Microsoft Word Sadi Bustan doc


S Ə K K İ Z İ N C İ    F Ə S İ L



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə22/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

 
128 
S Ə K K İ Z İ N C İ    F Ə S İ L 
 
SAĞLAMLIQ HAQQINDA 
 
DUSTAĞIN HALI 
 
Birini salmışdı darğa zindana, 
Məhbəs çox sıxıntı verirdi ona, 
Gecəni pərişan. Ürəyi xəstə, 
Dərdlə keçirirdi, qulağı səsdə. 
Birdən o yaxında kimsə inlədi, 
Dustaq bu naləni eşidib dedi: 
Sus, yetər, bu qədər eyləmə nalə, 
Söyləmə düşmüsən çıxılmaz halə. 
Şükr et, sarılmayıb qolların əbəs, 
Məskənin olmayıb qaranlıq məhbəs. 
Görəndə özündən dərdli, ələmli, 
Göstərmə özünü kədərli, qəmli. 
 
 SAĞLAM BƏDƏN 
 
Bal şirin eyləyər sağlam mizacı, 
Lakin can verənin deyil əlacı. 
Əgər bir insanda qalıbsa həyat, 
Ona fayda verər yediyi nabat. 
Hər kəsin bədəndə qalmasa qanı, 
Onu sağaldarmı həkim dərmanı? 
Hər kimin beynini əzibdir polad, 
Səndəl sürtsən, ona eyləməz imdad. 
Xətər qılıncını sanma əyləncə, 
Qəzanın önündə gəl açma pəncə. 
Həzmə versə yeyib-içməyi mədən, 
Saf olar ürəyin, sağ olar bədən. 
Əgər bir gün mədən pozulsa tamam, 
 
129
Bütün bədənini incidər təam. 
Mizac isti olur, soyuq, yaş, quru, 
Bu dörd şeylə artır gözünün nuru. 
Bu dörd şeydən biri göstərsə qüvvət, 
Bütün mizacını pozar təbiət. 
Küləktək əsməsə nəfəsin bir an, 
Mədən can evində qaldırar heycan. 
Mədə qazanında coşmasa xörək, 
Nazənin bədəni saxlamaz ürək. 
Ağıllı bir şeydə görsə ziddiyyət, 
Çəkinər o şeydən, eyləyər nifrət. 
Artmaz çox yeməkdən canın qüvvəti, 
Bədən pərvərişdən alır qüdrəti. 
 
 
 SUMNAT BÜTXANASINDA 
 
Bir gün səfər etdim mən Sumnata. 
Orda bir büt gördüm bənzər mənata. 
O büt qayrılmışdı fil sümüyündən, 
Qəlbi cəzb edirdi baxanda gendən. 
Böyük bir rəssamın mahir sənəti, 
Gözəl yaratmışdı həmən surəti. 
Bu ruhsuz surəti görməkçin hər an 
Axışıb gəlirdi nə qədər karvan. 
Çinin aşiqləri bu daş sənəmi 
Sədi tək sanırdı könül həmdəmi. 
Dillilər yığışıb gəlir hər yerdən, 
Kömək gözləyirdi o lal dilbərdən. 
Mənə təəccüblü göründü bu iş: 
Canlılar cansıza edir pərəstiş! 
Burda atəşpərəst bir dostum vardı, 
Mənə çox yaxındı,qəlbimə yardı. 
Yavaşca söylədim ona: bərəhmən, 


 
130 
Bu işdən olduqca heyrətdəyəm mən. 
Dilsiz bir sənəmə tapınır hamı, 
Belə cəhalətdə keçir əyyamı. 
Bütün əli yoxdur, ayağı yoxdur, 
Toxunsan yıxılar, dayağı yoxdur. 
Diqqət et gözünə, bax, kəhrəbadır. 
Bütdən vəfa ummaq məncə xətadır. 
Dostum alovlandı dediyim sözdən. 
Oldu birdən-birə o mənə düşmən. 
Atəşpərəstlərə eylədi xəbər, 
Dilin bəlasından çəkdim çox zərər. 
İtlər sümük üstə atılar necə, 
Gəbrlər üstümə cumdu öyləcə. 
Onlar əyri yolu düşünürdü düz, 
Qaranlıq gecəni sanırdı gündüz. 
Bu bir adətdir ki, arifi nadan 
Sanar özü kimi biliksiz insan. 
Suda boğulantək tapmadım çara, 
Dedim: qoy düşmənlə edim müdara. 
İstəsən sağ qalsın başın bədəndə, 
Təslim ol nadanı kinli görəndə. 
Həmən bərəhmənə dedim: ey ustad, 
Böyük şöhrətin var, qazanmısan ad. 
Açıq söyləyirəm, bu gözəl surət 
Oyadıb qəlbimdə böyük məhəbbət. 
Könüllər cəzb olur lətafətindən, 
Lakin xəbərsizəm kəramətindən. 
Bilirsən ki, qərib mənzildə insan 
Hər şeyi dərk edib düşünməz asan. 
Sənbu məbədgahın baş xadimisən. 
Bütün qüdrətindən, işindən desən, 
Bilsəm ki, nə möcüz göstərir sənəm, 
Ona mən pərəstiş edərəm hər dəm. 
Azğını qaytarar yola ibadət, 
 
131
Öyrənmək sayılır böyük səadət. 
Sevincdən açılıb dedi bərəhmən: 
Sənin sualını düz sanıram mən. 
Bilmədiyi şeyi soruşsa hər kəs
Mənzilə düz gedər, yolu itirməz. 
Saysız ölkələrə etmişəm səfər, 
Bütlər var özündən olur bixəbər, 
Bu bütsə göstərir çox möcüzələr, 
Əlini uzadır haqqa hər səhər. 
Gecəni burada qalmış olsaydın. 
Sirri gözlərinlə görərdin aydın. 
Qocanın sözüylə mən orda qaldım, 
Bijən tək özümü quyuya saldım. 
Qiyamət günütək uzun bir gecə 
Qəlbimi sıxmağa açmışdı pəncə. 
Odpərəstlər bilmir nədir dəstəmaz. 
Hamı dəstəmazsız qılırdı namaz. 
Keşişlər hamısı gəzirdi murdar. 
Sanki bilmirdilər dünyada su var. 
Sanki eyləmişdim böyük bir günah, 
Onunçun çəkirdim belə bir bəla. 
Oldum mən gecəni qəmə mübtəla, 
Əllərim göylərdə edirdim dua. 
Birdən təbil çalan təbili çaldı, 
Baqladı xoruzlar, səslər ucaldı. 
Gecənin zülmətli qaranlığından 
Gündüzün qılıncı sıyrıldı qından. 
Səhərin şəfəqi od kimi yandı, 
Üfüqlər qızılı rəngə boyandı. 
Elə bil döyüşə gəlmişdi tatar. 
Hücuma keçmişdi sanki ordular. 
Üzünü yumamış kirli gəbrlər. 
Çöllərdən, dağlardan gəldilər səhər. 
Yığışdı arvadlar, kişilər tamam


 
132 
Oldu bütxanada böyük izdiham. 
Dayanıb baxırdım qəlbimdə dərd, qəm. 
Gördüm ki, əlini qaldırdı sənəm. 
Böyük izdihamdan bir səs ucaldı. 
Elə bil ki, dəniz gurultu saldı. 
Adamlar dağılıb getdi evinə, 
Baxıb gülümsədi bərəhmən mənə. 
Dedi: işdə artıq müşkül qalmadı, 
Həqiqət göründü.batil qalmadı. 
Gördüm sarsılmazdır azğının cəhli, 
Düzəltmək çətindir belə naəhli. 
Haqq söz danışmağa etmədim cürət, 
Batildən gizlənsin gərək həqiqət. 
Görəndə zalımın qolunda güc var, 
Onunla vuruşmaq cəhalət olar. 
Hiylədən göstərdim özümü giryan, 
Dedim: əməlimdən olmuşam peşman. 
Artdı ağlamağa onların meyli, 
Daşları qoparar çayların seli. 
Kafirlər yanıma gəldi hörmətlə, 
Gülər üz göstərdi çox məhəbbətlə. 
Mən də üzr istədim onlardan yenə. 
Yaxınlaşdım bütün zərli təxtinə. 
Əyilib sənəmin öpdüm əlindən
Qəlbimdə bütlərə lənət dedim mən. 
Özümü bütpərəst göstərmək üçün 
Yalandan bütpərəst oldum üç-dörd gün. 
Gördüm bütxanada olmuşam əmin, 
Mən atdım daşını hər dərdin, qəmin. 
Bir gecə qapını bağladım bərk-bərk, 
Qaldım əqrəb kimi bütxanada tək. 
Mən taxtın altına salınca nəzər, 
Bir pərdə gördüm ki, tamam zər-zivər. 
Pərdənin ardında dayanıb biri, 
 
133
Tutmuşdu əlində uzun kəndiri. 
O zaman mənə bu sirr məlum oldu, 
Necə ki Davuda dəmir mum oldu. 
Mücavir çəkəndə kəndiri hərdəm, 
Əlini göylərə qaldırır sənəm. 
Bərəhmən görüncə məni utandı, 
Elə bil başına məbəd dolandı. 
Sonra qabağımdan qaçdı bərəhmən, 
Qovub bir quyuya saldım onu mən. 
Bildim ki, sağ qalsa tökülər qanım, 
Qanlı pəncəsindən qurtarmaz canım. 
Xainin işini duydunmu, dərhal 
Çalış fitnəkarı sən ayaqdan sal. 
Onu sağ buraxsan, bil ki, cahanda 
Qoymaz sağ qalasan səni bir an da. 
Qapında qaniçən etsə də xidmət, 
Gün gələr, məhv edər səni nəhayət. 
Hiyləgər insana uyma heç zaman, 
Qovdun, aman vermə ona bircə an. 
Xaini məhv etdim çıxmasın səsi, 
Məzara girənin qalmaz nəfəsi. 
Gördüm qoparmışam böyük bir qovğa, 
Qaçdım, dayanmadım daha mən orda. 
Əlinlə odlanıb əgər neyistan, 
Çəkin ki, üstünə düşməsin aslan. 
İlan balasını öldürsən, gerçək, 
O evdə qalmayıb köçəsən gərək. 
Arı yuvasına əlini vurma, 
Yuvanı dağıtdın, qaç, daha durma. 
Özündən çevikə ox atma əsla
Atdın, qaç, durma ki, görərsən bəla. 
Sədinin sözünü unutma bir də, 
Durma divar dibi qazdığın yerdə. 
Orda dayanmadım, qaçdım Hində mən, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə