Şahhüseynova sevinc asiF qızı



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix23.11.2017
ölçüsü0,72 Mb.
#11984
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

 

 

43



şüurunun eyni bir cəhətini əks etdirir. Başqa əxlaqi kateqoriyalar kimi şərəf, namus və ləyaqət də uzun sürən əxlaqi 

tərəqqinin məhsullarıdır.  

Şərəf – insanın və onun hərəkətlərinin sinif, millət, xalq, kollektiv, cəmiyyət tərəfindən bəyənilməsi və 

qiymətləndirilməsi deməkdir. Şərəf insanın öz şəxsi ləyaqətini dərk etməsidir. Ləyaqət isə onun bir şəxsiyyət kimi 

özünü başa düşməsindən ibarətdir. Namus insanın öz şərəf və ləyaqətini əzizləyib qoruması və qiymətləndirməsi 

deməkdir. Göründüyü kimi bu üç anlayış arasında keçilməz bir sədd qoymaq və bunları bir-birindən ayırmaq 

olmaz. Bunlar bir-birini tamamlayan və bir-birilə  qırılmaz dialektik vəhdət halında mövcud olan eyni ümumi 

anlayış və əxlaqi sərvətlərdir, qoşa əxlaqi kateqoriyalardır.  

Şərəf, namus və  ləyaqət haqqında təsəvvür formaca fərdi, müstəqil xarakter daşısa da, məzmun etibarilə 

həmişə ictimai xarakter daşıyır. Çünki şərəf, namus və  ləyaqət insanın başqa insanlarla, insan qrupları ilə, 

bütövlükdə cəmiyyətlə əlaqə və münasibətlərini nəzərdə tutur. Şərəf və ləyaqət şəxsiyyətə verilən ictimai qiymətlə 

şəxsiyyətin özünün özünə verdiyi qiyməti təcəssüm etdirir. Bu iki cür qiymətin mütənasibliyi olmadan şərəf, namus 

və  ləyaqət kimi əxlaqi sərvətlərin təbiəti düzgün aydınlaşdırıla bilməz. …Bəzi  əxlaq nəzəriyəçiləri  şərəf 

kateqoriyasının məzmununu müəyyən etməyə  cəhd edərkən  şəxsiyyətə verilən ictimai qiyməti nəzərə almayıb 

şərəfi ancaq şəxsiyyətin özünün-özünə verdiyi qiymətlə  məhdud edirlər. Məsələn, T.Lipps «Etikanın  əsas 

məsələləri» adlı kitabında yazır ki, şərəf ancaq mənim  şərəfim, yəni mənim vicdanlılığım və namusluluğum ola 

bilər. Başqa adamlar məndə şərəf olduğunu təsdiq edə bilsələr də, onlar mənə şərəf verə bilməzlər. 

Şərəf və namusun məzmununu bu cür şərh etmək,  şəxsiyyətin özünə verdiyi qiyməti ictimaiyyətin 

şəxsiyyətə verdiyi qiymət hesabına  şişirtmək və ictimai qiyməti nəzərə almamaq əlbəttə yanlışdır. Çünki 

ümumiyyətlə  cəmiyyətdən kənarda  şəxsiyyəti düşünmək mümkün olmadığı kimi, ictimai qiymətdən kənarda 

namus,  şərəf, ləyaqət də  təsəvvür etmək olmaz. Əslində elə  şəxsiyyətin özünə verdiyi qiymət,  şərəf, namus və 

ləyaqət məfhumları ictimai qiyməti nəzərdə tutur. Namus, şərəf, ləyaqət başqa insanlara münasibətdən sərf-nəzər 

edilərsə heç bir mənaya malik olmaz… «Şərəfin tarixi inkişafı haqqında bir neçə qeyd» adlı  məqaləsində 

A.İ.Gertsen  şərəf və namusu insan şəxsiyyətinin yaranması ilə  əlaqələndirir və göstərir ki, insan yalnız ictimai 

həyatda  şəxsiyyət olduqdan sonra cəmiyyət qarşısında öz şərəfini və  ləyaqətini dərk etməyə başlayır. Həmin 

məqalədə A.İ.Gertsen şərəf və namusun inkişafını üç əsas dövrə bölür. Birinci dövr – qəbilə quruluşu dövrüdür. Bu 

dövrdə artıq  şərəf, namus və  ləyaqət haqqında ilk təsəvvür yaranır. Lakin bu dövrdə  şəxsiyyət hələ tam 

formalaşmadığından şəxsi şərəf və namus da yox dərəcəsindədir. Çünki bu dövrdə şəxsiyyətin özü qəbilə, tayfa və 

ailədən ayrılmadığından onun şərəf və namusu da qəbilə, tayfa, ailə şərəfi və namusudur. Ayrı-ayrı fərdlər öz şəxsi 

şərəf və namusu uğrunda deyil, bütün qəbilənin, tayfanın  şərəfi uğrunda düşməndən qan intiqamı alırlar. Başqa 

sözlə desək, bu dövrdə şəxsiyyət özü kimi onun şərəf və ləyaqəti də qəbilənin, tayfanın şərəfi içərisində əriyir.  

Şərəfin inkişafının ikinci dövrünü A. İ. Gertsen yunan-Roma dövrü adlandırır. Bu dövrdə ayrı-ayrı fərdlərin 

vətəndaşlıq ləyaqəti, vətəndaşlıq  şərəfi haqqında təsəvvürləri xeyli yüksəlir. Bu dövrdə Afina və Roma şəhərləri 

azad şəhərlər olduğundan bu şəhərlərdə doğulanlar və ya yaşayanlar azad vətəndaşlar hesab edilirdilər. Beləliklə, 

A.İ.Gertsenin haqlı olaraq qeyd etdiyi kimi adamların ləyaqəti onların doğulduğu  ərazi ilə müəyyən olduğundan 

şərəf əslində adamların öz şərəfi deyil, Afina və Roma kimi şəhərlərin şərəfidir. Bundan əlavə, Roma və Afina kimi 

şəhərlərin vətəndaşları başqa  şəhər və  kəndlərin  əhalisini tam şərəfsiz, ləyaqətsiz hesab edirdilər. Onlar öz 

qullarına, xaricilərə yarım adam, barbarlar kimi baxırdılar. Buna görə də əslində bu dövrdə də şəxsiyyətin şərəfi, 

namusu və ləyaqəti tam formalaşmamışdı.  

A.İ.Gertsenin nəzərincə, şəxsi şərəf və ləyaqət yalnız üçüncü dövrdə – orta əsrlərdə qəti formalaşıb özünün 

ən yüksək nöqtəsinə çatır. Bu dövrdə tarix səhnəsinə rıtsar (cəngavər – S. Ş.) əxlaqı çıxır. Şərəf, namus və şəxsi 

ləyaqət  ən böyük fəzilət hesab olunur. Şərəf və namus bir növ əxlaqın meyarına çevrilir. Lakin bu dövrdə  şəxsi 

şərəf, namus vətəndaşlıq şərəfi hesabına inkişaf edir. Cəmiyyətin ümumxalq şərəfi arxa plana çəkilib kölgədə qalır. 

Buradan A.İ.Gertsen belə bir nəticə çıxarmışdı ki, şəxsiyyətin həqiqi şərəfi, namus və ləyaqəti inkişaf etmiş azad 

şəxsiyyətlə cəmiyyət arasında ahəngdar əlaqə yarandıqdan sonra mümkün ola bilər. Nə qədər ki, şəxsiyyətin həqiqi 

azadlığı təmin edilməmişdir, şərəf, namus və ləyaqət lazımınca inkişaf edə bilməz». (16, s.138-140).  



 

 

 

 

 


 

 

44



3.4. XOŞBƏXTLİK VƏ HƏYATIN MƏNASI 

 

«İnsan həyatda nə üçün yaşayır?», «Onun dünyada mövqeyi nədən ibarətdir?», «İnsanın xoşbəxtliyi 



nədədir?» kimi suallar hər bir ağıllı insanı narahat etməyə bilməz. 

Xoşbəxtlik – etikanın digər kateqoriyalarından fərqli olaraq daha konkret məzmuna malik olsa da onlarla 

sıx əlaqədardır, xüsusən borc, vicdan, şərəf və s. ilə. İnsan mənəviyyatının dərinlikləri ilə əlaqədar olan xoşbəxtlik 

– əxlaqi şüurun əsas anlayışlarından olub, insanın daxilən razı qalmasına uyğun bir haldır. Arzu kimi xoşbəxtlik də 

insanın idealının hissi-emosional formasıdır, lakin fərq bundadır ki, o, yalnız məqsəddən, cəhddən ibarət olmayıb, 

bunların həm də həyata keçirilməsi ilə bağlıdır. Xoşbəxtlik yalnız insanın müəyyən konkret obyektiv mövqeyini və 

ya subyektiv vəziyyətini xarakterizə etmir, o, insanın həyatının necə olması  və  əsil səadətin nədən ibarət olması 

barədə təsəvvürləri ifadə edir. Xoşbəxtlik ruhun daimi rahatlığıdır. O, fasiləsiz sevinc deyil, əksinə, ruhun xüsusi 

emosional yüksəliş  məqamıdır. Buna görə  də xoşbəxt həyata qəmli-qüssəli, dərdli məqamlar da aid ola bilər. 

Xoşbəxtliyə həm də həyatın bir çox sevinclərindən imtina etmə daxildir.  

Xoşbəxtlik kifayət qədər güclü, gərgin və müsbət həyəcan olub, öz həyatından yüksək dərəcədə razı qalma 

halıdır. Bu halın yaranması üçün heç də insanın həyatının bütün sahələrində müvəffəqiyyət  əldə edilməsi tələb 

olunmur. Bu müvəffəqiyyət yalnız qlobal problemlərə aiddir. İnsanlar çox müxtəlif situasiyalarda özlərini xoşbəxt 

hesab edə bilərlər. Məsələn, yenicə evlənənlər bir çox kəm-kəsirləri olsa belə, özlərini adətən xoşbəxt hesab edirlər. 

Onları nə dəbdəbəli ev, nə xarici markalı maşın, nə də başqa sərvətlər maraqlandırır. Kasıb sənətkar da, öz əsərləri 

ilə bağlı müəyyən nailiyyət  əldə etdikdə özünü xoşbəxt hesab edə bilər. Rəssamın hər hansı mötəbər sərgidə 

iştirakı,  şairin ilk kitabının çıxması, müğənninin mükafat və ya fəxri ad alması  və s. bu qəbildəndir. Göründüyü 

kimi, xoşbəxtliyə  səbəb olan hadisələr uzunmüddətli olmur. Çünki həyatda qaneolma halları daimi deyil. 

Xoşbəxtlik qısamüddətli olub, şimşəyin çaxma anını xatırladır. Təsadüfi deyil ki, «bal ayı» ifadəsi mövcuddur, «bal 

beşilliyi» isə gülüş doğura bilər. Sadəcə olaraq, insan öz müvəffəqiyyətlərinə alışır və yeni-yeni zirvələr fəth etmək 

istəyir ki, bu da yeni, daha dərin hisslər keçirməyi tələb edir, özünütəsdiq və mənəvi zənginləşmə üçün digər yollar 

axtarır. Mütləq xoşbəxtlik mümkün deyil. Tələbata uyğun olaraq o daim inkişafdadır. Xoşbəxtlik anlarında insan 

dünyanı da ayrı cür qavrayır. Görəsən cinayətkarlar özlərini tam xoşbəxt hiss edə bilirlərmi? Yəqin ki yox. Elə 

təkcə  hər an ifşa olmaq təhlükəsi buna mane ola bilər. Cinayətkar öz əməlindən nə  dərəcədə  həzz alsa da, uzun 

müddət sevinc hissi keçirsə də, bu, əsil xoşbəxtlik deyil. 

Xoşbəxtliyin yaranma prosesi bir sıra özünəməxsus  əxlaqi xüsusiyyətləri də üzə  çıxarır. Hadisənin və 

şəraitin xırda eqoizm mövqeyindən deyil, yüksək əxlaqi dəyərlər baxımından qiymətləndirilməsi xoşbəxtliyin başa 

düşülməsində mühüm rol oynayır. Müxtəllif əxlaqlı adamların xoşbəxtliyi və onu başa düşməsi arasında müəyyən 

fərqlər mövcud olur. 

Xoşbəxtlik azad quşa bənzəyir. O olmayan yerdə insanı güclə özünü xoşbəxt hesab etməyə məcbur etmək 

olmaz. Bu baxımdan xoşbəxtliyə aid bir sıra atalar sözləri də mövcuddur. Məsələn, «xoşbəxtlik at deyil ki, boynuna 

cilov taxasan» və ya «xoşbəxtlik balıq deyil ki, onu tilovla tutasan». 

Xoşbəxtlik fərdi olur. Yəni hər bir insanın, ailənin, sosial qrupun, millətin xoşbəxtliyi ola bilər. Xoşbəxtlik 

insanın mənəvi ideala nə dərəcədə yaxın olubilə də üzə  çıxır. «Yaxşı  həyat nədir və insan ilk növbədə nəyə can 

atmalıdır» kimi suallar xoşbəxtliyə aid olan əsas məsələlərdəndir.  

Xoşbəxtliklə bağlı insanların fikirləri çox müxtəlifdir. Bəziləri üçün xoşbəxtlik öz zahiri əlamətləri ilə 

seçilməlidir ki, bura ilk növbədə  uğur, həzz,  şərəf, var-dövlət və s. aiddir. İnsanın sevincə, rahatlığa, arzularının 

icrasına can atması təbiidir. Lakin bunların əxlaqi tələblərlə, məsələn, borcla toqquşması problem yarada bilər.  

Bəxti gətirmə, tale kimi başa düşülən xoşbəxtlik insanın özündən asılı deyil. Buna başqaları da qarışa 

bilməz. Bu barədə düşünən Aristotel o fakta diqqət yetirib ki, insanın  ədalətli olması, və yaxud hər hansı 

xeyirxahlığı uğur kimi qiymətləndirilmir, çünki bu keyfiyyətlər insanın cəhdindən, səyindən asılıdır. Lakin mirasa 

sahib olmaq, yaxşı yaşayışa, fitri istedada malik olmaq uğur, müvəffəqiyyət kimi başa düşülür. Pis bir hadisədən, 

qəzadan yaxa qurtarmaq özü də  uğurdur. Lakin Allahın göndərdiyi səadət belə insandan müəyyən zəhmət tələb 

edir. «Səndən hərəkət, Allahdan bərəkət» misalı da təsadüfən yaranmayıb. Lakin hər hansı uğur, həyatın «insana 

gülümsəməsi» hələ insana özünü xoşbəxt hiss etməyə imkan vermir. Eyni zamanda xoşbəxtliyin yaşanması, 

duyulması, onun əsas məqamıdır. Xoşbəxtlik o vaxt həqiqi olur ki, o, insanda sevinc və razılıq duyğuları oyatsın.  

Xoşbəxtlik haqqında yayılmış təsəvvürlərdən biri də budur ki, o yaşanan zaman keçirilən sevinc hissi dərin 

olur. Lakin bu cür həyəcan vəziyyəti də tez keçəndir. Xoşbəxtlik ona görə qısaömürlü, epizodik hal kimi xatırlanır 

ki, insan xoşbəxt olanda saat yadına düşmür, hər saat bir ana çevrilir. 

Həzz və xoşbəxtliyin fərqini insanlar nəinki çoxdan başa düşüblər, hətta onu da dərk ediblər ki, hər bir həzz 

heç də xoşbəxtliyə aparmır. Qədim Yunanıstanda məşhur siyasi xadim, e.ə. VI əsrdə yaşamış Solon deyirdi ki, 

«sənə qüssə gətirəcək həzzdən qaç». Bəzən bədbəxt adamlar da nədənsə həzz ala bilər. Eyni zamanda, xoşbəxtlik 

də həzlə müşayiət edilir. Həzsiz xoşbəxtliyi dərk etmək çətindir. Lakin həzz xoşbəxtliyin nə şərti, nə də məzmunu 

deyil.  



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə