Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə27/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

 

 

45



Xoşbəxtlik haqqında yayılan digər təsəvvür var-dövlətlə bağlıdır. Lakin var-dövlət həmişəmi xoşbəxtlik 

gətirir? Burada var-dövlətin hansı yolla qazanılması da rol oynayır. Bundan başqa, bir çox var-dövlət sahibləri heç 

də özlərini xoşbəxt hiss etmirlər. Əlbəttə, halal yolla qazanılmış var-dövlət insana əziyyət vermir, ondan qətiyyən 

qaçmaq lazım deyil, çünki kasıb ola-ola xoşbəxt olmaq doğrudan da çətindir. Lakin bir daha xatırladaq ki, 

xoşbəxtlik var-dövlətlə, onun miqdarı ilə ölçülmür. Doğrudur, uğurlu tale, sevinc, maddi və  mənəvi baxımdan 

zəngin həyat xoşbəxtliyin  əldə edilməsinə  səbəb olan amillərdir. Lakin bunlar xoşbəxtlik üçün yalnız  əlverişli 

şəraitdir, onun səbəbi və  məzmunu deyil. Sokrat deyirdi ki, xoşbəxtlik insanın tərbiyəsindən, təhsilindən və  nə 

dərəcədə xeyirxah olmasından asılıdır. Yalnız layiqli və namuslu adamlar xoşbəxt ola bilər, ədalətsiz və səfehlər 

xoşbəxt ola bilməz. Ədalətsizlər cəzalanmırsa, onda onlar xüsusilə bədbəxtdirlər. 

Xoşbəxtlik məmnun qalma kimi başa düşülürsə, deməli bu qaneolunma ani deyil, uzunmüddətlidir, həyatın 

böyük bir zaman kəsiyini əhatə edir. Xoşbəxtlik üçün kəmiyyət göstəriciləri olmasa da, həyatın bütövlükdə və ya 

ayrı-ayrı tərəflərinin insanı qane etməsi kimi kəmiyyət göstəriciləri mövcuddur.  

Xoşbəxtlik sevinc hissi ilə  də çox yaxındır. Sevinc emosional olduğu halda, xoşbəxtlik sakit də yaşana 

bilər. 


Birgəyaşayış  şəraitində mövcud olan insan nə iləsə barışmalı, nəyin naminəsə özünü qurban verməli, 

müəyyən məhdudiyyətlərə dözməlidir. Bu cür dözümlü, xeyirxahlıqlarla dolu həyat xoşbəxtliyə səbəb ola bilər. Bir 

çoxları məhz bu fikirdədirlər ki, «xoşbəxt olmaq istəyirsənsə, xeyirxah ol». Bu, əlbəttə, çətin xoşbəxtlikdir. Qədim 

filosofların çoxu artıq xoşbəxtlik və xeyirxahlığın nisbəti barədə fikir söyləyirdi. Polyak filosofu B.Tatarkeviç 

(1886-1980) özünün «Xoşbəxtlik və insanın kamilliyi» əsərində xoşbəxtliyin bir neçə növündən söhbət açır: 

«1) həzz, ləzzət; 2) uğur, bəxti gətirmə; 3) tale (qədim yunan mifologiyasında tale və xoşbəxtlik ilahəsi Tixe, qədim 

Romada isə Fortuna idi); 4) sərvətə malik olma». 

Xoşbəxtlik çox mürəkkəb anlayış olsa da, onun mövcudluğunun təzahürü olan bir sıra amillərdən danışmaq 

mümkündür. Nahaq yerə demirlər ki, xoşbəxtlik balıq deyil ki, onu tilovla tutasan. Bu amillər xoşbəxtliyin 

yaranmasına zəmanət verməsə də, hər halda müəyyən mənada ona təkan ola bilər. Bu amilləri şərti olaraq obyektiv 

və subyektiv kimi 2 qrupa ayırmaq olar. Obyektiv amillər  əsasən insanın  şüurundan və iradəsindən asılı deyil, 

subyektiv amillərin yaranmasında isə adətən insan özü iştirak edir. Obyektiv amillərə təbii şərait (əlverişli iqlim, 

coğrafi mövqe, təbii fəlakətlərin baş verməməsi və s.) və  cəmiyyətin vəziyyəti (müharibə  və ya sülh şəraitində 

yaşaması, qanunların işləməsi, ədalətin bərqərar olması və s.) aiddir. Əgər ölkədə təbii fəlakət baş verirsə, qorxulu 

epidemiya yayılırsa, vətəndaş müharibəsi gedirsə  və s. bu kimi hallar mövcuddursa tam mənada xoşbəxtlikdən 

danışmağın heç yeri deyil. Əgər ətrafdakı insanlar əzab çəkirsə, qan tökülürsə, hansı xoşbəxtlikdən danışmaq olar? 

Torpaqları işğal altında olan hansı xalq rahat yaşaya bilər? Xoşbəxtliyin yaranması dövrlə, xalqın adət-ənənələri, 

mədəni xüsusiyyətləri, siyasi rejimi və s. amillərlə  də bağlıdır. Obyektiv amillərə  həmçinin insanın sağlamlığı, 

temperament tipi (məsələn, kimsə tündməcazlığı, hər hansı  mənfi xüsusiyyəti ucbatından cəmiyyət, kollektiv, 

qonşular, qohumlar tərəfindən sevilmir), hətta xarici görkəmi aiddir. İnsanın məşğuliyyəti də bu baxımdan mühüm 

rol oynaya bilər. Çünki çox vaxt yaradıcılıq uğurları insanda nəinki adicə  məmnunluq hissi oyadır, hətta onu 

yetərincə xoşbəxt edir. 

Subyektiv amillərə insanın məsləkləri, əqidə və etiqadı, maraqları, nəyəsə olan həvəsi, əhval-ruhiyyəsi və s. 

aiddir. Subyektiv amillər çox vaxt müxtəlif hadisələrə fərdin münasibətini formalaşdırır. Bu bir daha o deməkdir ki, 

biz hadisələri dəyişə bilməsək də, onlara münasibətimizi dəyişməyə qadirik ki, bu da bizi xoşbəxt edə bilər. Seneka 

deyirdi ki: «Özünü xoşbəxt hesab etməyən adam bədbəxtdir». Doğrudan da, insanın xoşbəxt olması yalnız 

obyektiv, xarici şəraitdən deyil, həm də subyektiv amillərdən, insanın özündən, onun fəallığından, 

məqsədyönlülüyündən asılıdır. Pessimist insan asanlıqla öz xoşbəxtliyindən yan keçə bilər.  Əfsanəyə görə, 

Makedoniyalı  İskəndər çəlləkdə yaşayan Diogendən soruşanda ki, dünyada ən xoşbəxt adam kimdir?», o cavab 

vermişdi ki: «mənəm, çünki Dünyanın yarısı  sənin ola-ola gözün doymur, mənim isə heç nəyim olmasa da, heç 

nəyə ehtiyacım yoxdur». F.Nitsşe isə deyirdi ki, xoşbəxtliyə yalnız seçmə adamların hüququ var, çünki onlar 

digərləri üzərində müəyyən hakimiyyətə malikdirlər. A.Şopenhauerə görə isə xoşbəxtlik yalnız iztirabların 

olmamasıdır.  İztirablar pozitiv və real olduğu halda xoşbəxtlik həmişə arzu kimi qalacaq. L.Bethovenə görə 

başqalarını xoşbəxt etmək özü xoşbəxtlikdir. J.Rasin hesab edirdi ki, xoşbəxtlik ona görə mövcuddur ki, onu 

kiminləsə bölüşməyi bacarasan.  

«A.A.Bakıxanov «Təhzibi-əxlaq» və «Nəsihətnamə»  əsərlərində  təvazökarlığı xoşbəxtlik  əldə etməyin 

mühüm vasitələrindən biri hesab etmişdir. Onun nəzərincə, təvazökar olmayan adam heç bir vaxt sakitlik, qəlb 

rahatlığı  əldə edə bilməz. Təvazökarlıq insanın cəmiyyətdə mövqeyini yaxşılaşdırmağa, həm də ona daxilən 

mənəvi cəhətcə  təkmilləşməkdə kömək edir. Təvazökar olmayan adam öz əxlaqını saflaşdıra bilməz. Çünki 

təkəbbürlü və lovğa adam çox vaxt öz nöqsanlarını və zəif cəhətlərini görə bilmir. Təvazökarlığın mənəvi mənfəəti 

ondadır ki, insan özünün nöqsan və acizliyindən xəbərdar olduğu üçün sadəliyi üstün tutur. 

Bakıxanova görə, insan öz ağlına müəyyən hədd qoyub deyə bilməz ki, daha mən hər şeyi bilirəm, çünki 

insanın dünyada dərk etməli olduğu çox şeylər vardır. Kim ki öz bilik və təcrübəsini artırmağa ehtiyac hiss etmirsə

o ciddi surətdə yanılır. Öz biliyinə həddindən artıq güvənmək cəhalət əlamətidir. Bakıxanov bu münasibətlə özü 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə