Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

Ən uca bir zirvəm, sirdaşımiydin, 
Ruhumun, eşqimin qüdrəti, getmə. 
Elin yaraşığı, ziynəti, getmə! 
  
Bir çinar qamətlim, Yusif camallım, 
Peyğəmbər xislətlim, dərya kamallım. 
Məni tənha qoyan tərlan xəyallım, 
Mənəvi dünyamın heyrəti, getmə! 
Elin yaraşığı, ziynəti getmə! 
  
İllərlə yanmışıq möhnət oduna, 
Sərt minnət oduna, qürbət oduna
Dözməyə halım yox həsrət oduna, 
Mənə pay eyləyib firqəti, getmə. 
Elin yaraşığı, ziynəti, getmə! 
  
Palıdı sel yıxsa onu mərd ağlar, 
Sevinc qara bağlar, daşan dərd ağlar. 
Sənsiz torpaq ağlar, sənsiz yurd ağlar, 
Bir böyük obanın qeyrəti getmə. 
Elin yaraşığı, ziynəti, getmə! 
  
Şeir de, hədis de, səni ünləyim, 
Səndən söz götürüm, yığım, çinləyim. 
Bir "Yasin" surəsi oxu, dinləyim. 
Hər elmin, biliyin, hikməti, getmə. 


Elin yaraşığı, ziynəti, getmə! 
  
Üzünün şövqünə el yığılardı, 
Kədər uzaqlaşar, qəm  dağılardı. 
Yaxın pənahlanar, yad sığınardı, 
Duyan insanların sərvəti, getmə. 
Elin yaraşığı, ziynəti getmə. 
  
Sən vardın, gözümdə əməlli dünya, 
Min əngəl yaratdı əngəlli dünya. 
Sənsiz nəyə lazım get-gəlli dünya, 
Dünyanın hörməti, izzəti, getmə. 
Elin yaraşığı, ziynəti, getmə! 
  
Uca söz mülkünün qiyməti-qədri, 
Dürlü kəlmələrin bənövşə çətri. 
Şəfalı  nəfəsin yasəmən ətri, 
Duyğulu qəlblərin cənnəti,  getmə. 
Elin yaraşığı, ziynəti, getmə! 
  
Görən gözlərimin nuru, ziyası, 
Ulu bir millətin  abrı həyası. 
İslam dünyasının ər, övliyası, 
Tanrıdan verilən qisməti, getmə. 
Elin yaraşığı, ziynəti getmə! 
  


Müqəddəs ağalıq qazanan pirim, 
Hər qəlbdə yer seçən zərim, gövhərim. 
Tanrı dərgahına köçən sərvərim, 
Sonsuz inamımın  taqəti, getmə, 
Elin yaraşığı, ziynəti, getmə! 
  
Döndün mələklərə məhəbbətinlə, 
Bir dünya yaratdın dəyanətinlə. 
Qaldın bu dünyada həqiqətinlə, 
Zamanın insafı, mürvəti, getmə. 
Elin yaraşığı, ziynəti, getmə! 
  
Mirələkbər deyib, yanar bu Eldar, 
Səni məhşərəcən anar bu Eldar. 
Uçub eyvanına qonar bu Eldar
Viranə Göyçənin şöhrəti, getmə. 
Elin yaraşığı, ziynəti, getmə! 
  
30.05.05. 
  
  
BİLMƏSƏ 
  
Nəyimə gərəkdir dağlar laləsi, 
Vaxtında açılıb-sola bilməsə. 
Qərənfil mənimçün qanqal olardı, 


Könlümə bir həmdəm ola bilməsə. 
  
Məhəbbət xoşbəxtlik, məhəbbət bəla, 
Sevdasız bir həyat ömürlük qala. 
İnanma qəlbimi ovlaya, çala, 
Dost mənim havamı çala bilməsə. 
  
Bacar yavaş toxun, yavaş, ürəyə, 
Bir zindan yüküdür təlaş ürəyə. 
Ürək deməmişəm hər daş ürəyə, 
Vaxtında boşalıb-dola bilməsə. 
  
Qurunun gözünə şeytan yaş qatıb, 
Mərdin quyusuna namərd daş atıb. 
Ya dövranı keçib, ya bəxti yatıb, 
Tərlan öz ovunu  ala bilməsə. 
  
Yaxşılıq Eldarın pisimi məgər? 
Yaltaqlıq kişilik işimi məgər? 
Hər səmtə əyilən kişimi məgər? 
Özü özlüyündə qala bilməsə! 
  
9.01.87. 
  
BƏNZƏRƏM 
  


Qəlbimdə yurd salmış qışı əritdim, 
İndi bahar ünlü yaya bənzərəm. 
Gəl çıx seyranıma, gəl bax dünyama, 
Axarlı-baxarlı çaya bənzərəm. 
  
Bir həyat sevgisi əlimi sıxdı, 
Dünya cilvələnib gözümə baxdı. 
Dost-tanış qəmimi daşlara çaxdı, 
Bir ömür yolunda toya bənzərəm. 
  
Eldaram, dost, sənə eylərəm minnət... 
Gəl burax kədəri, sən çəkmə zillət. 
Qəm özü zülmətdi, ürəkdə zülmət, 
Mən zülmət gecədə aya bənzərəm. 
  
23.01.87. 
  
HARDADI 
  
Keçən ömrün arxasınca, 
Boylandım baxdım hardadı? 
Sultan idim cavanlıqda, 
O tacım-taxtım hardadı? 
  
Səfər dedim yandı çıraq, 
Kimsə etdi məni soraq... 


Yolum daşlı, mənzil uzaq, 
Gəlməyə vaxtım hardadı? 
  
Min dil ötər könül simi, 
Həsrət varmı bizim kimi? 
Tilsimdəyik, bu tilsimi 
Qırmağa baxtım hardadı? 
  
21.11.87. 
  
NƏDİ 
  
Kimi dindirirsən dərdliyəm deyir, 
Ömür-gün qəm üstə köklənib, nədi? 
Öz dərdim özümü sıxmazdı bu cür, 
Bu dünya çiynimə yüklənib, nədi? 
  
Dərdə öyrənmək də özü bir vuruş, 
Qartala yaraşır zirvədə duruş. 
Bağçada dad çəkən bülbüldən soruş, 
Qəfəssiz darıxıb, təklənib, nədi? 
  
Eldaram, nur seli söz adlı incim, 
Çalışdım, əlləşdim çıxmadı dincim. 
Dünyaya sığmayan köhlən sevincim, 
Son vaxtlar yoxuşa diklənib, nədi? 


  
30.07.86. 
  
YÜKLƏNMİŞƏM 
  
İlk sevdanın zirvəsinə, 
Yetər ikən təklənmişəm. 
Gözəllərdən üzüm dönüb, 
Gözəllərdən şəklənmişəm. 
  
Sönməyibdi sonsuz maraq, 
Can evimdə yandı çıraq. 
Qismətimə, işimə bax, 
Məhəbbətlə yüklənmişəm. 
  
Eldar, namərd dada gəlməz, 
Sadiq dostdan xata gəlməz. 
Yad havalar yada gəlməz, 
Öz kökümə köklənmişəm. 
  
31.08.86. 
  
ÖZÜNÜ AXTAR 
  
Dünyanı dərk etmək asandır, asan, 
Özünü dərk edə bilirsə insan. 


Böyük Nizamiyə ev olub cahan
Bu sirrin, mənanın izini axtar, 
Özgəni tapmamış özünü axtar. 
  
Dağ olmaq istəsən təpədən başla, 
Məqsədin tufansa ləpədən başla. 
Qayanı dindirsən qəlpədən başla, 
Bulaq istəyirsən gözünü axtar, 
Özgəni tapmamış özünü axtar. 
  
Vətən çiçəyini ətrindən tanı, 
Hər daş kitabəni sətrindən tanı. 
Güney palıdını çətrindən tanı, 
Astara baxmamış üzünü axtar! 
Özgəni tapmamış özünü axtar! 
  
Yaxşını yaxşıdan seçmə heç vədə, 
Əsil gözəllikdən keçmə heç vədə 
.Ölçməmiş parçanı biçmə heç vədə, 
Hər sözün, hikmətin düzünü axtar, 
Özgəni tapmamış özünü axtar. 
  
Bir güclü önündə gücünü danma, 
Özgəni özündən qüdrətli sanma! 
Günəş od səpirkən soyuqsuz donma, 
Odun düzəldəndə közünü axtar. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə