30
№ 2 (14) Yay 2015
uşaq səsləri asılacaq budaqlardan.
yaaaa…
daha… bahar da bir yanğındı.
sonra…harda bir yanğın görsəm,
harda bir tüstü burulsa…
elə biləcəyəm ki,
akasiyaların çiçək açan vaxtıdı.
***
bir dəniz olsa…bir dəniz,
bir gəmi çəksəm… bir kağız gəmi,
gəmidə bir uşaq… bir uşaq…
əlimdən yapışsa…yapışsa,
məni uzaqlara aparsa…aparsa ….
aparsa…uşaqların ölmədiyi yerə.
***
ağlıma
gəldi ki, mən mən deyiləm,
mən orda qalmışam, oralar məndə.
ömür də bölünüb ağa, qaraya,
ağlar uzaqlarda, qaralar məndə.
heç mənlik deyilmiş bu yol, bu yöntəm,
hər karvan dalınca ulayan itəm,
bir az da qürbətəm,
bir az da vətən,
haralar varıymış… haralar məndə.
dərdə diz basmaqdan, dizlərim yara,
izimə düşürəm, izlərim yara,
ayağım, ürəyim, gözlərim yara,
yeriyir, yüyürür yaralar məndə.
***
kəndimizdə bir dəli şair varıydı...
hirslənəndə deyirdi ki,
başımdan şeir töküb özümü odlayacam.
***
daha gözlərimdə
nə
ulduz gəzdirə bilirəm,
nə bir qız.
daha gözlərimdə su daşıyıram...
şəkildə gözlərim buludlu çıxır.
***
hardasa bir qız var, hardasa bir qız...
hələ də budaqdan budağa çıxır.
gözümü bir anlıq qaçırdan kimi,
o saat gözümdən qırağa çıxır.
bilmir ki, hara var, hara yox, hara...
hər gün gün yandırır ayrılıqlara.
bir qız günlərindən sonra e, sonra...
qadın günlərini qırığa çıxır.
günnəmək istədi, yağış qoymadı,
bir qışa düşdü e, o qış qoymadı,
daha çıxmadığı dam-daş qoymadı,
indi də qələmnən varağa çıxır.
***
Atam deyirdi,
o uşaqlara dəyməyə gedəndə,
bir balaca oğlan çəkdi məni
yetimxana divarlarının küncünə...
On yaşı olardı, ya olmazdı...
apardığım pay-püşə baxıb ah çəkdi:
- Əmi, siqaret gətirmisən?
***
sonra... bir xatirə yada düşür,
və sonra kövrəlirəm...
sonra da...
şeirləri gözlərimdə suya çəkirəm.
***
gözəlim…
insanlar gülərkən mən ağlamışam,
bilirsən necə ağlamışam,
bənövşə kimi ağlamışam.
bilirsən, bənövşə necə ağlayır,
bənövşə barmaqlarımın ucu kimi...
şeir-şeir ağlayır.
gözəlim…
bir xatirə qaldı orda,
orda - Şuşada.
Şuşadan sonra sən başlayırsan,
sənnən
sonra bənövşələr,
bənövşələrdən sonra yetim sevgilər…
Üç aylıq ədəbiyyat dərgisi
31
sevgilərdən sonra bir oğlan başlayır,
o oğlandan sonra
taa... heç nə başlamır.
***
solğun havalarda
qəbirlər qədər avazıyıram.
nəfəsimi ayaz aparır,
baxışlarımı şaxta vurur,
gözlərimdə qırov bağlayır
baxdığım şeir də...
və ruhumu anlada bilmirəm
avtobus şüşəsində
başımı başına dirədiyim qadına...
beləcə baş-başa gedirik xeyli...
bir xeyli mən ona baxıram,
o mənə...
birdən ayılıram ki,
ruhum yerində yoxdu.
o qadın
məndən qabaq düşüb şüşədən.
***
bir şeir necə gözəl olmaya bilirsə,
elədi həyat.
bir quş necə uçmaya bilirsə...
bir uşaq necə böyüməyə bilirsə...
və... yarpaq yaşılsız,
gün qırmızısız
insanlar sevgisizdi.
bayaqdan sahildə oturub düşünürəm:
- onda dəniz mavi idi.
***
daha kəpənək ömrüdü ömrümüz...
daha
bir-bir ölmürük,
topa-topa ölürük.
və ciyərimiz yanır.
ciyərimiz elə yanır ki...
kimsə üşüyəndə,
az qalıram deyəm ki,
götür ciyərimi geyin!
***
bir ayrılıq sabahıydı...
alaqapının ağzındakı qara kötüyün
üstündə oturub
uzaqlara baxırdı Mina xala.
büzmə tumanı yerin yarpaqlarını
süpürürdü.
biz də bir topa çöpə gülən
uşaqlarıydıq...
baxıb gülürdük Mina xalanın bozarmış
tumanına,
dişlərimizi ağardırdıq bir ayrılıq
sabahına.
amma Mina xalanın dişləri yoxuydu
gülməyə,
dodaqları ağzının içində qalmışdı
büzülməkdən...
və Mİna
xala nəsə oxuyurdu
damaqlarıyla.
haaa qulaq verirdik...eşidə bilmirdik nə
oxuduğunu...
amma mızıltılar...çəpərlərin başından
həyətlərə dolurdu,
sonra evlərə...sonra da adamlar çıxırdı
qapılarından.
hərə öz küçüyünə yiyə çıxmağa
tələsirdi
alaqapının yanına...
bir ayrılıq sabahıydı...
Mina xala kötüyün üstündə öldü ,
biz də qorxaraq alaqapıdan üzü kəndə
tərəf qaçdıq.
arxamızca ayrılıqlar yüyürürdü.
və...onnan sonra alaqapının yanındakı
qara kötüyün üstündə oturan olmadı,
döyüşlərdən gəlməyən oğlunu
gözləyən olmadı.
Mina xala axırıncı anaydı...gülə
bilməyən,
32
№ 2 (14) Yay 2015
bütün analar ölmüşdü vətən şəhid
verdikcə.
və... hərdən mənə elə gəlir ki, bütün
analar ölüb.
indi...
biz bir topa kənd uşağı
dişimizi ağarda
bilmirik,
oynamağa qol qaldıra bilmirik,
ondakı kimi...sevinə bilmirik.
bir ayrılıq sabahıydı...
baxıb gördüm ki, bütün sabahların üzü
ayrılığadı.
və dünyanın bütün qapıları üzümüzə
örtülən
Mina xaladı.
***
adam olmayan küçələrdə
qaçmaq istəyirəm.
heç kimin baxmadığı bir sahildən
suların üzündə daş oynatmağım gəlir.
hərdən də var səsimlə bağırmaq
istəyirəm.
nə qaça bilmirəm küçələrdə,
nə daş ata bilmirəm sulara,
nə də çığıra bilmirəm.
hər şey içimnən keçir...
içimdə qaçıram,
suları daşlayıram
və var səsimlə bağırıram...
sonra içimin sükutunda gülürəm.
kimsə heyrətlə mənə baxır;
-xanım, nəyimə gülürsünüz...?
söz
tapa bilmirəm deməyə,
üzbəüzdəki bir qoca da mənə baxıb
gülür....
amma...mən elə bilirəm,
qocanın gözləri mənnən də keçib gedir
uzaqlara...
gedir küçələrdə qaçmağa,
sulara daş atmağa
və səsi gəldikcə bağırmağa.
onda bir həqiqətin çılpaqlığını
anlayıram...
anlayıram ki...bu şəhərdə
mənim kimiləri çoxdu-
küçəsi olmayanlar,
sahili olmayanlar,
səsi olmayanlar.
***
vaxtın üstüylə yüyürürəm sahildə...
ayağımın altında xırçıldıyır
qum saatının saniyələri,
dəqiqələri, saatları.
ayağımın altından sovrulur
bir ömrün qumları.
vaxtın üstünə çıxmışam...
bütün sahil mənim vaxtım.
və qum evciyi tikirəm
vaxtımnan....
sonra sular yuyur vaxtımı.
sularda axır saatım.
***
yaşadıqlarımı unutmaq üçündü...bu
şəhər də,
bu ögey küçələr,
bu yad üzlər,
bu soyuq adamlar da.
it yiyəsini tanımadığı
bir vaxtda,
it kimi darıxmaqlar dolur canıma.
ən çox...özümnən ötrü darıxıram.
balaca əllərimnən,
yüyrək ayaqlarımnan,
dupduru gözlərimnən ötrü
başımı divarlara vururam.