Microsoft Word Azerbaycan arxeologiyasi doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/75
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18329
1   ...   51   52   53   54   55   56   57   58   ...   75

 
175
qırmızı  və qara rənglərlə  çəkilmiş ornamentlə naxışlanmışdır. Göytəpənin C 
təbəqəsindən tapılan bu tip keramika e.ə. 2000-1700-cü illərə aid edilmişdir. 
Qızılburun və  Şahtaxtıdan aşkar olunan polixrom boyalı qabların yaxın 
bənzərləri Göytəpənin D və C                        
         
Şəkil 81. Zəngin naxışlı polixrom boyalı qablardan nümunələr. 
 
            1 - Şahtaxtı, 6 -I Kültəpə, 2, 3, 4, 5, 7, 8 - II Kültəpə 
 
 
təbəqələrində aşkar olunmuşdur. Boyalı keramikanın bu növü e.ə. 1900-1700-cü 
illərə aid edilir. 


 
176
 
 
 
 
 
Üçüncü mərhələyə aid edilən polixrom boyalı qablar naxışlarının 
zənginliyi ilə  fərqlənirlər. Bu dövrdə  həndəsi motivli naxışlarla bərabər, stilizə 
heyvan rəsmlərindən də geniş istifadə olunmuşdur. Bu mərhələyə aid polixrom 
boyalı qablar çayniktipli qablarla birlikdə əldə edilmişdir. Bu tip qabların geniş 
yayıldığı dövrü B.Braun e.ə. 1500-cü ilə aid edir. Bu cür keramika II Kültəpənin 
Orta Tunc dövrü təbəqəsinin üst qatlarında bu tip boyalı küpə çayniktipli qablarla 
birlikdə tapılmışdır.  Şahtaxtıdan tapılan bu tip küpə O.H.Həbibullayev və 
V.H.Əliyev tərəfindən e.ə. XV-XIV əsrlərə aid edilmişdir. Qeyd etmək lazımdır 
ki, Haftavantəpənin belə keramika verən Son VI B təbəqəsi e.ə. 1600-1450-ci 
illərə aid edilir. Göstərilən faktlara dayanaraq boyalı qabların bu mərhələsini e.ə. 
1600-1400-cü illərə aid etmək olar. Boyalı qabların dördüncü inkişaf mərhələsi 
Son Tunc və Erkən Dəmir dövrü üçün xarakterikdir. Bu mərhələnin boyalı 
qabları haqqında sonrakı başlıqda məlumat veriləcəkdir. 
Orta Tunc dövrü boyalı qablarının tədqiqi göstərir ki, bu mərhələlərin hər 
biri, bir neçə aralıq mərhələdən keçmişdir.  Мonoxrom boyalı qabların iki 
mərhələdən keçdiyi V.H.Əliyev tərəfindən söylənmişdir. Polixrom boyalı 
qabların müxtəlif ara mərhələlərindən keçdiyi, vaxtilə  tərəfimizdən qeyd 
edilmişdir . 
Arxeoloji araşdırmalar Naxçıvan-Urmiya qrupuna daxil olan boyalı 
qabların ayrı-ayrı mərhələlərindən keçərək e.ə. III-I minilliklərdə inkişaf etdiyini 
və zənginləşdiyini göstərir. Orta Tunc dövrünün müəyyən mərhələsində və Son 
Tunc dövründə  Cənubi Qafqazda istifadədən çıxan boyalı qablar Naxçıvan-
Urmiya rayonunda uzun müddət davam etmişdir. Qızılburundan əldə edilən bəzi 
nümunələr boyalı qabların Urartu öncəsinədək davam etdiyini göstərir. Bu 
regionda boyalı qabların uzun zaman ərzində istifadə olunması, onların 
Naxçıvan-Urmiya rayonunda meydana çıxdığını  və qonşu  ərazilərə yayıldığını 
göstərir. Fikrimizə görə, bu mədəniyyət Naxçıvan-Urmiya hövzəsi və  Şərqi 
Anadoluda məskunlaşan, bir qismi oturaq, digər bir qismi isə köçəri həyat tərzi 
keçirən tayfalar tərəfindən yaradılmışdır. Cənubi Qafqazın digər rayonlarında 
ortaya çıxan boyalı qablar, yalnız bu mədəniyyətin əsas mərkəzlərindən yayılma 
istiqamətlərini göstərir. 
        İctimai quruluş, mədəni əlaqələr, inamlar. Arxeoloji tədqiqatlar göstərir 
ki, Orta Tunc dövründə  əkinçilik və maldarlığın intensiv inkişafı  nəticəsində 
yaranan məhsul artıqlığı  cəmiyyətdə  bərabərsizliyi daha da dərinləşdirmişdir. 
Başlıca istehsal sahələri olan əkinçilik və maldarlığın inkişafı  sənətkarlığın da 
müstəqil istehsal sahəsi kimi formalaşmasını  şərtləndirmişdir. Orta Tunc 
dövrünün əvvəlindən başlayaraq, ortaya çıxan yüksək zövqlü boyalı qablar, qara 
cilalı basma naxışlı keramika, müxtəlif konfiqurasiyalı tunc əşyalar və zərgərlik 


 
177
məmulatı  sənətkarlığın nəinki müstəqil peşəyə çevrildiyini, həmçinin onun 
müxtəlif istiqamətlər üzrə ixtisaslaşdığını göstərir. 
Sənətkarlığın müstəqil peşəyə çevrilməsi nəticəsində artan əmtəə istehsalı 
mübadilənin inkişafına, sərvətlərin müəyyən qrup insanların əlində toplanmasına 
şərait yaratmışdır.  İnsanlar arasında ictimai bərabərsizliyin gücləndiyini həm 
aşkar olunan yaşayış binalarının qalıqları, həm də  qəbir abidələri sübut edir. II 
Kültəpə yaşayış yerində qəbilə başçılarının yaşadığı binaların qalın qala divarı ilə 
əhatə olunması bununla bağlıdır. Bu yaşayış yerində, həmçinin zəngin ailələrə 
aid olduğu düşünülən çoxotaqlı evlər də aşkar olunmuşdur. 
Orta Tunc dövründə cəmiyyətdə bərabərsizliyin dərinləşdiyini sübut edən 
faktlardan biri də  qəbir abidələrinin konstruksiyasında və  qəbir avadanlığında 
müşahidə olunan fərqlərdir. Tayfa başçıları  dəbdəbəli  şəkildə, zəngin qəbir 
avadanlığı ilə dəfn edilmişdir. Kükü kurqanları, Şahtaxtıda at dəfn olunan qəbir, 
Çalxanqala və Qobustandakı  bəzi kurqanlar qəbir avadanlığının zənginliyi ilə 
fərqlənir. 
İqtisadiyyatın intensiv inkişafı, xüsusilə, sənətkarlıq məmulatının artması 
və ticarət  əlaqələrinin genişlənməsi qədim  şəhərlərin formalaşmasına  şərait 
yaratmışdır. Bu tip yaşayış yerlərindən biri olan II Kültəpədə aparılan qazıntılar 
qədim  şəhərlər üçün xarakterik olan strukturların aşkar olunması ilə 
nəticələnmişdir. II Kültəpədə aparılan qazıntılar sənətkarların və müxtəlif 
peşələrlə məşğul olan istehsalçıların qala divarlarından kənarda məskunlaşdığını, 
eyni zamanda yaşayış binalarının daş döşənmiş küçələrlə bir-birindən ayrıldığını 
göstərmişdir. Qəbilə başçıları çox güman ki, yuxarıda qeyd edildiyi kimi, şəhərin 
mərkəzində yaşamışdır. 
Orta Tunc dövründə iqtisadiyyatın inkişafı  qəbilələr arasında münasi-
bətləri genişləndirdiyi kimi, tayfalar arasında ziddiyətləri də  dərinləşdirmişdir. 
Tayfalararası ziddiyyətlərin artması, xarici işğal təhlükəsi, iri tayfa birliklərinin 
formalaşması prosesini sürətləndirmişdir. Bununla bağlı olaraq, sənətkarlıq və 
ticarət mərkəzləri olan şəhərlər həm də böyük inzibati idarəetmə  mərkəzinə 
çevrilmişdir. Bu dövrdə Göytəpə,  Şahtaxtı, Üzərliktəpə  və Qaraköpəktəpə 
yaşayış yerlərinin  ətrafı müdafiə divarı ilə  əhatə edilmişdir. II Kültəpədə e.ə. 
XVII-XVI  əsrlərə aid qala divarının dağılması  və yanğın izləri, tayfalararası 
dağıdıcı müharibələrin olduğunu göstərir. Tayfalararası ziddiyyətlərin artması, 
insanların təbii cəhətdən müdafiə olunan mövqelərdə  məskən salmasına səbəb 
olmuşdur. Naxçıvanda Qazançıqala, Qalacıq, Vayxırqalası belə yerləşmələr 
nəticəsində yaranmışdır. Lakin qeyd etməliyik ki, bu qalaların divarları daha 
sonrakı dövrlərdə inşa edilmişdir. Fikrimizcə, haqqında danışılan dövr, Orta 
Tuncun sonu və Son Tuncun əvvəllərinə aiddir. Bu barədə gələcək fəsildə geniş 
məlumat veriləcəkdir. 
Orta Tunc dövründə baş verən iqtisadi-sosial dəyişikliklər, sinfi 
ziddiyyətlərin artması  şəhər-dövlətlərin formalaşmasına səbəb olmuşdur. 
Azərbaycanda  şəhər-dövlətlərin mövcudluğu, yalnız II Kültəpədə aparılan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə