Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə65/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   61   62   63   64   65   66   67   68   ...   75

edəcək bir şey duymamışdı. Yeni tanışlıq saf niyyətlidirsə, səni zənginləşdirir.
Mu​radın yar-yaraşığı öz yerində, həm də ciddi oğlana oxşayır. Daha mühüm olan
onun ailəsinin, özünün taleyidir. Bakıda təkdir, darıxır, qayğıya, ünsiyyətə ehtiyacı
var. Ancaq şəhər doludur kənardan gəlmiş, ehtiyac içində yaşayan belə yalqız
gənclərlə. Muradı onlardan ayıran nədir görəsən? Bəlkə həyatın sərt üzünü
görməsi, bəlkə elm yolunu tutması? Cavab verə bilmir.
Ən qəribəsi onun üzündə babasını xatırladan cizgilərin olmasıydı. Ətrafında
fırlanan və çoxu əziy​yət görməmiş, kişilik məktəbi keçməmiş pərəs​tişkarları ilə
Murad arasındakı fərqi hiss edir və bu fərq görüşdən-görüşə böyüyür.
Ancaq günün birində Muradı həmişəki yerində gör​mədi. İşi ola bilər, gecikə bilər
düşüncəsi ilə xiyabanda bir-iki dəfə o yan, bu yana getdi və oğlanın
gəlmədiyindən sıxıldığını hiss elədi. Onun gülə-gülə yaxınlaşmasına, elə ilk
sözlərindən onu Bakı həyatından uzaq, fərqli bir dünyaya aparmasına öyrəşmişdi
və o söhbətlər üçün darıxmağa başlamışdı. Buna baxmayaraq, özünü o yerə
qoymadan “gəlməyib, deməli, vacib bir işi var” – deyə həmişə oturduqları
oturacaqda əyləşdi.
Yalnız yüngül əsintinin bağın xiyabanları bo​yu süpürüb apardığı saralmış çinar
yarpaqları diq​qətini çəkəndə yadına düşdü ki, burda Muradla ilk görüşündən xeyli
vaxt keçmişdir. Yaşlı bir qadın çinarların arasında, bağın sıx yerində otlardan tə​-
mizlənmiş balaca meydançaya yaxınlaşdı, torbada gətirdiyi dəni və çörək
qırıntısını ovuc-ovuc səpib uzaqlaşdı. Bayaqdan bağın üstündə dövrə vuran
göyərçinlər sanki çoxdan bəri bu xeyirxahlarını gözləyirmişlər, budaqların
arasından süzüb dəstəylə bu balaca meydançaya endilər. Qızarmış ələ bənzəyən
çinar yarpaqları quş qanadlarının hənirinə bənd imiş və göyərçinlərin dalınca
uçub onların üstünə tökülüşürdü. Göyərçinlər çörək qırıntılarını dənləyə-dənləyə
tez-tez uçub yerlərini dəyişir, qanadlarıyla meydançaya tökülən yarpaqları havaya
qaldırır və öz süfrələrinin xəzanla örtülməsinə imkan vermirdilər. Ayseli heyrət
götürmüşdü: “Nə gözəl mənzərədir, ilahi! Niyə indiyədək heç fikir verməmişəm?”
Yeyib doyandan sonra cüt-cüt meydançadan uzaqlaşan göyərçinlər ürəyində qəribə
bir qibtə doğurdu. “Allahın quşu da yalqız qalmaq istəmir...”
Maraqlıdır ki, ətrafdakı oturacaqlarda dincəlib fikrə gedənlər də bu gün tək-tək
adamlardı. Ayağa qalxdı, sanki külək də göyərçin qanadları ilə güc​lənmişdi və
indi ara yollara tökülən yarpaqları qabağında süpürə-süpürə ağacların altındakı
çəmənliyi örtürdü. Yarpaqlar da bir ilişik yeri tapmayana qədər dayana bilmirdi.
Nədənsə, rüzgarın qovaladığı bu yarpaqlarla Murad arasında bir bənzəyiş gördü,
gözü doldu və bağdan çıxıb maşına doğru addımladı.
Murad sonrakı iki gündə də gəlmədi.


Növbəti gün yenə onu görməyəndə, “Bəlkə xəstədir, başına bir iş gəlib” – deyərək
bağda göz​ləmədi. Mərmər sütunların arasından keçib Muradın institutuna qalxdı
və dəhlizdə qarşısına çıxan ilk qadından soruşaraq onun otağını tapdı.
Günün ikinci yarısında elmi işçilər ya kitabxanaya enir, ya dağılışıb gedirlər. Yarı
açıq qapıdan Muradı gördü. Özünü unutmuş vəziyyətdə pəncərədən çölə baxırdı.
Otaqda başqa kimsə yox idi.
– Aysel?
Bu səsdən onu gözləmədiyini ayırd etmək çətin deyildi.
Aysel:
– Mən də elə bilirəm sənin ciddi işin var, çıxa bilmirsən.
Murad ona yer göstərdi:
– Otur.
Balaca otaqda dörd masa vardı. Muradla üz-üzə oturdu:
– Nə olub? Başın nəyə qarışıb?
Murad nə deyəcəyini bilmirdi. Nəhəng binanın yeddinci mərtəbəsində, səssizliklə
dolu otaqların birində üz-üzə oturduğu anlarda Ayseli dərindən sevdiyini anladı.
Bu üç günü aşağı enməmək üçün çox bəhanələr uydurmuşdu. Hətta liftlə birinci
qata enib, sonra yenidən otağına qayıtmışdı. Çinarların küləkdə yellənən yuxarı
budaqlarına baxanda onu ağlamaq tutmuşdu. Özünü lənətləmişdi. 30-cu illərin
qəzetlərindəki yazıları qurdalamaq onun nəyinə lazımmış axı? O yazıların
imzalarını niyə gözdən keçirmişdi? İndiyədək yüzlərlə adam oxuyub, nə dəyişilib?
Dövlətin xüsusi qayğıyla qoruduğu tanınmış ziyalıların şöhrətindən, hörmətindən
nə əskilib? Guya sən hamıdan ağıllısan? Həm də bunun Ayselə nə dəxli? Onunla
açıq danışa bilərsən. İntəhası Ayselin ağlına bələddi, bilirdi ki, söhbət açılsa, qız
bu məsələlərə elə yöndən yanaşacaq ki, Muradın fikirləri alt-üst olacaq. Bu
söhbətə hazır deyildi. Oxuduğu bir-iki yazıya əsasən hökm çıxarmaq istəmirdi. O
dövrü diqqətlə öyrənəcək və bütün öyrəndiklərini Aysellə bölüşəcəkdi. Bəlkə
onda hər şey başqa cür görünəcəkdi.
– Arxivlərdə ilişib qalmışdım.
– Bu gün arxivdə deyilsən! Boş-bekar oturmusan burada.
Murad gözlərini ondan qaçırmadı və Aysel onun göz​lərindəki maneəni gördü.
Anladı ki, Murad nə mübahisəyə, nə də xoş danışığa hazırdır. Eləcə susub
durmalıdır. Özünün belə halları az olmamışdı. Qalxdı:
– Görürəm, cavab verməyə həvəsin yoxdur, amma danışmalıyıq. Məni üç gün
gözlətmisən, bunun cavabını verməlisən, yoxsa yox? Sabah iş günü deyil, saat 11-
də gəl muzeyin yanına, sahilə çıxıb söhbət edərik...
Murad sorğu-sualın bitdiyinə sevindi. Sabaha fikirlərini toparlayar.


Və ertəsi gün görüşdülər. Lakin sahilə getmədilər.
Ayselin üzündə dünənki pərtlikdən əsər-əlamət qalmamışdı:
– Anama səninlə görüşüb danışmaq istədiyimi dedim. “Rahat söhbət etmək
istəyirsinizsə, yerini deyim sizə! Bağa getməyə hazırlaşırıq, özümüzük, Murad da
gedər bizimlə”. – dedi. – Gedirsən?
“Yox!” deməyə yer qalmamışdı.
***
Ancaq bağ onun tərəddüdlərini azaltmadı. Səhər xanım doğrudan da səmimi
insandı. Arı bala yığışan kimi yığışan insanların çoxu atasının vəfatından sonra
dağılıb getmişdi. Öz mühitindən olmayan sakit, ilin yarısını ekspedisiyada olan bir
geoloqla ailə qurmuşdu. Əri dağda sürüşüb qəzaya düşəndən sonra iki qızıyla
qalmışdı.
Səhər xanım Muradı bağa onlardan öncə gəlmiş böyük qızı və yeznəsi ilə tanış
etdi.
– Danışmışdım sizə, Muraddır. Qazaxıstanda yaşayırlar. İndi Bakıda
aspiranturada oxuyur.
Yeznə az danışan, ancaq mehriban adamdı. Və elə tanış olandan Murada ürəyi
qızdı və onu da qoşdu kabab bişirmə işinə.
Aysel altdan-altdan göz qoyur, “işlə-işlə” deyə ona sataşır və bir yerdə
olmalarından duyduğu sevinci gizlətmirdi. Ancaq Murad hələ də özünə gələ
bilməmişdi. Qum üstündə 10-15 üzüm kolu və bir-iki əncir ağacı olan Abşeron
bağlarından birinə gedəcəklərini düşünmüşdü. Ancaq Səhər xanımın bağı
İnqilabdan əvvəl Bakı milyonerinin mülkü olmuş, sonra kommunist liderlərinin
birinin əlinə keçmiş, onun güllələnməsindən sonra məşhur alimə verilmiş bir
imarətdi. İri ağaclar buranı bağdan çox bir meşə parçasına bənzədirdi.
Səhər xanım bağın tarixçəsindən danışanda Muradın canından üşütmə keçdi:
“Başqasının min həvəslə tikdiyi bir evdə necə rahat yaşamaq olar?”
Sonra öz sadəlövhlüyünə güldü. Böyük şəhərlərdə kim öz əliylə tikdiyi evdə
yaşayır ki? Dövlət təklif edəndən sonra niyə götürməməli idi?
Qazaxıstanda öz kəndlərinin necə qurulduğu haqda böyüklərin danışıqlarını
xatırladı. Qamış və çiy kərpicdən tikilən balaca çovusdanlar... nəmli, soyuq
daxmalar...
“Bizi burdan qoparıb atır, sonra varlığımızı da unudurlar...”
Yeməkdən sonra Aysel “gəl, bağımızı göstərim” dedi. Anasıyla bacısının başı
qarışıq olduğunu görüb Muradın qoluna girdi: “Bax, bu tut ağacını babam öz
əliylə əkib”. Ağac qol-budaq atıb bağın bir tərəfini qanadının altına almışdı.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə