "diplomatik əlaqədə" olmuş, xüsusilə  oğuzlar tarixin onlara verdiyi böyük 
səlahiyyətdən istifadə edərək nəinki qeyri-türk mənşəli etnoslara, özlərinə qədər Azərbaycanda yayılmış 
türk mənşəli etnoslara da xüsusi iddia ilə yanaşmışlar. 
 Azərbaycanın eramızın I minilliyindəki etnik mənzərəsindən, xüsusilə türk tayfalarının burada 
məskunlaşması prosesindən bəhs edən tədqiqatçılar, bilavasitə  mənbə məlumatlarının azlığından sadəcə 
həmin tayfaların adlarını çəkməklə kifayətlənir, onları daha çox müstəqil etnik hadisə olaraq qəbul edir, 
müxtəlif dövrlərdə mövcud türk tayfalarını saymaqla müəyyən qarışıqlıq, eklektika yaradırlar. Müasir 
araşdırmaların bir məqsədi də, elə bilirik ki, ümumtürkoloji materialdan 
ÇIXIŞ 
etməklə həmin eklektikanı 
aradan qaldırmağa çalışmaqdan, mənbələrdə adı  çəkilən türk tayfalarının nə  dərəcədə eyni, yaxud 
müxtəlif olduğunu müəyyənləşdirməkdən ibarətdir. N. A. Baskakovun tədqiqatları göstərir ki, tarixən türk 
dilləri əsasən üç dialekt nümayiş etdirir: oğuz, qıpçaq və karluq "dialektləri"; tədqiqatçı buraya o qədər 
möhkəm tarixi yeri olmayan bulqar "dialektini də  əlavə edir. Lakin bulqar "dialekti, görünür, türk 
"dialektlərindən çox erkən təcrid olunduğundan, I minilliyin sonu, II minilliyin əvvəllərində  əsasən 
formalaşmış türk dillərində bulqar qatı axtarmaq özünü doğrultmur. Azərbaycan dilinin təşəkkülündə isə 
N. A. Baskakovun "türk dillərinin tarixi təsnifatında" xüsusi yer alan oğuz və qıpçaq "dialektləri iştirak 
etmişlər. Lakin görkəmli türkoloq nədənsə qıpçaq konponentinə fikir vermədən Azərbaycan dilini qeyd-
siz-şərtsiz oğuz qrupuna aid edərək yazır ki, "Azərbaycan dilinin kökləri bir neçə müasir türk dili üçün 
əcdad dil" olan VIII—X əsrlər Orta Asiya oğuz tayfalarının dilinə gedib çıxır. 
 Hun 
türklərinin ardınca Azərbaycana güclü qıpçaq axınları
 
başlandı ki, həmin axınlar 
Azərbaycanın, xüsusilə onun Şimalının etnolinqvistik taleyini faktiki olaraq həll etdi. Və görünür, 
Azərbaycanda yaşayan qeyri-türk mənşəli etnosların yenidən məskunlaşmaları, Azərbaycanın, ümumən 
Qafqazın dağlıq  ərazilərində  sıxışdırılmaları, müəyyən mənada müdafiə  məqsədilə "təcrid olunmaları" 
prosesi də qıpçaq yürüşlərinin intensiv olduğu dövrə — I minilliyin ikinci yarısına düşür. Lakin demək 
olmaz ki, qıpçaqlar özlərini eynilə hun türkləri kimi aparır, yerli əhaliyə etinasız yanaşırdılar. Hər şeydən 
əvvəl ona görə ki, hun türklərindən fərqli olaraq qıpçaqlar Azərbaycanda daha inamla məskunlaşır, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə