Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

 

 

41



keçirə bilər. Halbuki o, bu geyimdə evdə sərbəst gəzə bilər, tanışlarla rastlaşmayacağına əmin olduqda da evdən 

belə çıxa bilər. Bəzən isə insan utancaqlıq hissi keçirdiyi halda vicdan əzabı çəkmir. Məsələn, kimsə avtobusda sizi 

itələdiyi üçün siz kiminsə ayağını tapdalamısınızsa, bu halda o adamdan üzr istəsəniz də vicdan əzabı çəkmirsiniz, 

çünki sizdə günah olmayıb. Çox vaxt vicdan bütün mənəviyyatın sinoniminə çevrilir. Ona görə  də tez-tez belə 

ifadələrə rast gəlirik: «Sənin vicdanın yoxdur».  

Vicdanda qiymətləndirmə, hərəkətlər və  qərar  ətrafdakıların rəyi ilə deyil, borc hissi ilə  əlaqələndirilir. 

Vicdan tələb edir ki, insan heç kim görmədikdə, heç bir nəzarət olmadıqda, bu hərəkətdən heç vaxt heç kimin xəbər 

tutmayacağına əmin olduqda belə pis iş tutmasın. Vicdan insanın özü qarşısında məsuliyyətini tələb edir. Vicdan 

borcun yerinə yetirilməsinə səbəb olur. Bu halda deyirik: «mənim vicdanım sakitdir», və ya «təmizdir». Yəni insan 

öz öhdəsinə düşən işləri imkan dairəsində yerinə yetirir.  

Etikada və ümumiyyətlə gündəlik leksikonda tez–tez işlənən ifadələrdən biri də «vicdan azadlığı»dır. 

Etikaya görə vicdan azad olmalı, azadlıq isə vicdanla yaşamaq kimi başa düşülməlidir. Ümumişlək mənada insanın 

mənəvi həyatı, daxili aləmi, məslək seçimi azad olmalıdır. Dar mənada bu, dini ayinlərə riayət etmə ilə əlaqədardır.  

Vicdan, hər  şeydən  əvvəl ayrı-ayrı  şəxslərə  məxsusdur. Lakin «ictimai vicdan» haqqında da fikirlər 

mövcuddur. Kütləvi informasiya vasitələri, ictimai təşkilatlar ictimaiyyətin rəyini ifadə edir və formalaşdırır. Bu 

rəy adətən bitərəf və olduqca ciddi olur. Beləliklə, vicdan insanın bütün mənəvi həyatını fəallaşdırır, xeyirxahlıq və 

ədalətin təsdiqinin mühüm «mexanizmi» kimi çıxış edir. 

«Vicdan» anlayışına Demokritin dövründə hələ rast gəlməsək də, «utancaqlıqdan» danışarkən, görünür ki, 

Demokrit məhz vicdanı nəzərdə tuturmuş: «Adam pis iş tutanda əvvəlcə öz-özündən utanmalıdır» söyləyən filosof, 

«Başqalarından utanmaqdan daha çox özündən utanmağı öyrən» tezisini irəli sürürdü (102, 196). Demokritin o fikri 

də  məlumdur ki, yaxşı adam yalnız həmişə yaxşılıq edən adama deyil, ömründə bir dəfə  də pislik haqqında 

fikirləşməyi bacarmayan və pis hərəkət etməyən adama deyilməlidir. Aristotel «Nikomax etikası»nda yazır ki, ağıl 

və vicdanı insana təbiət bəxş edib. Siseron «Allahların təbiəti» adlı traktatında bütün ümidlərini vtcdana bağlayır: 

«O hər hansı ilahi zəkadan asılı olmayaraq fəzilət və qəbahəti ölçüb-biçmək qabiliyyətinə malikdir. O olmasa – hər 

şey batar». Naturalist nəzəriyyənin nümayəndələri olan Darvin, Spenser, Leturno, Kropotkin vicdanı qeyri-ictimai, 

insanla bərabər heyvana da məxsus bir hadisə kimi nəzərdən keçirirdilər. Vicdanın mənbəyini ictimai instinktlərdə 

görürdülər. Darvin hətta deyirdi ki, ictimai instinktə malik olan hər hansı heyvan mənəvi hiss və vicdan əldə edir 

(102, 196). 

Z.Göyüşov bu problemi də yuxarıda adı  çəkilən  əsərində araşdıraraq ona tarixi baxımdan yanaşmış  və 

maraqlı  tədqiqat apara bilmişdir: «Böyük rus yazıçısı L.N.Tolstoy öz əsərlərində vicdana müstəsna  əhəmiyyət 

verərək yazmışdır ki, mən dünyada iki həqiqi bədbəxtlik tanıyıram: biri vicdan əzabı, o biri xəstəlikdir. Vicdan – 

insanların həyatının doğru yol göstəricisidir. Böyük fransız filosofu və riyaziyyatçısı L.Paskala görə vicdan – bizim 

malik olduğumuz  ən yaxşı  əxlaq kitabıdır, yoldan azmamaq üçün ona tez-tez baxmaq lazımdır. Dahi norveç 

yazıçısı H.İbsenə görə saf vicdan – ən yumşaq yastıqdır. Görkəmli fransız yazıçısı  və  əxlaq nəzəriyyəçisi 

O. Balzakın nəzərincə, vicdan, hələ ki, biz onu ləkələməmişik, çox qabil və səhv etməyən hakimdir. Amerikanın 

görkəmli yazıçısı Heminquey yazır ki, saxtakarlıqdan qorunmaq üçün Parisdə saxlanan metr – etalon kimi mütləq 

surətdə dəyişməz vicdana malik olmaq lazımdır. Çexoslovakiyanın (o vaxt Çexoslovakiya vahid dövlət idi – S. Ş.) 

qəhrəman oğlu Yulius Fuçik demişdir ki, vicdanı  ləkələnmiş adamlara baxmaq döyülüb əzilmiş adamlara 

baxmaqdan daha qorxunc və daha dəhşətlidir. Böyük proletar yazıçısı M.Qorki dönə-dönə qeyd etmişdir ki, vicdan 

insanın mənəvi saflığının mühüm əlamətidir. Onun fikrincə, yalnız özünü yalan, abırsızlıq və həyasızlıq zirehinə 

bürüməyən adam vicdan mühakiməsi qarşısında titrəməyə bilər. Vicdansız, böyük ağlın olsa belə yaşaya 

bilməzsən. …Qeyd etmək lazımdır ki, Şərqin Şeyx Sədi, Şirazi, Hafiz, Nəziri, Cəlaləddin Rumi, Mahmud Şəbüstəri 

kimi  əxlaq nəzəriyyəçiləri də vicdan və insafı  məhz yüksək  əxlaqlılığın, fəzilətliliyin mühüm əlaməti kimi 

tərənnüm etmişlər. Onların hamısı vicdanlı  və insaflı olmağı  əxlaqi məziyyətlərin  əsası saymışlar. Bu cəhətdən 

Azərbaycanın görkəmli maarifçisi və mütəfəkkirlərinin fikirləri də çox xarakterikdir. Görkəmli maarifçimiz və 

əxlaq nəzəriyyəçimiz A.Bakıxanov öz fəlsəfi traktatı «Təhzibi-əxlaq»da insaf kateqoriyasının  şərhinə ayrıca bir 

fəsil həsr etmişdir».(16, s. 122- 123). 

 

 

 

 

 

 

 

 



 

 

42



3.3. ŞƏRƏF VƏ LƏYAQƏT 

 

Şərəf və  ləyaqət digər kateqoriyalar kimi şəxsiyyət və  cəmiyyət arasındakı münasibətləri tənzim edir, 



insanın özünə qarşı münasibətlərini aydınlaşdırır, insanın mənəvi dəyərlərini ifadə edir, onların  əxlaqına təsir 

edəcək vasitəyə çevrilir.  

Bir-biri ilə bağlı olan bu kateqoriyalar sosial qrupların, siniflərin, insanların  əxlaqi fəaliyyəti prosesində 

formalaşır. Onların məzmunu son məqamda mövcud cəmiyyətin iqtisadi quruluşu ilə müəyyənləşir. Məsələn, 

feodal cəmiyyətinin hakim dairələri  şərəf və  ləyaqətdən çox danışırdı. Müxtəlif cəngavər adətləri məhz bu 

anlayışlarla bağlı idi. Lakin bunlar çox vaxt zahiri xarakter daşıyırdı. Zadəgan özünə layiq olmayan işlər görməklə 

özünü alçaltmamalı, «aşağı» təbəqəyə qoşulmamalı, özünü «yüksək» tutmalı idi. Orta əsrlər zadəganlarının ləyaqət 

və  şərəf kodeksində duellər mərkəzi yer tuturdu. Məlumdur ki, arvadının doğrudan və ya yalandan təhqir 

edilməsinə görə ər qarşı tərəfi duelə çağırmalı idi, özü isə başqasının arvadını yoldan çıxarmağı yüksək cəngavər 

şücaəti hesab edirdi. 

Feodal cəmiyyətinin qanunlarını  ləğv edən burjuaziya orta əsrlərdəki  şərəf və  ləyaqət haqqında olan 

təsəvvürləri alt-üst etsə  də  təbəqələşmə ilə bağlı, insanın ictimai vəziyyəti ilə  əlaqədar məsələlərə münasibəti 

saxladı. Bununla yanaşı hər bir xalqın, millətin şərəf və ləyaqət haqqında öz təsəvvürləri var. 

Bir-birinə yaxın olsalar da bu kateqoriyalar arasında həm insanın  əxlaqi dəyərlərini ifadə etmək 

baxımından, həm də digər aspektlərdən müəyyən fərqlər var. Şərəf insanın əxlaqi dəyərlərini onun konkret ictimai 

vəziyyəti, fəaliyyət növü, ictimai həyatdakı rolu, əxlaqi xidmətləri ilə əlaqədar ifadə edir. Heç bir insan cəmiyyətin 

bir hissəciyi olduğu halda ictimai rəydən qaça bilməz. «Şərəf» anlayışının məzmunu müəyyən qrupun üzvü, 

müəyyən ictimai funksiyaların daşıyıcısı olan insanın hərəkətləri, davranışı, həyat tərzinə ictimai əxlaq tərəfindən 

qoyulan tələblərə riayət etmək baxımından açılır. Bu baxımdan kişi, qadın, əsgər, fəhlə, həkim, müəllim, gənc və b. 

qarşısında konkret tələblər məcmusu mövcuddur. Öz növbəsində ictimai əxlaq «kişi şərəfi», «qadın şərəfi», «əsgər 

şərəfi», «fəhlə  şərəfi», «ailə  şərəfi», «zavodun şərəfi», «məktəbin  şərəfi» və s. anlayışlarla  əlaqədardır.  Əvvəllər 

«qəbilənin şərəfi» kimi anlayışlar da mövcud olub. Şərəf insanları bir-birindən fərqləndirərək onların şöhrətində, 

qazandıqları ad və etibarında öz əksini tapır.  

Şərəf kimi ləyaqət də həm cəmiyyətin insana, həm də insanın özünə qarşı münasibətlərini aydınlaşdıraraq 

əxlaqi qiymətləndirməni və özünüqiymətləndirməni ifadə edir, insanlar arasındakı münasibətləri və insanın 

davranışını tənzim edir. 

İnsanın öz ləyaqətini başa düşməsi özünüdərketməsinin və özünənəzarətin bir formasıdır ki, insanın özünə 

qarşı  tələbkarlığı bunun əsasında formalaşır. Öz ləyaqətinin qorunması  və  təsdiqlənməsi üçün insan elə müvafiq 

addımlar atır ki, ləyaqətinin ləkələnməsi üçün səbəb olmasın. Şəxsi ləyaqətinin dərk edilməsi insanın ilk növbədə 

özü qarşısında məsuliyyətini artırır. Ləyaqət – digər adamlardan öz hüquqlarının qorunmasına, özünə qarşı hörmət 

tələb etməkdir. Şəxsi ləyaqətini yüksək tutan insan alçaqlıq və satqınlıq etmir, nə özünü, nə də başqasını alçaltmır, 

həyatını nəyəsə tabe etmir. Ləyaqət insanların bərabərliyi prinsipini əsas tutur.  

Ləyaqət həm həqiqi, həm də aldadıcı ola bilər. Birinci halda ictimai rəy  ədalətli olaraq insana xeyirxah 

işlərində, insanlara etdiyi yaxşılığa görə müsbət qiymət verir. İkinci halda isə bu rəy düzgün olmur, çünki haqqında 

söhbət gedən adam hamını aldatmağa müyəssər olur, öz hərəkətlərini həddindən artıq şişirdir, əslində onun ictimai-

faydalı əməkdə rolu çox cüzidir, onun borc və vicdanla bağlı əxlaqi hissləri də çox zəif inkişaf edib. 

Şərəf və  ləyaqətlə çox bağlı olan məsələlərdən biri də şöhrətpərəstlikdir. Məşhur olmaq, hamıdan irəlidə 

getmək  şöhrət qazanmaq, tanınmaq, müasirlərindən seçilmək, şəxsiyyət kimi parlamaq çoxlarının arzusudur. Bu, 

müəyyən mənada yaxşı nəticələr verə bilər. Yəni insan, məqsədindən asılı olmayaraq xeyirxah işlər görmüş olur. 

Lakin əksər hallarda bu hisslər şöhrətpərəstliyə gətirib çıxarır. Bunu eqoizmin nəticəsi kimi də başa düşmək olar. 

Ancaq unutmaq olmaz ki, şöhrət insana özü gəlir. Onu süni yolla çox yaşatmaq mümkün deyil. Şişirdilmiş şöhrət 

gec-tez partlayır.  Şöhrətpərəstlik cəmiyyət üçün qorxulu hala çevrilə bilər. Bəzi adamlar şöhrət naminə, adının 

tarixə pis cəhətdən olsa belə düşməsi xatirinə  hətta cinayətə  əl atırlar. Hitler, Mussolini və bu kimilər 

belələrindəndir. 

Şöhrətpərəstliyə  əks olan keyfiyyət – təvazökarlıqdır. O, insanda daha çox diqqəti cəlb edir və hörmətlə 

qarşılanır. 

Şərəf və ləyaqət kateqoriyaları ilk dəfə Roma stoikləri Seneka, Epiktet və Mark Avreli tərəfindən işlənib. 

Onların fikrincə, bu kateqoriyalar insanın ali dəyərləridir, bunlarsız həyat öz mənasını itirir. Onlar hətta intiharı 

şərəfsiz və ləyaqətsiz həyatdan üstün tuturdular. Epiktet yazırdı ki, insanın doğulub həyatdan getməsinə, pulundan 

və evindən məhrum olmasına heyfsilənmək lazım deyil, yalnız o vaxt heyfsilənmək olar ki, insan əsil mülkiyyəti 

olan ləyaqətini itirə (102, s.187). İntibah dövründə Piko della Mirandola, Lorenso Valla, Rotterdamlı Erazm bu 

kateqoriyaları nəzəri cəhətdən daha çox əsaslandırırlar.  

Azərbaycan filosofu Ziyəddin Göyüşov da bu kateqoriyaları özünəməxsus şəkildə nəzərdən keçirib: «İnsan 

cəmiyyətinin inkişafı tarixində yaranıb formalaşmış mühüm əxlaqi sərvətlərdən biri şərəf, namus və  ləyaqətdir. 

Vicdan, insaf və  həya kimi şərəf, namus və  ləyaqət də eyni mənalı  əxlaqi anlayışlardır. Bunlar insanın  əxlaqi 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə