Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə3/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   2   3   4   5   6   7   8   9   ...   167

 9 

Bax, sən dənizi gördün. Amma burdan görünmür. Eyvan olanda 

hamımız qalxacağıq ora… Dənizi görəcəyik. 

Gülsüm: 

—Kamil, bala get bu çayniki doldur. (Əliyə) Bir dincini alaydın, 

dənizdən təzə gəlmisən. Yorğunsan. Sən də lap  atan kimisən, vallah. 

Əli: 

—Yox, yorulmamışam. 

…Kamil quyu başında. Bir qədər kənarda Ağca xalanın eyvanı 

görünür. Ağca xala eyvanda oturub yuxa bişirir. Kamil maraqla ona 

baxır. Ağca xalanın qabağındakı taxtaların üstündə un var. Un 

təpəciyinin ortasındakı çuxura su tökür. Qarışdırır. Xəmir düzəldir. 

Kamil bu işin atasının gördüyü işlə oxşarlığına mat-məəttəl qalır. 

—Ağca nənə, nədi bu belə. 

—Xəmirdir, ay bala. Yuxa bişirəcəyəm. Bir azdan gəl yeyərsən. 

Kamil dolu çayniki anasına gətirir. 

Əli torpaqdan yeni təpəcik düzəldir. 

Kamil: 

—Dədə, bəs bundan yuxa bişirmək olar? 



Əli:  

—Başın xarab olub. Torpaqdan yuxa bişirmək olar? 

—Bəs Ağca nənə bişirir. Dedi ki, xəmirdir.  İndi yuxa 

bişirəcəyəm. Gəl sənə də verim. 

—Xəmiri undan düzəldirlər. Bu, torpaqdır. 

Kamil: 

—Hə… bəs unu nədən düzəldirlər? 

—Unu?  Buğdadan. 

—Bəs buğdanı? 

—Buğdanı? Buğda torpaqda bitir. 

—Torpaqda. Görürsən, bəs sən deyirsən torpaqdan olmaz. 

—Yaxşı, bəsdir, qurtar. 

Kamil atasının işini müşahidə edir. 

Kərim baba yuxuya gedib. Gülsüm pəncərələri yuyur. Əski ilə sol 

tərəfdəki pəncərəni silir. Pəncərənin  şüşəsi tərtəmiz hamardır. 

Gülsüm həvəslə, cəldliklə işləyir. 

Bu dinamik kadrlarda kontrast təşkil eləyərək ekrana gecə çökür. 

Sakit, ulduzlu gecə.  

Hər yan yuxuya qərq olub. Sükut. Səssizliyi yalnız ilbizlərin səsi 

və dənizin çox uzaq uğultusu pozur. 



 10 

Meynələr yatır, torpaq yatır.  

Quyu yatıb, hərləngəc fırlanmır. 

Yüngül meh onu bir balaca cırıldadır. 

Əlinin tikdiyi yuxarı eyvanın daşları yatıb. Divarlar, hasarlar, ev 

yatıb. Ulduzları əks edən pəncərələr yatıb, qapılar yatıb. Şümal alma 

tinlikləri yüngül mehdə zərif-zərif titrəyir. 

Otaqda Gülsüm yatıb. Eyvanda həsir üstündə  Kərim baba, Əli, 

Kamil yatıb. Meynə yarpaqları yüngülcə  tərpənir. Ayın gümüşü 

işığında narın qumlar sanki ürpərir. 

Qəfil  şiddətli külək zərblə sol tərəfdəki pəncərəni taybatay açır, 

pəncərəni divara çırpır. Şüşə çingilti ilə çilik-çilik sınıb yerə tökülür. 

Külək qumları göyə sovurur. Meynələri silkələyir. Külək alma 

ağaclarını da tərpədir. 

Qum yeri, göyü tutur. Dənizin uğultusu küləyin səsinə qarışır. 

Quyu üstündəki hərləngəc sürətlə fırlanır. Alma ağacı get-gedə daha 

çox əsir. 

…Sakit, aydın bir səhər. Göy üzü açıqdır, təmizdir. Küləkdən 

əsər-əlamət yoxdur. 

Səma fonunda Kamilin, Əlinin, Kərimin sifətləri. Fikirli, 

qayğılıdırlar. Tam bir sükut, səssizlik. 

Kamera onların donmuş baxışlarının istiqamətini götürür və biz 

küləyin sındırıb yerə atdığı alma ağacını görürük. 

Hər üçü elə bil meyid yanında durublar. 

…Kərim baba bir söz belə demədən vedrəni götürüb,  su dalınca 

gedir… 


Sükut içində  ağacları sulayır… Qarğıları bir-birinə çatıb dayaq 

düzəldir. Dayaqları  ağacların yanında basdırır. Ağaclarla dayaqları 

bərk-bərk bir-birinə bağlayır… Daha küləklər onlara bir şey edə 

bilməz. 


Kərim baba ağacların dibini belləyir. Peyin tökür. 

Bir-birini haqlayan kadrlarda Kamillə birlikdə biz də  Kərim 

babanın ağır, çətin mübarizəsini — bu ağaclar uğrunda mübarizəsini 

müşahidə edirik. 

Ağacların düşmənləri güclüdür, çoxdur — quraqlıq, bürkü, isti, 

külək, soyuq. Bu mübarizədə  Kərim baba məğlubiyyətlərə düçar 

olur. Ağaclar quruyub əldən gedir. Kərim baba quruyub zay olmuş 

iki ağacı dərin kədər içində torpaqdan çıxarıb atır. 

Bürkü bir gün. Qızmar günəş. 



 11 

Kamil səmaya baxır. Uca açıq səmada bir bulud belə yoxdur. Kamilin 

yanında dayanmış Kərim baba da göylərə baxaraq: 

—Ay qurban olduğum. Yəni bir damcı yağışın yoxdur, bu 

yazıqlar quruyub əldən getdilər axı. 

Kərim babanın sifətinin qırışıqları cadar-cadar olmuş susuz 

torpağı andırır. Göylərdən ümidini üzmüş  Kərim baba əbədi işini 

davam etdirir: quyudan su çəkir, vedrələri daşıyır… ağacları sulayır. 

Sulanmış torpaq ancaq qısa bir müddət nəm qalır. Qumlar dərhal 

suyu canına çəkir. Kərim baba yeni vedrəni gətirəndə, torpaq sanki 

heç sulanmayıbmış. 

Kərim babanın lap heyi kəsilib. Nəfəsini dərir və son qüvvəsinini 

toplayıb ağacı sulamaq üçün iki vedrə də gətirir. Onun ardınca  gələn 

Kamilin də əlində su dolu iki kiçik sərnic var. 

Kərim baba son ağacı sulayır. Tərini silir. Dodaqları susuzluqdan 

çatdaq-çatdaqdır. Kamilin balaca sərnicini götürüb dodaqlarına 

yaxınlışdırır. Ancaq birdən dayanır, sərnici təzədən Kamilə uzadır ki, 

al sən iç. Kamil başını yelləyir. Kərim baba azacıq dodaqlarını 

isladıb sərnicin suyunu ağacın dibinə əndərir. 

Birdən-birə hava dəyişir. Hardansa peyda olmuş buludlar göyün 

üzünü tutur. İldırım çaxır və… leysan yağış yağmağa başlayır. 

Kərim baba göyə baxır. Bu baxışda nə yoxdur: belə zarafatlar 

edən allaha, ya təbiətə  qəzəb, gərgin və  nahaq zəhmətin mənasız 

yorğunluğu və eyni  zamanda sevinc. Uzun intizardan sonra nəhayət 

yağışla fərəhlənən insanın sevinci. 

Kərim baba əyilib ağacların üstündə yağış damcılarını yalayır. 

Onu təqlid edən Kamil də bu hərəkəti təkrarlayır. Baba-nəvə bir-

birinə    baxır və sevinclə gülümsünürlər. Bu bəlkə filmdə  Kərim 

babanın ilk təbəssümüdür. 

Yağış yağır. Quyu başında boş vedrələrə  səs-küylə yağış yağır. 

Arvadlar vedrələrini, qab-qacaqlarını qapıb evlərinə qaçırlar. 

Yağış yağır. Evlərə, hasarlara, küçələrə yağış yağır. Küçələrdəki 

adamlar tələsik qaçışırlar, islanmaq istəmirlər. 

Bircə  Kərim baba məftun olmuş kimi yağışın altında dayanıb, 

deyəsən heç tərpənmək fikrində deyil. Onun yanında Kamil sevinclə 

atdanıb-düşür. 

Göy get-gedə qaralır, tündləşir.  İldırım çaxır. Göydə od 

qırbancları. Sanki torpaq, su, od və göy bir-birinə qarışıb. 

Gülsüm təlaş içində otaqdan çıxır. Həyəcanla: 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə