"Biz... İranla dostluq münasibətləri saxlayırıq.
Ümumiyyətlə, biz əməkdaşlığa və dostluğa
üstünlük veririk... İranla – mən bunu təkrar
edirəm - qədim tarixmiz var."
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
Müəllif : tarix elmlər namizədi Məhərrəm Zülfüqarlı
Redaktor: prof. Ədalət Əliyev
4
Müəllifdən
Tarixə obyektiv deyil, subyektiv, bu günün siyasi münasibətləri
konteksindən yanaşılması müasir dövrdə bir sıra ciddi problemlərin
yaranmasına səbəb olmuşdur. Bu problemlərin aradan qaldırılmaması
"Azərbaycan tarixi"ndə çar Rusiyası və sovet dövründən qalmış ağ və
qara ləkələrin təmizlənməsinə imkan vermir. Çox təəssüf ki, müasir
dövrdə də "Azərbaycan tarixi"ndə olan qara və ağ ləkələrin təmizlənməsi
sahəsində elə bir ciddi addımlar atılmır. Fikirimizcə bunun əsas səbəbi
Azərbaycan tarixinin, xüsusilə də XVIII – XIX əsrlər dövrünün çar
Rusiyası və sovet dövründə obyektiv tədqiq olunmaması və müasir
dövrdə həmin səhvlərin təkrar olunmasıdır.
Azərbaycan Resublikası Milli Ellər Akademiyası Tarix Institunun
direktoru, professor Y. Mahmudov bu məsələ barəsində hələ 1989 – cu ildə
belə demişdir: "Tarixçilər içərisində torpağının, el - obasının təəssübünü
çəkən, nurlu ideyaları olan tədqiqatçılar az olmamışdır. Lakin onlara
istənilən səviyyədə sərbəst işləmək imkanı verilməyib. Sifarişlə tarix
yazmağa məcbur ediliblər. Bir sıra problemlərin analizi məsələsi sadəcə
olaraq qadağan edilib. Mədhiyyələr yazılmasına isə yaşıl işıq yandırılıb.
Tarixçilər illərlə müxtəlif siyasi yarlıqlar kabusu altında fəaliyyət
göstəriblər."(1) Çox təəssüf ki, tarixi tədqiqatlara bu cür anormal münasibət
bu gün də aradan qaldırılmamışdır.
1920 – ci il 27 aprel işğalından sonra Azərbaycan xalqını öz tarixi
köklərindən ayırmaq və müsəlman şərqinə qarşı qoymaq üçün kommunist
ideoloqları fəaliyyətlərini genişləndirmiş və hətta Azərbaycanda
kommunist hərəkatı tarixinin IX əsrdə Babəkin başçılıq etdiyi Xürrəmilər
hərəkatından başladığını iddia edən əsərlər də yazmışlar. Belə əsərlərdən
biri professor P.K. Juzenin 1921 - ci ildə rus dilində nəşr olunmuş "Babək
və Babəkizm. IX əsr Azərbaycanda kommunist hərəkatı tarixindən"
adlanan əsəridir. Əsərdə müəllif mülkiyyətə, qırmızı bayrağa və s.
amillərə münasibətdə xürrəmi və kommunist dünyagörüşləri arasında
əlaqələr olduğunu sübut etməyə çalışaraq, Azərbaycan əhalisində islama
qarşı düşmənçilik və kommunist ideologiyasına məhəbbət hissləri
aşılamağı qarşısına məqsəd qoymuşdur.(2) Bundan başqa hətta Dərbənd
divarının şimaldan deyil, cənubdan gözlənilən təcavüzə qarşı tikildiyini
iddia edən kommunist ideoloqu Mixayloviç (Valantyor) "Bakinski
raboçi" qəzetində bu mövzuya məqalə də həsr etmişdir.(3)
Bolşeviklərin bu siyasətini ifşa edərək M.Ə.Rəsulzadə yazırdı:
"Azərbaycanda vətən və milli istiqlal uğrunda unudulmaz mübarizəsi ilə
tanınmış Dağıstanın böyük imamı Şamil ilə Gəncənin igid müdafiəçisi
Cavaddan bəhs etmirlər. Bunun yerinə isə Azərbaycan tarixinin
dərinlikləri aranaraq, oradan Babək kimi şəxsiyyətlər çıxarılıb
ideallaşdırılır... Babək Azərbaycanı şimala deyil cənuba qarşı qoyurdu.
5
Bu halda o, Sovetlər Birliyinin ehtimal olunan düşməninə qarşı savaşın
rəmzi ola bilər... "Babəki" sözü hələ XIX əsrdə Azərbaycanda söyüş
kimi işlədilirdi... qırmızılar islamiyyət əleyhdarları olan bu simanı
idealizə etməklə Azərbaycandakı vətənpərvərlik duyğularını şimala doğru
çevirmək istədilər."(4)
Tarixə bu cür münasibət sonrakı illərdə də partiya rəhbərlərinin
istiqamətverici çıxışlarında və tarixçilərin əsərlərində davam etmişdir.
Azərbaycan tarixinin bu cür saxtalaşdırılması və müasir dövrdə bu
problemin həll olunmaması bir çox sahələrdə olduğu kimi Azərbaycan –
Iran münasibətlərinin inkişafına da mənfi təsir göstərir.
XIX əsrin əvvəllərindən baş vermiş I və II Rus - Iran
müharibələrindən 1991 – ci ilin 18 oktyabrına kimi şimali Azərbaycan
Çar Rusiyasının və Sovet Ittifaqının tərkibində olduğu üçün tarixi
proseslərə münasibətdə tarixçilər həmin dövlətlərin irəli sürdüyü
konsepsiyalardan kənara çıxa bilməmişlər. Həm çar Rusiyası, həm də
SSRI dövründə Irana qarşı düşmən siyasət yeridildiyinə görə tarixin
saxtalaşdırılması prosesi baş vermişdi ki, bu təbliğatın da acı nəticələri bu
gün də hiss olunmaqdadır.
Iran Islam Respublikasının sabiq prezidenti Seyid Məhəmməd
Xatəmi 2004 – cü ilin avqustunda Azərbaycan Respublikasına səfəri
zamanı Milli Məclisindəki çıxışında demişdir: "Iran və Azərbaycana
gələn hər kəs həmişə ən yüksək zirvədə dayanan ədəb və əxlaqımıza
pərəstiş və təəccüblə baxır. Azərbaycan şairi, ustad Nizami Gəncəvinin
"Sirlər xəzinəsi" əsəri əxlaq kitabıdır və insanlığa, ədalətə həsr
olunmuşdur."(5)
Iran prezdenti əksəriyyət tərəfindən böyük ruh yüksəkliyi ilə
qarşılanmasına baxmayaraq onun Gəncədə olarkən Nizami Gəncəvi
haqqında dediyi sözlərdən bəzi qüvvələrin sui – stifadə edərək ictimai
rəyi çaşdırmaq cəhdləri fikrimizcə münasibətlərin yaxşılaşmasına
qısqanclıqla yanaşılmasından başqa bir şey deyil. Bü kimi hallar müştərək
tarix və ədəbiyyat haqqında xalq arasında geniş izahat işlərinin
aparılmasına ehtiyac olduğunu sübut edir.
Sovet hakimiyyətinin ilk illərində dinə qarşı, xüsusilə də islam
dininə qarşı düşmən siyasətin yeridilməsi, "allahsızlar cəmiyyəti"nin din
xadimlərinə qarşı ləyaqətsiz hərəkətləri, 1929 – cu ildə ərəb əlifbasının
latın əlifbası ilə əvəz edildikdən sonra əski əlifba ilə yazılmış kitabların, o
cümlədən dini kitabların məhv edilməsi, evində ərəb əlifbası ilə yazılmış
kitab saxlayan şəxslərin panislamist damğası vuraraq həbsxanalara
salınması insanlarda böyük sarsınılara səbəb olmuşdur. Bu dövrdə
aparılan siyasətin mahiyəti belə rəy formalaşdırmaqdan ibarət olmuşdur
ki, guya sovet hakimiyyəti qurulana qədər Azərbaycan savadsızlar ölkəsi
olmuş, "mədəni inqilab" nəticəsində bu çatışmazlıq aradan qaldırılmışdır.
Akademik Ziya Bünyadov bu fikirə münasibət bildirərək