261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz
əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə
üçün haqq tələb edə bilər.
261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda
isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir.
Maddə 262. Servituta xitam verilməsi
262.1. Yüklü olan və ya ixtiyarı verilmiş daşınmaz əşya tamamilə məhv olarkən hər cür
servituta xitam verilir.
262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan
qalxdığına görə xitam verilə bilər.
262.3. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində
öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini
məhkəmə yolu ilə tələb edə bilər.
262.4. Servituta xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməlidir.
262.5. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisi yüklü olan daşınmaz
əşyanın mülkiyyətçisi olursa, o, servituta xitam verə bilər. Xitam verilənədək servitut
əşya hüququ kimi saxlanılır.
262.6. Əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə,
yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Əgər
ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisinin hələ də marağı varsa, lakin bu marağı
yüklülüyə nisbətən cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən və ya
tamamilə əvəz edilə bilər.
II. Uzufrukt
Maddə 263. Uzufrukt anlayışı
263.1. Uzufrukt əşyanın və ya hüquqların elə yüklülüyüdür ki, bu zaman xeyrinə
yüklülük müəyyənləşdirilən şəxs (uzufruktuar) onlardan istifadə etmək və fayda
götürmək hüququna malikdir, lakin mülkiyyətçidən fərqli olaraq bu əşyanı və hüquqları
girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir.
Uzufrukt ayrı-ayrı faydaların istisna edilməsi ilə məhdudlaşdırıla bilər.
263.2. Uzufrukt pullu və pulsuz ola bilər.
263.3. Uzufrukt müvəqqəti və ya uzufruktuarın bütün ömrü boyu mövcud ola bilər.
Maddə 264. Uzufruktun verilməsi şərtləri
Uzufruktun verilməsi üçün daşınar əşyalar və ya hüquqlar ilə bağlı halda onların
uzufruktuara keçməsi, daşınmaz əşyalarla bağlı halda isə onların daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınması zəruridir. Uzufrukt verilərkən mülkiyyət hüququ
haqqında müddəalar qüvvədə olur. Uzufruktun verilməsi bunu nəzərdə tutur ki, onun
tərkib hissələri müəyyənləşdirilə biləndir.
Maddə 265. Uzufruktuarın hüquq və vəzifələri
265.1. Uzufruktdan əvvəl mülkiyyətçi və uzufruktuar uzufrukt üzrə verilən obyektlərin
vəziyyətini təsvir edə bilərlər.
265.2. Mülkiyyətçinin razılığı olmadan uzufruktuar istifadə məqsədini dəyişdirə bilməz.
265.3. Uzufruktuarın ixtiyarı var ki, əşyadan onun adi təsərrüfat tətbiqi nəticəsində əldə
edilməmiş bəhəri və faydanı da əldə etsin. Bu halda o, belə tətbiq nəticəsində əşyaya
dəymiş ziyanın əvəzini mülkiyyətçiyə ödəməyə borcludur.
265.4. Əgər uzufruktuar etməyə borclu olmadığı xərclər çəkmişsə və ya yeniliklər tətbiq
etmişsə, qaytarma zamanı tapşırıqsız idarəçi kimi onlar üçün kompensasiya tələb edə
bilər. Əgər onun yaratdığı qurğular üçün mülkiyyətçi kompensasiya vermək niyyətində
deyildirsə, o həmin qurğuları geri götürə bilər, lakin əşyanın əvvəlki vəziyyətini bərpa
etməyə borcludur.
265.5. Uzufruktuar əşyaya sahiblik, ondan istifadə və əşyadan fayda götürmək hüququna
malikdir. O, əşyanın idarə olunmasını təmin edir. Öz hüququnu həyata keçirərkən o,
vicdanlı təsərrüfatçılıq qaydalarına uyğun hərəkət etməlidir. Uzufruktuar əşyanın normal
aşınması üçün məsuliyyət daşımır. O, cari xərcləri ödəməyə, əşyanı təmir etməyə, habelə
ona normal təsərrüfat qulluğunun qayğısına qalmağa borcludur.
265.6. Mülkiyyətçinin əşyanın dəyişdirilməsi və ya dəyərinin azaldılması nəticəsində
kompensasiya iddiaları, habelə uzufruktuarın xərclər üçün kompensasiya və ya qurğuların
geri götürülməsi iddiaları əşyanın qaytarılmasından bir il sonra müddətin keçməsinə görə
qüvvədən düşür.
265.7. Bəhərlər uzufruktuarın ixtiyarlı olduğu dövrdə təsərrüfatın lazımınca aparılması
çərçivəsində yetişdirilmişsə, uzufruktuara mənsubdur.
265.8. Uzufrukt obyektləri üzrə haqq və digər vaxtaşırı xidmətlər, hətta onların icra
müddəti istifadə hüququna xitam verildikdən sonra çatdıqda belə, uzufruktuarın
hüququnun başlandığı gündən hüququna xitam verildiyi anadək ona mənsubdur.
265.9. Əgər uzufrukt yalnız müəyyən şəxsə verilməyibsə, uzufruktuar onu həyata
keçirilmək üçün başqa şəxsə verə bilər. Bu şəxs barəsində mülkiyyətçi öz hüquqlarını
bilavasitə həyata keçirir.
265.10. Uzufruktuar uzufruktun mövcud olduğu bütün dövr üçün əşyanı müvafiq surətdə
sığorta etdirməyə borcludur. Uzufruktun qüvvədə olduğu müddətdə uzufruktuar artıq
sığortalanmış əşya üzrə sığorta haqqı ödəməlidir.
265.11. Əgər əşya və ya onun bir hissəsi məhv olarsa, zədələnərsə və ya onun saxlanması
üçün gözlənilməz xərclər lazım gələrsə, uzufruktuar bunu ləngimədən mülkiyyətçiyə
bildirməlidir. O, mənfi nəticələri aradan qaldırmaq üçün mülkiyyətçinin həyata keçirdiyi
tədbirlərə və hərəkətlərə dözməlidir. Mülkiyyətçi müvafiq tədbirləri görməyə borclu
deyildir. Əgər bu tədbirləri uzufruktuar özü həyata keçirirsə, uzufrukt qurtardıqda o
həmin tədbirlər və hərəkətlər nəticəsində əşyaya əlavə etdiyi predmetləri ayıra bilər və ya
bunun üçün mülkiyyətçidən müvafiq kompensasiya tələb edə bilər.
265.12. Əgər uzufruktuar normal təsərrüfat fəaliyyəti daxilində ayrı-ayrı predmetləri
özgəninkiləşdirərsə, özgəninkiləşdirilən predmetlərin yerini onun əldə etdiyi predmetlər
tutmalıdır.
265.13. Uzufruktuar əşyanın məhv olması və dəyərinin azalması üçün, əgər zərərin onun
təqsiri üzündən baş vermədiyini sübuta yetirməzsə, məsuliyyət daşıyır. O, istifadəyə daxil
olmamış və işlədilmiş predmetlərin əvəzini verməlidir. O, əşyadan düzgün istifadə ilə
əlaqədar predmetlərin dəyərinin azalmasının əvəzini ödəməyə borclu deyildir.
265.14. Daşınmaz əşyanın uzufruktuarı göz qoymalıdır ki, daşınmaz əşyadan həddən
artıq istifadə edilməsin. Bu həddən artıq əldə edilmiş bəhərlər mülkiyyətçiyə mənsubdur.
265.15. Uzufruktuara torpaq sahəsinin təsərrüfat təyinatında mülkiyyətçi üçün mühüm
zərərə səbəb ola biləcək hər hansı dəyişikliklər etməyə icazə verilmir. O, torpaq sahəsini
əhəmiyyətli dərəcədə dəyişdirə bilməz.
265.16. Əgər ayrı qayda müəyyənləşdirilməyibsə, uzufruktuar işlətdiyi əşyalara
mülkiyyət hüququ əldə edir, lakin istifadə hüququ qüvvəyə minənədək onların mövcud
olmuş dəyərinin əvəzini ödəməyə borcludur.
Maddə 266. Uzufruktla yüklü edilmiş əşyanın mülkiyyətçisinin hüquq və vəzifələri
266.1. Mülkiyyətçi əşyadan hər bir qanunsuz istifadəyə və ya təyinatından kənar
istifadəyə etiraz edə bilər. Əgər uzufruktuar etiraza məhəl qoymursa, mülkiyyətçi
vurulmuş ziyanın əvəzinin ödənilməsini və ya uzufrukta xitam verilməsini məhkəmə
qaydasında tələb edə bilər.
266.2. Mülkiyyətçi əşyasının və ya hüquqlarının təhlükədə olduğunu sübuta yetirərsə,
uzufruktuardan girov tələb edə bilər. Əgər uzufruktun predmeti istehlak edilən əşyalardan
və ya qiymətli kağızlardan ibarətdirsə, o, qarantiyanı sübut gətirmədən və əşya
verilənədək tələb edə bilər. Qiymətli kağızlarla bağlı halda onların depozitə qoyulması
yetərli qarantiyadır. Qarantiya alınması üçün iddia istifadə hüququnu saxlamaqla
predmeti mülkiyyətçiyə bağışlamış şəxs barəsində irəli sürülə bilməz.
Dostları ilə paylaş: |