RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə16/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   12   13   14   15   16   17   18   19   ...   97

54 
nəğmədə – “Duman, qaç, qaç” nəğməsində isə havanın 
buludluluğunun qarşısını almaq, duman-çiskinin göyün 
üzündən tez çəkilməsini, günəşin çıxmasını, küləyin 
əsməsini arzulamaqla nəğmənin sakral gücündən istifadə 
etmək nəzərdə tutulur. İlk insanın təsəvvüründə duman 
əgər öz rübəndini açsa, gün çıxacaq, Yel baba dağdan 
enib gələcək. Buna görə  də  əcdadlarımız “duman, qaç” 
ifadəsi ilə öz arzularını bildirmiş olurdular.  
Mövsüm nəğmələri təbiətdə fəsillərin yerdəyişməsi 
ilə bağlı xalq düşüncəsində ilin mövsümlərini vəsf edən 
lirik hisslərin bədii inikası kimi qoşulmuşdur.  
Ayrı-ayrı  təbiət hadisələri və etiqadlarla bağlı 
yaranan nəğmələrdə günəş, külək, yağış, duman və s. 
haqqında ibtidai insanların mistik inamı, lirik duyğuları 
əks olunur. Belə  nəğmələr bilavasitə  məhsulun 
yetişdirilməsində, yığılmasında bu təbii ünsürlərin rolunu 
poetik  şəkildə nümayiş etdirir. Həm də mövsüm 
nəğmələrinin janr forması kimi üzə  çıxmasında həmin 
faktorların model əmələ  gətirmə imkanlarını göstərir. 
Deməli, mövsüm nəğmələrinin strukturunda şərti olaraq 
günəşə etimadla bağlı nəğmələr, dumanla, küləklə ilişgili 
nəğmələr mövsümi xarakter daşıyır. Mövsüm 
nəğmələrinin içərisində “Qarı ilə Martın deyişməsi” qışın 
çıxmasını istəyən qarının istəklərini və sevincini əks 
etdirən xüsusi tip nəğmə olub, forma və xüsusiyyətlərinə 
görə “Yel baba”, “Duman, qaç, qaç” kimi nəğmələrdən 
fərqlənir. 
Mövsüm nəğmələrinin ikinci – “İlin müəyyən 
fəsillərində xalqın birgə  əməyini yekunlaşdıran, yeni 
əmək mövsümünün başlandığını  tərənnüm edən 
nəğmələr” tipi xalq arasında xarakterik xüsusiyyətləri ilə 
seçilir. Türk xalqları yeni ilin – Novruzun gəlişini, bir də 
payızın sonundakı  məhsul bayramını  təmtəraqla qeyd 
etmişlər. 


55 
Hər iki mərasimlə bağlı  nəğmələri, xüsusilə 
mövsümlə bağlı nəğmələri ayinlərlə icra olunan nəğmələr 
kimi xarakterizə etmək olar. Xüsusilə Novruzun 
keçirilməsində  əcdadlarımızın yeni mövsümün gəlişi ilə 
əkin-biçin işlərinin canlanması, məhsuldarlığın təməlinin 
qoyulması, günahlardan təmizlənməsi kimi qayğıları önə 
çəkilir. Novruz nəğmələrinin yaranmasında  əsas cəhət 
onun məhsul bolluğu yaratması  işinə xidmət etməsidir. 
A.Nəbiyev A.O.Makovelskinin fikrini əsas tutaraq, 
Zərdüştün sədəqələr və qurbanlar vermək  əvəzinə, 
məhsul bolluğu uğrunda nəğmələr qoşmağı vacib hesab 
etməsini də  nəğmə yaradıcılığına diqqət kimi 
qiymətləndirir. 
Novruz nəğmələrinin növləri də çoxdur. Hətta 
səməni ilə bağlı  nəğmə  ən qədim nəğmə kimi xalq 
arasında bu gün də yaşayır.  
Novruz nəğmələrinin strukturunda iki lay müşahidə 
olunur: Novruzdan əvvəl oxunan nəğmələr və Novruzdan 
sonra oxunan nəğmələr.  
Novruzla bağlı azərbaycanlıların dünyagörüşü ilə, 
Novruz çərşənbələri, bayramda oxunan nəğmələr,  
söylənən bilməcələr, su falları, manilər, atalar sözü, alqış-
qarğışlar, miflər, əfsanə və rəvayətlər də çox yayılmışdır. 
“Su çərşənbəsi törəni” və “Qurd və su” mifi suyun 
müqəddəs sayılması ilə bağlı olub bir-birini mövzu 
cəhətdən tamamlayır. Ümumiyyətlə, Novruzla bağlı olan 
törənlərin,  mif, əfsanə  və  rəvayətlərin də izahının 
verilməsi üçün tədqiqata ehtiyac duyulur. Novruzla bağlı 
olan kitablardakı inancları, nəğmələri, mifləri, əfsanələri, 
rəvayətləri, mərasimləri və s. qruplaşdırıb tədqiqata cəlb 
etmək bu bayramın elmi mahiyyətinin üzə çıxarılmasına 
səbəb olardı. 
Ümumilikdə mövsüm və  mərasim nəğmələrinə 
mövsüm nəğmələri, mərasim nəğmələri, ayrıca olaraq 


56 
təqvimlə bağlı  nəğmələr, toy və yas nəğmələri, xüsusilə 
Novruz bayramı kimi böyük bir mərasimin adət,  ənənə, 
keçirilmə qaydaları daxildir. 
Folklor materialları  əsasında təqdim olunan 
mərasim nəğmələri özünün mifoloji obrazyaratma 
səciyyəsinə görə seçilir. Məsələn, “Gün çıx, gün çıx, 
kəhər atı min çıx” cümləsi ilə başlayan mövsüm 
nəğməsində günəş kultunun mifoloji obrazı canlandırılır. 
Bu obrazın yaradılmasında  əsas səbəb bu kulta olan 
inancın bədiiləşdirilərək ezoteriklik qazanmasıdır. Ayrı-
ayrı  təbiət hadisələri və etiqadlarla bağlı yaranan 
nəğmələr, ilin müəyyən fəsillərində xalqın  əməyini 
tərənnüm edən zəhmət nəğmələri (buna ən yaxşı misal 
xırman nəğmələridir) mövsüm nəğmələrinin müəyyən 
hissəsini təşkil edir. Məişət mərasimi nəğmələrinə isə 
çillə nəğmələri, bayram nəğmələri, nəhrə nəğmələri və s. 
aiddir. Xalq nəğmələrinin belə  təsnif edilməsi müəyyən 
qədər sadə olsa da, bu, məişət mərasimi ilə bağlı adət-
ənənələrin nəğmələr vasitəsilə tamamlanmasını 
xarakterizə edən  əsas folklor düşüncəsidir. Çillə 
nəğmələrinin məzmununa fikir versək görərik ki, xalq 
arasında yeni ilin canlanmasına olan mənəvi ehtiyacı 
ödəmək üçün bu nəğmələrin mahiyyətindən istifadə 
edilmişdir.  
Mərasim nəğmələrinin məzmunundan çıxış edərək, 
belə  nəğmələrin hər hansı bir uyğun mərasimdən 
qopduğunu fərz etmək olar. Nəğmələrdə olduğu kimi, 
mərasimlərdə də rəngarənglik vardır. Mərasimlər çoxdur. 
Bu mərasimlərin içərisində Novruz xüsusilə böyük 
əhəmiyyət daşıyır. 
İlin müəyyən fəsillərində xalqın birgə  əməyini 
yekunlaşdıran nəğmələrdə  də yazın gəlişi və yeni əmək 
mövsümünün başlanması öz əksini tapmaqdadır. Bu 
nəğmələrdə yeni günün başlanması, əməyin vüsət alması 


57 
kimi keyfiyyətlər qabardılır. Belə  nəğmələrin  ən yaxşı 
nümunələri Novruz nəğmələridir. Novruz mərasiminin 
keçirilməsinin tarixini, bu bayramda keçirilən ritualların 
(su üzərindən, od üzərindən tullanmaq, qırx axar sudan 
içmək, üzərrik yandırmaq, qırx açardan su tökmək), bu 
zaman oxunan nəğmələrin xarakterini, Novruzda bişirilən 
səməni halvasının, göyərdilən səməni bitkisinin və ondan 
çəkilən səməni şirəsinin məhsuldarlıqla əlaqəsini, səməni 
haqqında (səməni bitkisi haqqında) nəğmələrin qədim 
azərbaycanlıların həyatındakı rolunu, onların 
oxunmasının zaman-məkan şərtlərini bu mərasim-bayram 
daxilində aydınlaşdırmaq olar. 
Mövsüm nəğmələri içərisində “Qarı ilə Martın 
deyişməsi” təbiət hadisələrinin tərənnümü baxımından 
maraq kəsb edir. Nəğmədə  qışın çıxması arzulanır. Qarı 
isə  qışın hələ mart ayında da öz soyuğunu göstərməsini 
yadından çıxartdığından keçilərini çölə buraxır. Qarı 
hətta “Mart gözünə barmağım, dərd gözünə barmağım, 
çıxdı yaza barmağım” - deyə  çırtıq çala-çala oynayır 
(Burada Mart/mərt ayın yox, fonetik cəhətdən  şəklini 
dəyişmiş  qədim  şər ruhlu mifoloji tanrının adıdır). Qış 
bunu eşidib üç gün yazdan borc alıb qarının keçilərini 
qırır. Bu nəğmədə dramatik səhnə qurulur. Qarının 
həvəslə oxuduğu şeirin ahəngində Mart ona cavab verir. 
Nəğmədən açıq-aydın hiss olunur ki, yazın tez gəlməsinə 
sevinən qarı ovlaqlarının beş-beş artmasını, 
buynuzlarının iriləşməsini, samandan əziyyət çəkməsini 
deməklə Martı günahlandırır ki, ona mane olmaq 
istəmişdir. Dialoqun qarşılığında Martın üç gün aprel 
ayından borc alması, bığlarından buzun sallanması, 
yolların buz bağlaması, ovlaqları  qırması, qarıya öz 
gücünü göstərməsi verilir. Nəğmənin sonunda insanın 
təbiət qarşısında əyilməməsi, hər əzaba dözmək bacarığı 
tərənnüm olunur.  


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə